Demokrat.az saytına istinadən Icma.az xəbər verir. Əhali, xüsusən də azyaşlılar arasında hazırda virus infeksiyaları yayılıb.
Qızdırma, boğaz ağrısı, ishal, qusma, iştahsızlıqla müşayiət olunan xəstəliyin əlamətləri qrip, soyuqdəymə ilə oxşar olduğundan valideynləri çaşdırır, bir çoxları həkimə müraciət etmədən evdə müalicəyə üstünlük verirlər.
Həkim-terapevt Şahvələd Məmmədov Demokrat.az-a açıqlamasında bunun təhlükəli hal kimi bəzən kiçik yaşlı uşaqların səhhətində ağırlaşmalara səbəb olduğunu deyib: "Səhhətində ağırlaşmalar olan uşaqlara rast gəlinir.
Səbəb budur ki, valideyn zamanında uşağı tibb müəssisəsinə aparıb həkim müayinəsindən keçirmir, xəstəliyi adi soyuqdəymə hesab edib özü bildiyi müalicələri edir, nəticədə düzgün tibbi müalicə aparılmır və bu da ağırlaşmalara gətirib çıxarır.
Hazırda yuxarı tənəffüs yollarının iltihabı xəstəliyi artıb.
Bu da qızdırma, boğaz ağrısı, boğazda qıcıqlanma, burun axması, öskürək, halsızlıqla müşayiət olunur.
Bəzi insanlarda, o cümlədən də uşaqlarda, kiçik yaşlılarda iştahsızlıq, qarın ağrısı, qusma, mədə-bağırsaq problemləri yaradır.
Bu, insanları həddindən artıq halsızlaşdırır, zəiflədir. Bu cür halları yaradan adi soyuqdəymə deyil, virus mənşəli infeksiyalardır.