Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan xalqının tarixində milli qürur və iftixar mənbəyinə çevrilən əlamətdar günlərdən biri də 25 Oktyabr – Qubadlı şəhəri günüdür. Bu tarix xalqımızın birliyini, Vətənə bağlılığını və tarixi torpaqlarına qayıdış əzmini təcəssüm etdirir, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsinin şanlı səhifələrindən biri kimi yadda qalır. Qubadlı Azərbaycanın qədim yaşayış məskənlərindən biri olmaqla, zəngin tarixi, mədəniyyəti və füsunkar təbiəti ilə seçilir. Bu diyarın hər qarışı xalqımızın milli-mənəvi dəyərlərini, doğma torpağa bağlılığını və tarixi yaddaşını özündə yaşadır.1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Qubadlı uzun illər ağır fəsadlarla üzləşdi. Rayonun əhalisi doğma evlərini tərk etmək məcburiyyətində qaldı, yaşayış məntəqələri, sosial obyektlər və tarixi-mədəni irs ciddi dağıntılara məruz qaldı. Lakin qubadlılılar doğma torpaqlarına qayıdacaqlarına və tarixi ədalətin bərpa olunacağına inamlarını itirmədilər.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi xalqımızın tarixində yeni mərhələnin əsasını qoydu. Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu qələbə Vətən müharibəsinin mühüm hərbi-strateji uğurlarından biri olmaqla, xalqımızın sarsılmaz iradəsini və ordumuzun gücünü bir daha nümayiş etdirdi.
Qubadlı şəhərinin azad olunması doğma yurd həsrəti ilə yaşayan sakinlərin qayıdış ümidlərini gerçəkləşdirmək üçün zəmin yaratdı. Bu Zəfər şəhidlərimizin canı, qazilərimizin fədakarlığı və hərbçilərimizin qəhrəmanlığı hesabına əldə olundu. 2020-ci il noyabrın 26-da təsis edilən “Qubadlının azad olunmasına görə” medalı da şəhərin azadlığı uğrunda döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların xidmətlərinin qiymətləndirilməsinə xidmət edir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qubadlıda infrastrukturun yenilənməsi, yaşayış məntəqələrinin bərpası və sakinlərin doğma yurdlarına qayıdışının təmin edilməsi istiqamətində tədbirlər görülür. Şəhərdə ilk yaşayış məhəlləsinin tikintisinə başlanılması Qubadlının yenidən qurulması və müasir yaşayış məkanına çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış prosesi işğaldan azad edilmiş ərazilərin dirçəldilməsinə, sakinlərin doğma torpaqlarında məskunlaşmasına və bölgənin sosial-iqtisadi inkişafına xidmət edir. Qubadlıda aparılan quruculuq işləri də Azərbaycanın tarixi Zəfərdən sonra qarşıya qoyduğu məqsədlərin ardıcıl şəkildə həyata keçirilməsinin göstəricisidir.
25 Oktyabr – Qubadlı şəhəri günü xalqımızın milli qürurunu, birliyini və doğma torpaqlara sarsılmaz bağlılığını ifadə edir. Bu gün azadlığın, dirçəlişin və qayıdışın rəmzi olan Qubadlı gələcəyə inamla irəliləyir. Şəhərin yenidən qurulması Azərbaycanın tarixi Zəfərinin davamını və Böyük Qayıdışın uğurla həyata keçirilməsi istiqamətində atılan addımları əks etdirir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri