Qubadlı: Tarixi Zəfərdən Böyük Qayıdışa və gələcəyin quruculuğuna

25.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Millət vəkili Bəxtiyar Əliyevin 25 oktyabr — Qubadlı şəhəri günü münasibəti ilə sosial şəbəkədə paylaşdlğı məqalə Qubadlının tarixi Zəfərdən Böyük Qayıdışa uzanan yolunu əks etdirən milli yaddaşın, doğma yurda bağlılığın və gələcəyə inamın ifadəsi kimi diqqət çəkir. Müəllif hərbi qələbənin tarixi əhəmiyyətini, şəhidlərimizin qəhrəmanlığını və azad edilmiş torpaqlarda quruculuq prosesinin mahiyyətini dolğun şəkildə təqdim edir. Yazıda Qubadlının dirçəlişi yalnız fiziki bərpa deyil, həm də insanların öz doğma yurdları ilə yenidən mənəvi bağ qurması kimi dəyərləndirilir. Məqalənin aktuallığını nəzərə alaraq oxucularımıza təqdim edirik.

25 oktyabr — Qubadlı şəhəri günü Azərbaycanın müasir tarixində hərbi qələbənin, milli iradənin və doğma yurda bağlılığın birləşdiyi əlamətdar tarixdir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli müvafiq sərəncamı ilə 25 oktyabrın Qubadlı Şəhəri Günü kimi təsis edilməsi bu tarixi günün milli yaddaşımızda və dövlətçilik tariximizdəki əhəmiyyətini daha da möhkəmləndirib. Hər il qeyd olunan bu əlamətdar gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin tarixi Zəfərini, Azərbaycan xalqının sarsılmaz iradəsini, rəşadətli Ordumuzun qəhrəmanlığını və dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizəni təcəssüm etdirir. Bu gün Qubadlının azadlığını qeyd etməklə yanaşı, uzun illər doğma torpağından ayrı düşmüş insanların həyatında açılan yeni səhifənin mənasını da düşünürük.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri bu tarixi hadisənin mahiyyətini dəqiq ifadə edir: “Qubadlıya öz sahibləri qayıdıb”. Bu fikirdə torpaqla insan, dövlətlə vətəndaş, tarixi yaddaşla gələcək arasında dərin bağlılıq var. Doğma yurd insan üçün evlərin, küçələrin və təbiət mənzərələrinin cəmindən daha geniş məna daşıyır. Yurd insanın uşaqlığı, ailə yaddaşı, mənsubiyyət hissi və həyat hekayəsinin ayrılmaz hissəsidir.

1993-cü il avqustun 31-də Ermənistan tərəfindən işğal edilmiş Qubadlının 2020-ci il oktyabrın 25-də azad olunması Vətən müharibəsinin mühüm mərhələlərindən biri oldu. Mürəkkəb relyef, şəhərə hakim yüksəkliklər və möhkəmləndirilmiş mövqelər bu əməliyyatın yüksək peşəkarlıq və fədakarlıq tələb etdiyini göstərirdi.

Rəşadətli Azərbaycan Ordusunun qazandığı qələbə həm hərbi əməliyyatların sonrakı gedişi, həm də xalqımızın öz gücünə inamının möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıdı. Bu Zəfərin təməlində Prezident İlham Əliyevin rəhbərliyi, Ordumuzun döyüş qabiliyyəti və xalqımızın birliyi dayanırdı. Qubadlı şəhəri günündə şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və azadlıq uğrunda mübarizə aparmış bütün hərbçilərimizə minnətdarlığımızı bildiririk. 

Erməni vandalları işğal dövründə Qubadlı şəhərini və kəndlərini yer üzündən sildilər. İşğalın nəticələri yaşayış evlərinin, yolların və sosial obyektlərin dağıdılması ilə məhdudlaşmırdı. İnsanların gündəlik həyatının ahəngi pozulmuş, qonşuluq əlaqələri parçalanmış, nəsillərin doğma məkanla birbaşa təması kəsilmişdi.
Buna görə Qubadlının bərpasının uğuru insanların burada təhlükəsiz yaşamaq, işləmək, təhsil almaq və gələcəklərini planlaşdırmaq imkanları ilə ölçülməlidir. Yaşayış məhəllələri, məktəblər, səhiyyə müəssisələri, enerji və nəqliyyat infrastrukturu bu imkanları yaradan vahid həyat mühitinin hissələridir.

Qubadlının 2040-cı ilədək inkişafına dair Baş planın qəbul edilməsi də şəhərin gələcəyinin uzunmüddətli planlaşdırılması baxımından əhəmiyyətlidir. Bu yanaşmada iqtisadi inkişaf, təbii mühitin qorunması və insanların gündəlik ehtiyacları bir-birini tamamlamalıdır. 

Psixoloji baxımdan doğma yurda qayıdış insanın öz həyat hekayəsi ilə yenidən bağ qurmasıdır. Qubadlı şəhəri tarixi yaddaşını qoruyan, təbii zənginliklərinə sahib çıxan və insanlarına inkişaf imkanları yaradan şəhər kimi yenidən qurulur.

25 oktyabr bizə azadlığın hansı fədakarlıqla qazanıldığını xatırladır və bu azadlığı firavan həyata çevirmək məsuliyyətini aşılayır. Qubadlıları bu tarixi gün münasibətilə təbrik edir, doğma şəhərdə xoşbəxt, firavan həyat arzulayıram!

Qarabağ Azərbaycandır!

                                                                                                     

Bəxtiyar Əliyev,

Millət vəkili, 

Milli Məclisin Elm və təhsil komitəsinin sədri 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью