Qubadlının azadlıq salnaməsi

23.10.2026

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bəzi tarixlər var ki, xalqın yaddaşında yalnız bir gün kimi deyil, qürur, qəhrəmanlıq və azadlıq rəmzi kimi yaşayır. Oktyabrın 25-i də Azərbaycan xalqı üçün məhz belə əlamətdar günlərdən biridir. Bu tarix Qubadlı şəhərinin işğaldan azad edildiyi və doğma torpaqda üçrəngli bayrağımızın yenidən dalğalandığı gün kimi tariximizə həkk olunub.
1993-cü il avqustun 31-də işğal altına düşən Qubadlı uzun illər doğma sakinlərinin qayıdışını gözlədi. Lakin illərlə davam edən həsrət 2020-ci ilin payızında baş verən tarixi hadisələrlə sona yaxınlaşdı.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun Cəbrayıl və Zəngilan istiqamətlərində əldə etdiyi uğurlar Qubadlıya doğru irəliləyiş üçün mühüm şərait yaratdı. Çətin relyefə və güclü müdafiə mövqelərinə baxmayaraq, hərbçilərimiz yüksək peşəkarlıq, qətiyyət və qəhrəmanlıq nümayiş etdirdilər.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələlərdən biri oldu. Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə Vətən sevgisini canından üstün tutan qəhrəmanlarımızın fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacaq.
Qubadlının azad edilməsi yalnız hərbi qələbə deyildi. Bu, illərlə yurd həsrəti çəkən insanların doğma torpaqlarına qayıdacağına, şəhərin yenidən qurulacağına və burada həyatın canlanacağına olan inamın təntənəsi idi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə, o cümlədən Qubadlı rayonuna səfərləri bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə xüsusi diqqətin göstəricisidir. Dövlət başçısının Qubadlıya səfərləri zamanı mühüm layihələrin təməlqoyma mərasimlərinin keçirilməsi, yeni infrastruktur obyektlərinin təqdim olunması və gələcək inkişaf planlarının müəyyənləşdirilməsi rayonun sürətli dirçəlişinə böyük təkan verib.
Bu gün Qubadlıda aparılan bərpa və quruculuq işləri gələcəyə yönəlmiş yeni mərhələnin əsasını təşkil edir. Yaşayış məntəqələrinin yenidən qurulması, infrastrukturun inkişafı və Böyük Qayıdış prosesinin həyata keçirilməsi doğma yurdda həyatın bərpasına xidmət edir. Qubadlıda təməli qoyulan yeni layihələr şəhərin müasir, abad və dayanıqlı yaşayış məkanına çevrilməsinə hesablanıb.
Qubadlı Şəhəri Günü bizə bir həqiqəti xatırladır: torpağa bağlılıq, milli birlik və Vətən sevgisi xalqın ən böyük gücüdür.
25 oktyabr Qubadlının azadlığını, qəhrəmanlarımızın fədakarlığını və yenidən dirçələn yurdumuzun gələcəyə inamını təcəssüm etdirən əlamətdar tarixdir.
Qubadlıya canları ilə yol açan şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Qubadlı Şəhəri Günümüz mübarək!

Vüsal Eminbəyli

AMEA-nın Gəncə Bölməsinin əməkdaşı
YAP Gəncə şəhər 2 saylı ərazi partiya təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью