QULU AĞSƏSDƏN YENİ ŞEİR Canım Vətən...

21.12.2024

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qulu AĞSƏS

***

Canım Vətən,

səninlə

düz-əməlli kəlmə kəsməmişik

indiyətən,

kəssək, soruşardım:

yenəmi Arazla suvarılır

ədəbiyyat zəmin,

niyə süngülərin

yalın ayaqla qalxdığı

Ruh yüksəkliyinə

hazır maşınla çıxa bilmir

heç kəsin qələmi?!

Canım Vətən,

adamların başına darısı,

bircə bitkilər bilir fanidi həyat

diriykən torpağa basdırır yarısın...

Canım Vətən,

elə bilmə, görmədim,

şəhid evində

(bayraqdan başqa!)

hər şey köhnədi...

Canım Vətən,

and olsun ikinizin canına,

burdan başqa heç harda yoxdu

göz dəyməsin deyə

şikəst balasının

başına duz çevirən ana...

Səni necə qurmuşuq,

canım Vətən:

bir vətən daş altdan,

bir vətən daş üstdən!..

Hərdən aramız dəyir

“niyə”sini indi deyirəm:

sən

vətənpərvər şeir istəyirsən,

mən

şeirpərvər vətən istəyirəm,

canım Vətən...

MİA.AZ                          

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью