“Qumar oyunlarının internet üzərindən də təşkili cinayət məsuliyyəti yaradacaq“ Deputat

30.06.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Son illər iqtisadi fəaliyyət sahəsində bir sıra cinayət əməllərinin dekriminallaşdırılması istiqamətində mühüm addımlar atılıb".

Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin bugünkü plenar iclasında Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Əli Hüseynlinin sözlərinə görə, qanun layihəsində iqtisadi fəaliyyət sahəsində törədilən bəzi cinayətlərlə bağlı hüquqi tənzimləmənin daha çevik və humanist prinsiplər əsasında təkmilləşdirilməsi nəzərdə tutulur.

Belə ki, təklif olunan dəyişikliklərə əsasən, cinayət nəticəsində dəymiş zərər tam şəkildə ödənildiyi halda, əlavə olaraq əldə edilmiş gəlirin əvvəlki kimi tam məbləği deyil, yalnız 50 faizi həcmində vəsait dövlət büdcəsinə köçürüldükdə şəxs cinayət məsuliyyətindən tam azad ediləcək. Hazırda qüvvədə olan normalara əsasən isə vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, əldə edilmiş gəlirin bir misli həcmində əlavə ödəniş tələb olunur. Yeni mexanizm həmin maliyyə yükünün iki dəfə azaldılmasını nəzərdə tutur.

Deputat bu yanaşmanı iqtisadi fəaliyyət sahəsində baş verən hüquqpozmalarına münasibətdə daha humanist hüquqi siyasətin tərkib hissəsi kimi qiymətləndirib.

Qanun layihəsi ilə Cinayət Məcəlləsinin 193-cü maddəsinin dispozisiyasının da genişləndirilməsi təklif olunur. Dəyişiklik qəbul edilərsə, qanunsuz kredit əldə edilməsi, rüsumlardan yayınmağa yönəlmiş bəzi hərəkətlər və digər oxşar əməllər də yalançı sahibkarlıq kimi qiymətləndiriləcək.

Bundan başqa, layihədə Cinayət Məcəlləsinin 208-ci maddəsinin – xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyətini nəzərdə tutan normanın ləğvi də əksini tapıb. Əli Hüseynli bildirib ki, xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlar bu məsələ ilə bağlı çoxsaylı müraciətlər edirlər. Bəzi hallarda xarici ölkələrin qanunvericiliyində mövcud olan fərqlər səbəbindən ixrac olunan malların dəyərinin vaxtında geri qaytarılması mümkün olmur və nəticədə sahibkarlar cinayət məsuliyyəti riski ilə üzləşirlər.

Deputat hesab edir ki, sözügedən dəyişiklik sahibkarlıq fəaliyyətinin təşviqi və biznes mühitinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həmin əməl Cinayət Məcəlləsindən çıxarılsa da, İnzibati Xətalar Məcəlləsində inzibati xəta kimi saxlanılacaq və artıq bu hallara görə cinayət təqibi aparılmayacaq.

Qanun layihəsində Cinayət Məcəlləsinin 244-cü maddəsi – qumar oyunlarının təşkili və keçirilməsi ilə bağlı müddəaların da təkmilləşdirilməsi nəzərdə tutulur. Təklifə əsasən, qumar oyunlarının internet, mobil rabitə şəbəkələri və sosial platformalar vasitəsilə təşkili və keçirilməsi də cinayət məsuliyyəti yaradacaq. Bununla yanaşı, sanksiyaların dəqiqləşdirilməsi və cinayət nəticəsində əldə olunan gəlirin iki misli həcmində cərimənin tətbiqi təklif edilir.

Millət vəkili bildirib ki, qumar oyunlarının təşkili və ya keçirilməsi zamanı yetkinlik yaşına çatmayan şəxslərin iştirakına yol verildiyi hallarda cəzaların sərtləşdirilməsi də nəzərdə tutulur. Bu məsələ xüsusi həssaslıq kəsb edir və uşaqların, yeniyetmələrin bu cür mənfi təsirlərdən qorunması vacibdir.

Pərvin Şakirqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью