Qubadlı döyüşlərinin cəsur sülhməramlısı

20.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər Azərbaycan Silahlı Qüvvələrinin hər bir əsgər və zabitinin müqəddəs qanı, misilsiz fədakarlığı hesabına tariximizə yazıldı. Sülhməramlı Qüvvələrin tərkibində beynəlxalq missiyalarda ölkəmizi ləyaqətlə təmsil etmiş, müharibənin ilk günlərindən ön cəbhədə vuruşaraq oktyabrın 20-də Qubadlı istiqamətində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdan biri də Elsevər Paşayevdir.

Paşayev Elsevər Vaqif oğlu - 1988-ci il iyul ayının 1-də Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. 1994-cü ildə Cəbrayıl rayon 21 saylı ümumi orta məktəbin 1-ci sinfinə daxil olub, 2003-cü ildə həmin məktəbin ümumi orta təhsil pilləsini bitirmişdir. 2003-2006-cı illərdə təhsilini C.Naxçıvanski adına hərbi liseydə davam etdirmişdir. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə daxil olmuş və 2010-cu ildə həmin məktəbi moto-atıcı ixtisası üzrə bitirmişdir. 2011-2013-cü illərdə N saylı hərbi hissədə taqım komandiri, 2013-2018-ci illərdə taqım komandiri – bölük komandiri vəzifələrində xidmət etmişdir.

Qəlbi vətən eşqi ilə döyünən Elsevər sanki hərbiçi doğulmuşdur. Beş xarici dil bilirdi. Xarici ölkələrdə xarici hərbiçilərə hərbi təlimlər keçmişdir. Əfqanıstanda Azərbaycandan gedən Sülhməramlıların komandiri olmuşdur. 2014-cü ildə NATO təlimində iştirak üçün Bolqarıstanda, 2015-ci ildə snayper atıcı kursunda iştirak etmək üçün Türkiyə Respublikasında, 2019-cu il Böyük Britaniya krallığında, Çexiyada, Almaniyada və 2019-cu ilin dekabrın 11-dən 2020-ci ilin iyulun 1-nə kimi Əfqanıstanda təlimlərdə iştirak edib. 

Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında 400-ə yaxın əsgərimizi mühasirədən çıxaran E. Paşayev Xudafərin körpüsünə Azərbaycan bayrağını sancmışdır. 

25 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonunun azadlığı uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci Fəxri xiyabanda dəfn edilmişdir. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə mayor Paşayev Elsevər Vaqif oğlu ölümündən sonra “Qarabağ” ordeni, "Vətən Uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Qubadlının azad olunmasına görə” medalları ilə də təltif edilmişdir. 

Müşfiq MİRZƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью