Qüdrət Həsənquliyev Ərdoğanın Zəfər Günü səfərinin əhəmiyyətindən danışdı

05.11.2026

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırdığını açıqlayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevlə sıx təmasların davam etdiyini vurğulayaraq iki ölkə arasındakı münasibətlərin klassik diplomatik əlaqələrdən daha üstün olduğunu bildirib.

Ərdoğanın bu açıqlaması fonunda Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin regional proseslərə təsiri, qarşıdakı dövrdə əməkdaşlığın hansı istiqamətlərdə genişlənə biləcəyi və gözlənilən səfərin siyasi əhəmiyyəti diqqət çəkir.

Maraqlıdır, Rəcəb Tayyib Ərdoğanın məhz Zəfər Günü münasibətilə Azərbaycana səfər etmək niyyətini açıqlaması və iki ölkə münasibətlərini klassik diplomatik təmaslardan daha üstün səviyyədə xarakterizə etməsi hansı siyasi mesajları ehtiva edir?

Hazırkı geosiyasi şəraitdə, xüsusilə Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik reallıqlarının formalaşdığı bir vaxtda bu səfər Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə hansı əlavə impulsu verə və regional proseslərdə hansı yeni əməkdaşlıq imkanlarını gündəmə gətirə bilər?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev açıqlama verib. 

Deputat qeyd edib ki, ümid edək ki, bu səfər baş tutacaq. Bu, bir daha həm region dövlətlərinə, həm də dünya birliyinə mühüm mesaj olacaq:

"Azərbaycan-Türkiyə dostluğu sarsılmazdır. Biz təbii müttəfiqlərik, eyni xalqın nümayəndələriyik. Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə deməkdir. Biz yaxşı gündə də, çətin gündə də bir yerdəyik. Sevincimiz də birdir, kədərimiz də. Çünki biz bir millətik.

Bu baxımdan, hörmətli Rəcəb Tayyib Ərdoğanın Qarabağa səfər edərək Azərbaycan Prezidenti ilə birlikdə Zəfər Gününü qeyd etməsi olduqca təqdirəlayiq hadisə olardı. 

Hesab edirəm ki, belə bir görüş mövcud fikir ayrılıqlarının aradan qaldırılmasına da töhfə verəcək, Azərbaycan-Türkiyə qardaşlığını və müttəfiqliyini daha da möhkəmləndirərək münasibətlərimizə yeni impuls qazandıracaq.

Bu səfər eyni zamanda Türk dövlətləri arasında həmrəyliyin güclənməsinə, birliyin daha da möhkəmlənməsinə xidmət edəcək. Çünki Azərbaycan Türkiyə ilə Mərkəzi Asiyada yerləşən digər türk dövlətləri arasında mühüm körpü rolunu oynayır. 

Əslində, Türk dünyasının mərkəzi və birləşdirici həlqələrindən biri məhz Azərbaycandır.

Bu səbəbdən belə bir səfər və görüş Türk dövlətləri tərəfindən də böyük məmnunluqla qarşılanacaq.

Dostlarımız sevinəcək, bədxahlarımız isə məyus olacaqlar.

Allah xalqımızı daim sevindirsin, Türkün bayrağını hər zaman yüksəklərdə etsin!

Pərvin Şakirqızı 

Moderator.az/ Redaktor 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью