Qubada ilk Regional EXPO baş tutub

22.05.2026

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Quba Olimpiya Kompleksində ilk Regional EXPO sərgisi baş tutub.

MÜSİAD, TECHERA və Quba İş Adamları Dərnəyinin (QİAD) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Quba və ətraf rayonlardan biznes, innovasiya, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarını təmsil edən 130 müəssisə və təşkilat öz məhsul və xidmətlərini təqdim etmək üçün stendlərlə iştirak edib. 

Tədbirin açılış mərasimində dövlət qurumlarının nümayəndələri, iş adamları, investorlar, diplomatik korpus nümayəndələri və ictimaiyyət təmsilçiləri regionların iqtisadi inkişafı, investisiya imkanları və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən bəhs etdilər.

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxışında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən danışıb. O, Quba rayonunun turizm, aqrar sektor və investisiya imkanları baxımından ölkənin perspektivli regionlarından biri olduğunu qeyd edib.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Ticarət üzrə Baş Müşaviri Gülizar Yavaş tədbirdə çıxışında Azərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərindən danışdı. O, bu kimi tədbirlərin gələcəkdə regional çərçivədən çıxaraq beynəlxalq biznes platformalarına çevriləcəyinə inandığını bildirdi.

Milli Məclisinin deputatı Əlibala Məhərrəmzadə də çıxışında regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından bəhs etdi. Millət vəkili sahibkarlığın genişləndirilməsinin ölkənin dayanıqlı iqtisadi inkişafında mühüm rol oynadığını bildirdi.

Milli Məclisinin deputatı Müşfiq Məmmədli isə çıxışında gənclərin məşğulluğu və peşəkar inkişaf imkanlarının artırılmasının vacibliyini vurğuladı. M.Məmmədli regionlarda keçirilən biznes və təhsil yönümlü layihələrin əhəmiyyətini qeyd edib.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan çıxış edərək rəhbərlik etdiyi təşkilatın Azərbaycanın bütün regionlarında EXPO sərgilərin təşkilinə bilavasitə dəstək verməyi hədəflədiyini vurğulayıb. Fuat Kayhan MÜSİAD-ın 84 ölkədə fəaliyyət göstərən şöbələri ilə mövcud əlaqələrdən istifadə edərək Azərbaycanın aqrar sahədə texnoloji inkişafa nail olması üçün öz səylərini göstəcəyini vurğulayıb. 

QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov isə sahibkarların vahid platformada bir araya gəlməsinin biznes əlaqələrinin inkişafına töhfə verdiyini qeyd edib. O, QİAD olaraq regional biznes təşəbbüslərinin dəstəklənməsinin əsas prioritetlərdən biri olduğunu vurğuladı.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Ülvi Abasquliyev çıxışında əmək bazarının inkişafı və peşə hazırlığı proqramları barədə məlumat verib. Sədr müavini işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin məşğulluğun artırılmasına xidmət etdiyini bildirdi.

Rəsmi açılışdan sonra sərgi zonası ilə tanışlıq baş tutub.

Tədbir çərçivəsində İlqar Mahmudov ilə investorlar arasında B2G (Business to Government) formatında görüş keçirilib. Görüş zamanı regionun investisiya potensialı, sahibkarlığın inkişaf perspektivləri, yeni biznes təşəbbüsləri və dövlət-biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Gün ərzində sərgini təxminən 10 min nəfər ziyarət edib.

Qeyd edək ki, Regional EXPO layihəsinin növbəti mərhələsinin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır. Növbəti tədbirin daha geniş iştirakçı və ziyarətçi auditoriyasını bir araya gətirərək regionlararası iqtisadi əməkdaşlığın inkişafına əlavə töhfə verməsi gözlənilir.

❮ ❯

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью