Qüdrətli Ordunun Zəfər Salnaməsi

24.06.2026

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələlərdən birini təşkil edən 26 İyun – Silahlı Qüvvələr Günü ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün və hərbi qüdrətinin təcəssümüdür. Bu gün Azərbaycan Ordusu yalnız dövlətimizin təhlükəsizliyinin təminatçısı deyil, həm də xalqımızın milli qürur mənbəyi, müstəqilliyimizin sarsılmaz dayağıdır.
Müasir, yüksək döyüş hazırlığına malik və ən son texnologiyalarla təchiz olunmuş Azərbaycan Silahlı Qüvvələrinin bugünkü gücü Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir.
Azərbaycanın hərbi quruculuq ənənələri Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1918-ci il iyunun 26-da hökumətin qərarı ilə ilk əlahiddə Azərbaycan korpusu yaradıldı və bununla da milli ordunun formalaşdırılmasının əsası qoyuldu.
Müstəqilliyin bərpasından sonra isə Azərbaycan Ordusu ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunması missiyasını öz üzərinə götürdü. Tarixin bütün mərhələlərində Ordumuz müdafiə xarakterli fəaliyyət göstərərək xalqın və dövlətin maraqlarının keşiyində dayanıb.
Azərbaycanda müasir və peşəkar ordunun formalaşması isə bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet dövründə, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması gələcək milli zabit kadrlarının hazırlanmasına hesablanmış uzaqgörən addım idi. Sonrakı illərdə həmin məktəbin məzunları müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin formalaşmasında mühüm rol oynadılar.
1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə hökm sürən siyasi böhranı aradan qaldırmaqla yanaşı, nizami ordu quruculuğunu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirdi. Dağınıq silahlı dəstələr ləğv edildi, vahid komandanlıq sistemi yaradıldı, hərbi intizam bərpa olundu və Silahlı Qüvvələrin hüquqi bazası formalaşdırıldı.
Ulu Öndərin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun tarixi rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Milli Ordunun tarixi varisliyi bərpa olundu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət başçısının "Güclü iqtisadiyyat güclü ordu deməkdir" prinsipi əsasında həyata keçirilən siyasət nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əsaslı şəkildə möhkəmləndirildi, hərbi büdcə dəfələrlə artırıldı, müasir silah və texnikalar alındı.
Azərbaycan Ordusu müasir pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli raket sistemləri, hava hücumundan müdafiə vasitələri və digər qabaqcıl texnologiyalarla təchiz edildi.
Azərbaycan Ordusunun qarşısında duran ən mühüm vəzifə torpaqlarımızın işğaldan azad edilməsi idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının şanlı qəhrəmanlıq salnaməsinə çevrildi.
44 gün davam edən müharibə nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, yüzlərlə kənd və strateji yüksəkliklər işğaldan azad edildi. 8 noyabr 2020-ci ildə Şuşa şəhərinin azad olunması müharibənin taleyini həll edən tarixi hadisə kimi Azərbaycanın Zəfər rəmzinə çevrildi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyi bütün ərazisində tam təmin olundu. Bununla da beynəlxalq hüququn norma və prinsipləri bərpa edildi, ölkəmizin qarşısında duran tarixi missiya uğurla başa çatdırıldı.
Bu gün Azərbaycan xalqı 26 İyun – Silahlı Qüvvələr Gününü qalib xalq kimi böyük qürur hissi ilə qeyd edir.
Əminəm ki, müstəqil Azərbaycanın təhlükəsizliyinin etibarlı təminatçısı olan Silahlı Qüvvələrimiz bundan sonra da dövlətimizin suverenliyinin, ərazi bütövlüyünün, milli maraqlarının keşiyində qətiyyətlə dayanacaq və yeni uğurlara imza atacaqdır.
Tahir Süleymanov,
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью