Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Qrip zamanı yüksək hərarət və halsızlıq daha qabarıq olur”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova qurumun “İnstagram” səhifəsində keçirilən canlı yayımı zamanı deyib.
Pediatr bildirib ki, qrip virus mənşəli infeksiyadır və uşaqlarda bir sıra əlamətlərlə özünü göstərə bilər.
“Qripə yoluxduqda uşaqlarda qızdırma, halsızlıq, burun axıntısı, hətta boğaz nahiyəsində şişkinlik ola bilər. Uşaq yeməkdən imtina edə, udqunmaqda çətinlik çəkə bilər. Yüksək hərarət də uşağı haldan sala bilər”, - deyə Günay Salehova bildirib.
Dediyinə görə, soyuqdəymə zamanı isə əsasən burun axıntısı, asqırma, yüngül boğaz narahatlığı və halsızlıq müşahidə olunur. Bu hallarda yüksək hərarət adətən olmur.
Pediatr qeyd edib ki, soyuqdəymə zamanı uşağın vəziyyətinin yaxşılaşmasına bol maye qəbulu və vitaminlərlə zəngin meyvə-tərəvəzlərin rasiona daxil edilməsi kömək edə bilər.
“Sadəcə olaraq burun axıntısı, boğazda yüngül narahatlıq və halsızlıq meydana gələ bilər. Bunun qarşısını təbii yollarla almaq, uşağa bol maye vermək, bol mineral və vitaminlərlə zəngin tərəvəz və meyvələr verməklə uşağın vəziyyətini yaxşılaşdırmaq mümkündür”, - deyə pediatr bildirib.
Zeynəb Rzayeva