Qunduz Xanlığı: özbək siyasi varlığını qoruyan dövlət

11.08.2026

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qunduz Xanlığı imperiyaların toqquşduğu və mərkəzi hakimiyyətin zəiflədiyi bir dövrdə yaranan siyasi boşluğu doldurmaq, özbək toplumunun təhlükəsizliyini və siyasi mövcudluğunu qorumaq zərurətindən doğmuşdu. Bu xanlıq tarix səhnəsinə sadəcə bir dövlət kimi deyil, xalqın taleyini öz əlinə almaq iradəsinin təcəssümü kimi çıxmışdı.

Yeni yaranan özbək xanlığının təşəkkülü təsadüfi tarixi hadisə deyildi. O, Əfqanıstanın şimalında yaranan siyasi boşluğun, təhlükəsizlik ehtiyacının və özbək tayfalarının milli-siyasi maraqlarını qorumaq zərurətinin məntiqi nəticəsi idi. Böyük imperiyaların zəiflədiyi bir dövrdə Qunduz Xanlığı bölgədə sabitliyin təmin olunmasına, yerli əhalinin mənafeyinin müdafiəsinə və özbək siyasi varlığının qorunmasına xidmət edən bir dövlət qurumu kimi meydana çıxmışdı. Qunduz Xanlığı zamanın çağırışına verilmiş siyasi cavab, mürəkkəb geosiyasi şəraitdə özünümüdafiə və özünütəsdiq ehtiyacından doğan tarixi zərurət idi.

Qunduz Xanlığının yaranması siyasi parçalanma, mərkəzi hakimiyyətin zəifləməsi və yerli türk qəbilələrinin qorunması ehtiyacından doğmuşdu. Bu proses Cənubi Türkistanda sabitliyin bərqərar olması, kataqan və digər özbək tayfalarının birləşərək xarici təhlükələrə qarşı müstəqil güc kimi formalaşması zərurəti ilə bağlı idi.  

Qunduz Xanlığının yaranması

XVIII əsrin sonu və XIX əsrin ortalarında Türküstanın siyasi həyatında mühüm rol oynayan türk dövlətlərindən biri də Qunduz Xanlığı (özbəkcə Qunduz Xonliqi)  və ya Qunduz Əmirliyi olub. 

XVIII əsrdə Qunduzun ərazisi bütün Cənubi Türkistanla birlikdə Dürranilər İmperiyasının tərkibinə daxil idi. Lakin imperiyanın hökmdarı Teymur şahın oğlanları arasında baş verən hakimiyyət uğrunda mübarizə mərkəzi hakimiyyəti zəiflədib. Bu vəziyyət bölgədə yaşayan özbək tayfa başçılarına müstəqillik uğrunda fəaliyyət göstərmək üçün əlverişli şərait yaradıb. 

Qunduzun erkən yerli hakimləri kimi Mahmud bəy və Yusif bəyin adı çəkilir, bəzi tarixçilərin iddia etdiyi kimi, Mahmud bəy və Yusif bəyin dövründə xanlıq hələ dövlət səviyyəsinə qalxmamışdı, qonşu xanlıqlar hələ bu dövləti tanımamışdı. lakin müstəqil Qunduz xanlığının formalaşması və xan titulunun möhkəmlənməsi adətən Qubad xanın dövrünə aid edilir və rəqəm kimi 1768-ci il göstərilir. Qubad bəyin dövründə isə artıq xanlıq dövlət kimi tanınmışdı. 

1768-ci ildə Narin dairəsinin əmiri, əslən Əndicandan olan Qubad (Kubat) xan əfqan Teymur şahın Sind və Pəncab istiqamətindəki problemlərindən və Dürranilər imperiyasının zəifləməsindən istifadə edərək Qunduz şəhərini tam ələ keçirib şəhəri nəzarətə götürdükdən sonra  müstəqil dövlət yaratdığını elan edib, beləliklə də Qunduz Xanlığının əsası qoyulub. 

Qunduz Xanlığı əsasən indiki Əfqanıstanın şimal hissəsində – tarixi Cənubi Türkistan ərazisində yerləşirdi və bölgənin siyasi, iqtisadi və mədəni həyatında əhəmiyyətli mövqeyə malik idi və xanlıq XVIII əsrin sonu və XIX əsrin ortalarında Cənubi Türkistanın mühüm siyasi qurumlarından biri olub. 

Qunduz Xanlığı özbək mənşəli hakimlər tərəfindən idarə olunurdu, əhalisinin əsas hissəsini özbəklər, türkmənlər və taciklər təşkil edirdi. 

Dövlətin paytaxtı Qunduz şəhəri idi, rəsmi dillər özbək və fars dilləri, hakim din  İslam olub.

Orta əsrlərdə Qunduz şəhəri Cənubi Türkistanın ən iri və inkişaf etmiş şəhərlərindən biri hesab olunurdu. Coğrafi mövqeyi və ticarət yolları üzərində yerləşməsi şəhərin iqtisadi və strateji əhəmiyyətini artırırdı. Buna görə də Qunduz uzun müddət müxtəlif dövlətlərin nəzarəti altında olub.

Qubad xan məşhur özbək tayfası olan kataqan tayfasının nümayəndəsi idi. Buna görə də dövlət idarəçiliyində və hərbi rəhbərlikdə əsas vəzifələr bu tayfanın nümayəndələrinə həvalə olunurdu, kataqan tayfası xanlığın siyasi dayağına çevrilmişdi.

Əmir Məhəmməd Murad bəy dövrü – xanlığın çiçəklənməsi

Qunduz Xanlığının tarixində ən qüdrətli dövr Məhəmməd Murad bəyin hakimiyyəti illəri hesab olunur. O, xanlığın ən məşhur və sarsılmaz  hökmdarı sayılır,  təxminən 1815-ci ildən 1842-ci ilə qədər xanlığa rəhbərlik edib və dövlətin siyasi nüfuzunu əhəmiyyətli dərəcədə artırmağa nail olub. Hakimiyyəti dövründə xanlıq ən geniş sərhədlərinə çatıb, Bəlx, Xulm, Bədəxşan və Pamir istiqamətində nüfuzunu artırıb.

Bədəxşan, Xulm, Kataqan və Amudəryanın şimalındakı bəzi əraziləri öz hakimiyyəti altına alıb. 1832-ci ildə Məhəmməd Murad bəy Kubadian, Qulab və Kurqan-Tübə şəhərlərini öz torpaqlarına qatıb. Bunun nəticəsində xanlığın ərazisi genişlənib və bölgədə təsir gücü daha da artıb. Məhəmməd Murad bəy bacarıqlı dövlət xadimi və sərkərdə kimi tanınırdı. Onun dövründə dövlətin hərbi qüdrəti güclənib, inzibati idarəetmə möhkəmlənib və iqtisadi inkişaf üçün əlverişli şərait yaranıb. O, Qunduzu XIX əsrin əvvəllərində Türküstanın ən güclü özbək xanlıqlarından birinə çevirmişdi.

Qunduz Xanlığı Məhəmməd Murad bəyin hakimiyyəti dövründə  özünün ən qüdrətli, yüksək inkişaf mərhələsinə çatmışdı. Onun dövründə xanlıq ərazi baxımından genişlənib, iqtisadiyyatı möhkəmlənib və regionun nüfuzlu dövlətlərindən birinə çevrilib.  

Əmir Məhəmməd Murad bəyin hakimiyyəti illərində Qunduz sadəcə hərbi güc deyil, həm də regional iqtisadi mərkəz idi. Xanlığın iqtisadi dirçəlişi bu amillərə söykənirdi. 

İqtisadi və mədəni həyat, İpək Yolu ticarəti: Qunduz şəhəri yalnız inzibati mərkəz deyil, həm də ticarət yollarının qovşağında yerləşən mühüm bazar şəhəri idi. Burada müxtəlif xalqlar arasında iqtisadi və mədəni əlaqələr inkişaf edirdi. 

Qunduz Türküstan, Hindistan və İranı birləşdirən karvan yollarının kəsişməsində yerləşirdi.  Məhəmməd Murad bəy bu yollarda təhlükəsizliyi təmin edərək ticarət vergilərindən böyük gəlir əldə edirdi. 

Xanlıq Amudəryanın hər iki sahilinə, o cümlədən Qulab və Kubadiana nəzarət edirdi. Bədəxşan kimi zəngin bölgələrin tabe edilməsi xəzinəyə mütəmadi bac və vergi axınını təmin edirdi. 

Qunduz Xanlığının iqtisadiyyatı  kənd təsərrüfatına əsaslanırdı. Münbit torpaqlar və suvarma imkanları əkinçiliyin inkişafına şərait yaradırdı. Xanlıq ərazisində pambıq, buğda, əncir, qarpız və yemiş becərilirdi. Xüsusilə Qunduz yemişi yüksək keyfiyyətinə görə qonşu ölkələrdə də tanınırdı.

Heyvandarlıq da iqtisadiyyatın mühüm sahələrindən biri idi, qoyunçuluq geniş yayılmışdı, yun və heyvandarlıq məhsulları daxili bazarın əsas gəlir mənbələrindən birinə çevrilmişdi. 

Amudərya hövzəsinin münbit torpaqları sayəsində pambıqçılıq, taxılçılıq və heyvandarlıq yüksək inkişaf etmişdi. 

Şəhərlərdə sənətkarlıq güclü inkişaf yolu tutmuşdu. Xalçaçılıq, toxuculuq, dulusçuluq və digər sənət növləri geniş yayılmışdı. Yerli sənətkarların hazırladığı məhsullar həm daxili bazarda, həm də qonşu ölkələrlə aparılan ticarətdə mühüm yer tuturdu.

Qunduz Xanlığı bu dövrdə Kokand Xanlığı ilə yaxın dostluq və müttəfiqlik münasibətləri saxlayırdı. Xüsusilə Kokand hökmdarı Məhəmməd Əli xanın hakimiyyəti dövründə iki dövlət arasında qarşılıqlı əməkdaşlıq inkişaf etmişdi. Kokand xanı Qunduz Xanlığına siyasi və hərbi dəstək göstərirdi ki, bu da bölgədə qüvvələr balansının qorunmasına kömək edirdi.

Dövlət quruluşu və əhalisi

Qunduz Xanlığı feodal idarəetmə sisteminə malik idi, dövlətə xan və ya əmir rəhbərlik edirdi, hakim bütün hərbi və mülki səlahiyyətləri öz əlində cəmləşdirirdi. Bölgələrin idarə olunması isə tayfa başçıları və yerli bəylər vasitəsilə həyata keçirilirdi.

Paytaxt Qunduz şəhəri dövlətin inzibati, iqtisadi və mədəni mərkəzi idi. Bundan əlavə, Qulab, Kubadyan və Amudəryanın sağ sahilində yerləşən bir sıra yaşayış məntəqələri də xanlığın tərkibinə daxil idi.

Rəsmi yazışmalarda və dövlət idarəçiliyində özbək və fars dillərindən istifadə olunurdu. Əhalinin əsas hissəsini özbəklər və türkmənlər təşkil etsə də, burada taciklər və köçəri puştun tayfaları da yaşayırdı. Əhalinin böyük qismi köçəri və yarımköçəri həyat tərzi sürür, heyvandarlıqla məşğul olurdu.

Qunduz xanları  və hakimləri

Qunduz Xanlığının hökmdarlarının tam və mübahisəsiz siyahısı günümüzə qədər gəlib çatmayıb. Xanlığın erkən dövrü haqqında mənbələr azdır və bir çox hökmdarın hakimiyyət illəri dəqiq müəyyən edilməyib. 

Qunduz xanlarının tam olmayan siyahısı belədir:

Mahmud bəy, təxminən 1706-cı il   

Yusif bəy, təxminən 1720...

Qubad (Kubat) xan, təxminən 1768...

Məhəmməd Murad bəy, təxminən 1815–1842/1846-cı illərdə hökmdar olub.

Rüstəm bəy isə xanlığın ən zəif hökmdarı hesab olunur. Murad bəyin ölümündən sonra qısa müddət Qunduzun hakimi olub. 

Onun hakimiyyəti dövründə xanlıq zəifləyib və Kabil əmirlərinin təsiri güclənib. 

1869-cu ildən etibarən Qunduz hökmdarları Əfqanıstanın vassalları kimi fəaliyyət göstərib, 1919-cu ildə isə bölgə tam olaraq Əfqanıstan dövlətinin tərkibinə qatılıb.

Rüstəm bəy, Məhəmməd Murad bəyin oğlu, 1842–1850...

Mir Atalıq, Məhəmməd Murad bəyin oğlu, 1850–1865...

Sultan Murad, Mir Atalığın oğlu, 1865–1887... 

Əli Bardi xan, Sultan Muradın oğlu, 1887–1919...

Diplomatik əlaqələr: regional rəqabət və Buxara İttifaqı

Qunduz Xanlığı Türküstanın böyük gücləri olan Buxara Əmirliyi və Kokand Xanlığı ilə mürəkkəb, tez-tez dəyişən diplomatik münasibətlər saxlayıb.

Buxara əmirləri Cənubi Türkistanı, o cümlədən Qunduzu özlərinin qanuni nüfuz dairəsi hesab edirdilər. Murad bəyin dövründə Qunduz xanlığının gücləndiyi dövrdə Buxara ilə hərbi toqquşmalar baş verirdi. Lakin əfqan təhlükəsi artdıqda Qunduz hakimləri Buxaranı dindaş və soydaş müttəfiq kimi görür, onlardan hərbi yardım istəyirdilər. Bununla belə Buxara əmiri tez-tez Qunduzun daxili işlərinə qarışır və əfqanlara qarşı bufer zona kimi ondan istifadə edirdi.

Kokand ilə birbaşa sərhəd olmasa da, ticarət əlaqələri güclü idi, hər iki xanlıq Pamir və Bədəxşan dağlıq yolları vasitəsilə ticarət karvanlarının təhlükəsizliyini təmin etmək üçün diplomatik əlaqələr qururdu. Eyni zamanda, Buxara Əmirliyinə qarşı bəzən gizli ittifaqlar axtarılırdı.

1859-cu ildə xanlıq süqut etsə də, yerli kataqan bəyləri müəyyən daxili muxtariyyəti qoruyurdular. Lakin 1880-ci illərdə Əfqanıstanın "Dəmir Əmir" ləqəbli hakimi Əbdürrəhman xan mərkəzləşdirmə siyasəti apardı. O, kataqan bəylərinin idarəçiliyinə tamamilə son qoydu və üsyanları qan içində boğdu. Əfqan əmirləri şimalda özbək təsirini azaltmaq üçün cənubdan gələn puştun tayfalarını kataqan özbəklərinin münbit torpaqlarında məskunlaşdırdılar. Bu, bölgənin demoqrafik strukturunu ciddi şəkildə dəyişdi.

Kataqan tayfasının sonrakı taleyi

Qunduz xanlığının aparıcı qüvvəsi olan kataqan özbəkləri dövlətlərini itirdikdən sonra ağır siyasi və demoqrafik proseslərlə üzləşirlər.

Bütün təzyiqlərə baxmayaraq, kataqan tayfası öz milli kimliyini qoruyub saxlaya bildi. Bu gün də Əfqanıstanın şimalındakı Bağlan, Qunduz, Təxar və qismən də digər vilayətlərində yaşayan özbəklərin mühüm qismini məhz kataqan mənşəli türklər təşkil edir.

