Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub komandanın kapitanı Emin Mahmudovun millidəki karyerasını başa vurması haqda danışıb.
QOL.az xəbər verir ki, o, Misli Premyer Liqasının 11-ci turunda “Kəpəz” üzərində qazanılan qələbədən (1:0) sonra keçirilən mətbuat konfransında bu barədə sualı cavablandırıb. Mütəxəssis Eminin ümumiyyətlə, futbolçu karyerasını başa vuracağı təqdirdə klubda başqa vəzifədə çalışa biləcəyini deyib:
“Emin həyatını “Neftçi”yə həsr edib. Artıq 10 ildir buradadır. Onunla danışmışam. Hətta belə bir qərar versə də, klubda qala bilər. Məsələn, menecer və ya məşqçi kimi fəaliyyət göstərə bilər. Məşqçiliklə məşğul olmaq qərarına gəlsə, ondan əla mütəxəssis alınar. Hər halda, o, artıq adını “Neftçi”nin tarixinə qızıl hərflərlə yazdırıb.
Emin Azərbaycanda ən yüksək səviyyəli futbolçulardan biridir. Bilirəm ki, milli karyerasını başa vurmaq qərarı qəbul edib. Bu, çətin qərardır, amma həyatda belə hallar olur. İndi vaxtının daha çox hissəsini kluba həsr edə biləcək. Çox istərdim ki, o, “Neftçi”də oynamağa və komandaya fayda verməyə davam etsin. O, buna həm peşəkar, həm də insan kimi layiqdir. Mənə çox kömək edir: istər digər futbolçularla ünsiyyətdə, istərsə də şəxsi məsələlərin həllində. O, kapitan rolunu həqiqətən layiqincə yerinə yetirir. Bir-birimizə qarşı tam açığıq. Əsas arzum onun sağlam qalması və mümkün qədər çox oynamasıdır".