Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.
Dövlət müstəqilliyinin möhkəmlənməsi və cəmiyyətin vahid amal ətrafında səfərbər olması prosesində siyasi təsisatların rolu əvəzsizdir. 1992-ci ildə ölkənin üzləşdiyi dərin böhran və qeyri-sabitlik şəraitində ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa zamanda ümumxalq rəğbəti qazanaraq dövlətçiliyimizin xilası və tərəqqisi naminə mühüm vəzifələri üzərinə götürdü. Arxada qalan 34 il sübut etdi ki, bu təşkilat xalqın iradəsini ifadə edən və ölkənin strateji hədəflərini gerçəkləşdirən əsas siyasi qüvvədir.
Təşkilatın ideya-siyasi xətti Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu strategiyasından güc alır. Hələ ötən yüzilliyin 70–80-ci illərində respublikanın iqtisadi əsaslarının yaradılması, təhsil və mədəniyyət müəssisələrinin inkişafı, milli mütəxəssislərin yetişdirilməsi müstəqil gələcəyə hesablanmış ardıcıl siyasətin tərkib hissəsi idi. Azərbaycan dilinin dövlət dili statusunun qorunması və 1990-cı ildə üçrəngli bayrağımızın dövlət rəmzi kimi qəbul edilməsi milli özünüdərk yolunda atılan taleyüklü addımlar oldu. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis edilməsi isə bu milli oyanışı vahid siyasi təşkilat çərçivəsində birləşdirdi. Hakimiyyətə gəldikdən sonra partiya ölkədə əmin-amanlığı bərpa etdi, qlobal neft strategiyasının icrasına başladı və dövlətimizin beynəlxalq mövqelərini möhkəmləndirdi.
Müasir dövrdə bu siyasi kurs Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İqtisadiyyatın şaxələndirilməsi, bölgələrin tarazlı inkişafı, müasir infrastruktur layihələri və güclü müdafiə potensialının formalaşdırılması Azərbaycanı regionun lider dövlətinə çevirmişdir. Bu məqsədyönlü fəaliyyətin ən ali nəticəsi isə ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edilməsi olmuşdur. Bu gün partiya öz sıralarında geniş ictimai təbəqələri birləşdirərək müasir idarəetmənin təkmilləşdirilməsinə, gənclərin dövlətçilik ruhunda formalaşmasına, ideoloji dayanıqlığın qorunmasına və işğaldan azad edilmiş yurd yerlərimizin dirçəldilməsinə mühüm töhfələr verir.
34 illik fəaliyyət dövründə daim dövlət maraqlarını və vətəndaş rifahını ön planda tutan Yeni Azərbaycan Partiyası bundan sonra da milli birliyin qorunması və müstəqil Azərbaycanın daha qüdrətli gələcəyi naminə öz siyasi missiyasını uğurla davam etdirəcəkdir.
Jalə Həsənova
YAP Yevlax rayon təşkilatının fəalı