Əfqan Əmirliyinin təcavüzü, Qunduz Xanlığının süqutu

XIX əsrin ortalarından etibarən Qunduz Xanlığı ciddi siyasi çətinliklərlə üzləşmişdi. Cənubi Türkistan bölgəsində Buxara Əmirliyi ilə Əfqanıstan arasında nüfuz uğrunda mübarizə güclənmişdi. Daxili hakimiyyət çəkişmələri də xanlığın müdafiə qabiliyyətini zəiflədir, dövlətin sabitliyinə mənfi təsir göstərirdi. Əfqan hökmdarı Barakzay sülaləsinin nümayəndəsi, anası qarabağlı Zeynəbbəyim olan Əmir Dost Məhəmməd xan idi. O, ölkədə mərkəzləşmiş dövlət yaratmaq siyasəti həyata keçirirdi, bu məqsədlə  Dost Məhəmməd xan Şimali Əfqanıstan və  Cənubi Türkistan istiqamətində genişlənmə siyasətini həyata keçirməyə başlamışdı. 

Məhəmməd Murad bəyin ölümündən sonra Kabadian bölgəsi nisbi müstəqillik qazanır və bu hadisə xanlığın zəifləməsinin başlanğıcı olur.

1850-ci ildə Bəlx və Taşqurqan, 1855-ci ildə isə Akça və digər qərb xanlıqları Əfqanıstan tərəfindən işğal edilmişdi. Bu hadisələr Qunduz Xanlığını birbaşa təhlükə qarşısında qoyurdu.

Nəhayət, 1859-cu ildə Əmir Dost Məhəmməd xanın qoşunları Qunduzu fəth edir və xanlıq müstəqilliyini itirir. Bununla belə, yerli əhali uzun müddət əfqan hakimiyyətinə qarşı müqavimət göstərib. Buxara əmiri Müzəffər  Qunduz əhalisinə müəyyən dəstək versə də, bu mübarizə uğursuzluqla nəticələnir.

1873-cü ildə bağlanan ingilis–rus müqaviləsinə əsasən Qunduz da daxil olmaqla bütün Cənubi Türkistan Əfqanıstanın nəzarətinə verilir. Daha sonra Əbdürrəhman xanın hakimiyyəti dövründə bölgədə mərkəzi hakimiyyət gücləndirilir və Qunduz tamamilə Kabula tabe etdirilir.

Qunduz Xanlığının müstəqilliyinə son qoyan əsas qüvvə Əfqanıstanın mərkəzləşdirilməsi siyasətini yürüdən Barakzay sülaləsinin nümayəndəsi, anası qarabağlı Zeynəbbəyim olan Əmir Dost Məhəmməd xan idi. 

İlk zərbə 1838–1839-cu illərdə vurulub, Əfqan Türkistanı kampaniyası çərçivəsində Dost Məhəmməd xanın qüvvələri Murad bəyi ağır məğlubiyyətə uğradır. Bu müharibə xanlığın hərbi qüdrətini və daxili sabitliyini sarsıdır. 

Region İngiltərə və Rusiya imperiyalarının nüfuz dairəsi uğrunda mübarizə ("Böyük Oyun") meydanına çevrilmişdi. İngilislərin dəstəklədiyi əfqan əmirləri şimaldakı özbək xanlıqlarını tamamilə udmağı hədəfləyirdi.

1859-cu ildə Dost Məhəmməd xanın ordusu Qunduz üzərinə sonuncu irimiqyaslı yürüşünü edir. Daxili çəkişmələr və mərkəzi dövlətlərin (Buxara xanlığı) kömək etməməsi səbəbindən Qunduz müqavimət göstərə bilmir. 

1859-cu ildə xanlıq rəsmən Əfqanıstan Əmirliyinə birləşdirilir, 1888-ci ildə isə əmir Əbdürrəhman xan tərəfindən kataqan özbək sülaləsinin idarəçiliyinə tamamilə son qoyulur. 

Hökmdarların siyahısında göründüyü kimi Əli Bardi xan 1887–1919-ci illərdə özünü hakim elan etsə də, qurum vilayət səviyyəsidən yuixarı qalxa bilməyib. 

Beləliklə Qunduz Xanlığının süqutu təkcə bir dövlətin məğlubiyyəti deyildi, bu, Cənubi Türkistanda əsrlərlə formalaşmış türk siyasi hakimiyyətinin zəifləməsinin, bir xalqın müstəqillik arzusunun sarsılmasının simvolu idi. Vaxtilə Məhəmməd Murad bəyin rəhbərliyi altında qüdrəti ilə seçilən, iqtisadi inkişafı və siyasi nüfuzu ilə bölgədə söz sahibi olan bu xanlıq XIX əsrin ortalarında amansız geosiyasi qarşıdurmaların qurbanına çevrildi.

Daxili çəkişmələr, tayfalar arasındakı parçalanma, regional rəqabət və xarici güclərin bölgəyə artan müdaxiləsi Qunduzun müqavimət gücünü zəiflətmişdi. Əfqanıstanın genişlənmə siyasəti nəticəsində Qunduz Xanlığı tədricən zəifləyərək müstəqilliyini itirib. Əfqan əmiri Dost Məhəmməd xanın  yürüşləri nəticəsində 1859-cu ildə Qunduz işğal edilir və müstəqil dövlətçiliyin son səhifəsi bağlanır, lakin bu, xalqın iradəsini qıra bilmir.  

Bu xanlığın yaranmasını coğrafi sərhədlərdən kənara çıxan, tarixin sərt dalğaları qarşısında Türk irsinin şimali Əfqanıstan torpaqlarında qartal kimi yuva qurması kimi dəyərləndirmək olar. Qunduz o dövrdə sadəcə bir dövlət deyil, Əfqan Türküstanında parçalanmış özbəkləri bir yumruq kimi birləşdirən mətin bir coğrafi iradə və azadlıq qalası idi. 

Qunduz sakinləri uzun müddət azadlıq uğrunda mübarizəni davam etdirdilər, lakin dövrün siyasi reallığı onların istəyindən daha güclü idi.

1873-cü il ingilis–rus razılaşması ilə Cənubi Türkistanın taleyi böyük dövlətlərin siyasi hesablamalarına tabe edildi. Beləliklə, Qunduzun taleyi onun öz xalqının deyil, imperiyaların maraqlarının müəyyən etdiyi bir məsələyə çevrildi. Sonrakı illərdə Əbdürrəhman xanın sərt mərkəzləşdirmə siyasəti bölgənin müstəqil idarəçilik ənənələrini demək olar ki, tamamilə aradan qaldırdı.

Əgər xanlığın yaradılmasını Mahmud bəyə bağlasaq qurum 153 il, Qubad xanla əlaqələndirsək  bu dövlət rəsmi olaraq 91 il fəaliyyət göstərib. Qeyri- rəsmi isə daha çox özbək siyasi irsini yaşatmaq üçün çaba göstərən Qunduz Xanlığı Türküstanda özbək dövlətçilik ənənələrinin davamı kimi tarixdə mühüm yer tutur və Cənubi Türkistanın siyasi tarixinin öyrənilməsində əhəmiyyətli mövzulardan biri hesab edilir.  

Qunduz Xanlığının süqutu tarixdə bizə mühüm bir həqiqəti xatırladır: dövlətlərin gücü yalnız ordularla deyil, həm də daxili birlik, siyasi uzaqgörənlik və milli həmrəyliklə ölçülür. Qunduzun süqutu bir dövrün sonu olsa da, onun dövlətçilik irsi və azadlıq uğrunda mübarizə ruhu Türküstan tarixində silinməz iz qoydi və bu iz əsrlərlə davam edəcək, özbək xalqının xoşbəxt gələcəyinə yol açacaq.

Qulu Kəngərli 

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью