futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünən DÇ-nin ilk sensasiyası Kabo Verdenin favorit İspaniyadan xal alması oldu (0:0).
Mundialın yeni reqlamentini qınayanlar bu cür kiçik, futbol izi olmayan ölkələrin iştirakına qısqanclıqla yanaşırdı.
Klassika tərəfdarları özü bilər, ancaq Kabo Verde kimi sürprizlər dünyanın ən irimiqyaslı futbol yarışına xüsusi rəng qatmağı bacarır.
Tarixində ilk dəfə Dünya Çempionatına qatılan “mavi köpəkbalıqları” dünya çempionu, dördqat Avropa çempionunu qolsuz yola salmağı bacardı.
Azərbaycan millisi isə FIFA reytinqinin sonuncu (211) pilləsində olan San Marinonu kəlləmayallaq futbol ilə birtəhər udanda (2:1) 80-ci dəqiqədən sonra vaxtı uzatmağın yollarını axtarırdı…
***
Kabo Verde Atlantik okeanının Seneqal sahillərindən 600 km. qərbə doğru, adalardan ibarət ölkədir. Afrikanı təmsil etsə də, vaxtilə Portuqaliya müstəmləkəsi olduğuna görə əsasən portuqallar və braziliyalılardan təşkil olunub. Müstəqil dövlət kimi cəmi 50 yaşı var.
Təbii sərvətləri yoxdur, büdcənin əsas gəlir mənbəyi turizmdir.
Millinin oyunçuları elə də tanınan klublarda oynamır. Ən bahalı futbolçusu Loqan Kostadır (15 milyon avro). DÇ-də yaş ortalaması ən yuxarı olan milli komandalardan biridir: “kreollar”ın qapıçısı Vojinya 40 yaşındadır.
Afrikadan mundiala vəsiqə qazanmış ölkələr içində iki ən kasıb federasiyadan biri…
Bütün göstəricilər İspaniyadan xal almaq üçün ziddiyyət təşkil edir, di gəl, bunu bacardılar.
***
Kabo Verdenin futbol ənənəsi kimi, zəngin tarixi keçmişi də yoxdur. Adalar XV əsrdə portuqallar tərəfindən kəşf olunanda orada yaşayış yox idi. Sonradan Afrika ilə Amerika arasında qul ticarətinin mərkəzlərindən birinə çevrildi…
Halbuki həmin əsrlərdə bizim tərəflərdə İzəddin Həsənoğlu ana dilində şeir yazır, Şah İsmayıl Xətai imperiya qurur, Füzuli isə eşqdən rindü-şeyda olurdu və s.
***
Kabo Verde əsasən vulkanik süxurlardan ibarətdir və deməli, əkinçilik, maldarlıq inkişaf edə bilməz. Biz bu baxımdan da korluq çəkməmişik.
Bəs nə azzardı ki, futbol oynaya bilmirik?!
FIFA reytinqində 161-ci olan Maltaya 0:2 uduzuruq…
Sentyabrda Millətlər Liqasında Lixtenşteynə qarşı (hansı ki Kabo Verde onları 2022-də 6:0 məğlub etmişdi) nəyi necə edəcəyimizi götür-qoy edirik, Litvaya qarşı isə indidən, “vay dədə vay” başlayıb.
***
2000-ci ildə FIFA reytinqində ən dibi (181-ci yer) görən Kabo Verde o vaxtdan yalnız inkişaf edib və indi 67-ci pillədədir.
Ərazisi Azərbaycandan iki dəfə kiçik, əhalisi isə Sumqayıt qədər olan “kreollar” da Kurasao kimi, DÇ-yə çıxmaqla bütün dünyaya tanındı.
Bundan sonra turizmi daha da çiçəklənər, ölkə büdcəsi güclənər. Cırtdan futbol millisinə bax, ölkəsinin büdcəsinə fayda verir.
Bizim sanmarinodan qorxanlar isə “büdcə gəmiriciləri” funksiyasını canla-başla icra etməkdədir.
***
Neqativi dağıtmaq üçün məlahətli səsinə vurğun olduğum dünyaca sevimli müğənni Çezaria Evoranın ifasına qulaq asım. Kabo Verde o balaca imkanlarıyla dünyaya belə bir düha da bəxş edib…
Elçin Cəlilov