Qripdən necə qorunmaq olar? Bunları edin

01.02.2026

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son dövrlərdə ölkədə qrip infeksiyasına yoluxma halları geniş yayılıb. Bəs qripdən necə qorunmaq olar?
Demokrat.az "Yeni Sabah"a istinadən xəbər verir ki, mövsümi qripdən qorunmaq üçün profilaktik tədbirlər gündəlik həyat tərzindən başlayaraq, səhhəti daha davamlı qoruyan strateji addımlara qədər uzanır. 
Həmin tədbirlər arasında qripə qarşı vaxtında peyvənd olunmaq yer alır. 
Bu mövsüm üçün Səhiyyə Nazirliyi təhlükəsiz və yüksək keyfiyyətli qrip əleyhinə vaksinləri Azərbaycana gətirib və vaksinasiya kampaniyasına ötən ilin oktyabr ayından etibarən başlanılıb. Bu vaksinlər Fransada istehsal olunub və yüksək standartlara cavab verən preparatlardır. Məqsəd qrip virusunun payız–qış mövsümündə yayılmasını azaltmaq və cəmiyyətin sağlamlığını qorumaqdır.
Peyvənd, xüsusilə aşağıdakı qruplar üçün əsas qoruyucu tədbir sayılır: səhiyyə işçiləri, hamilə qadınlar, 65 yaş və yuxarı yaş həddi xroniki xəstəlikləri olan şəxslər. Bu qruplarda qrip daha ağır gedişata səbəb ola biləcəyindən, vaxtında peyvənd olunmaq infeksiyanın qarşısının alınmasında çox vacibdir.
Peyvənd bədənin immun sistemini qrip virusuna qarşı hazırlayır və xəstəliyə yoluxma ehtimalını azaldır. Təcrübədə peyvənd olunmuş şəxslərdə qripin ağırlaşma riski, xəstəxanaya düşmə və komplikasiyalar xeyli aşağı olur. Təkrar mutasiya edən qrip virusuna qarşı hər il yenilənmiş peyvəndlərin tətbiqi immuniteti mövsümə uyğunlaşdırır və qorunmanı gücləndirir. Bu, qrip virusunun dəyişkən təbiətinə qarşı ən effektiv müdafiədir.
Vaksinasiya bütün dövlət tibb müəssisələrində, yaşayış və ya iş yeri üzrə ambulator-poliklinik xidmət göstərən müəssisələrdə pulsuz aparılır. Bu, peyvəndlənmənin əlçatan olması və geniş əhali seqmentinin qorunması üçün vacib bir addımdır.
Qripdən qorunmaq yalnız peyvəndlə məhdudlaşmır. Əllərin tez-tez yuyulması, oxşar virus infeksiyalarında maska istifadəsi, sosial məsafəni qoruma və xəstə insanlarla yaxın təmasdan çəkinmək kimi gündəlik gigiyena qaydaları da infeksiyanın yayılmasını azaldır. Peyvəndlənmə bu tədbirlərlə birlikdə tətbiq olunduqda qripdən qorunmanın təsiri daha yüksək olur.
Qrip mövsümündə peyvənd strategiyası yalnız fərdi sağlamlığın deyil, ümumi ictimai sağlamlığın da qorunmasına xidmət edən ilk və əsas addımdır.
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью