Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.
Milli Məclisin deputatı Naqif Həmzəyevin parlamentdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub. Deputat regionlarda infrastruktur problemlərinin həll olunmamasından, yolların və yaşayış binalarının təmiri ilə bağlı çətinliklərdən danışıb.
O, bu problemlərin mediada işıqlandırılmasına maneələr yaradıldığını, jurnalistlərin təzyiqlərlə üzləşə bildiyini, şəhər və rayon icra hakimiyyəti nümayəndələrinin isə mövcud problemləri hökumətdən gizlətdiyini bildirib. Naqif Həmzəyev seçicilərin problemlərinin həllində səlahiyyətlərinin məhdud olduğunu vurğulayaraq hökuməti ciddi tədbirlər görməyə çağırıb.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov isə deputatın fikirləri ilə razılaşmayıb. O bildirib ki, deputatların kifayət qədər səlahiyyətləri var, bu imkanlardan istifadə edə bilməmələri onların öz problemidir. Vitse-spiker jurnalistlərə təzyiqlərlə bağlı konkret faktların açıqlanmasını da istəyib.
Bəs deputatların seçicilərin problemlərinin həllinə təsir göstərmək üçün hansı real səlahiyyətləri var? Bu səlahiyyətlər praktikada nə dərəcədə effektivdir?
Sabiq millət vəkili Vahid Əhmədov"Bakupost"a bildirib ki, deputatın fəaliyyətində onun şəxsi təşəbbüskarlığı, seçicilərlə münasibətləri və cəmiyyətdə tutduğu mövqe mühüm rol oynayır:
"Deputatın gördüyü işlərdən, sakinlərlə görüşlərindən, seçicilərlə münasibətlərindən çox şey asılıdır. Dövlət strukturlarında qurduğu əlaqələrin hansı səviyyədə olması da mühüm əhəmiyyət kəsb edir.
Deputat statusuna gəlincə, bizdə bütün əsas səlahiyyətlər cənab Prezidentin əlindədir. O, müəyyən edir. Amma Azərbaycan Milli Məclisinin deputatının da müəyyən səlahiyyətləri var və həmin səlahiyyətlər çərçivəsində müəyyən işlər görə, müraciətlər edə və müxtəlif məsələlərin həllinə nail ola bilər. Mən öz təcrübəmdən görmüşəm ki, istənilən nazir, komitə sədri və digər vəzifəli şəxslərlə münasibətlər qurur və müəyyən işləri həyata keçirirdim. Bir də var parlament respublikası. Əgər Azərbaycan parlament respublikası olsaydı, parlamentdə millət vəkilinin səlahiyyətləri daha geniş olardı. Bu, tamamilə başqa məsələdir. Amma yenə deyirəm, hər şey millət vəkilinin öz fərasətindən, seçicilərlə qurduğu münasibətlərdən, hökumət orqanları ilə əlaqələrindən asılıdır. Bir də açığını deyim ki, deputatın cəmiyyətdə tutduğu mövqe də böyük əhəmiyyət kəsb edir. Mən, məsələn, 20 il Qubanın deputatı olmuşam. Quba ilə bağlı istənilən məsələnin həllinə nail olmuşam. Başqa statusda olmamışam ki...".
Lalə Novruz, BakuPost