Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın U-20 milli komandası İraq seçməsinə 2:1 hesabı ilə məğlub olub.
QOL.az xəbər verir ki, yığmamızın baş məşqçisi Ruy Jorje matçdan sonra keçirilən mətbuat konfransında qarşılaşma və komandanın hazırlığı ilə bağlı fikirlərini bölüşüb.
Mütəxəssis əvvəlki matçla müqayisədə bu dəfə daha yaxşı oyun izlənildiyini bildirib: "Hər iki komandanın göstərdiyi oyun bundan əvvəlki matçla müqayisədə daha yaxşı idi. Çox gözəl, fantastik stadionda oynadıq. Yaxşı oyun oldu, rəqabət var idi".
Jorje komandanın inkişafı və futbolçuların keyfiyyəti ilə bağlı danışarkən qeyd edib: "Yalnız işimizlə daha da yaxşı ola, inkişaf edə bilərik. Necə ki, əzmlə işləyirik, buna davam edəcəyik. Əlbəttə ki, bütün oyunçular eyni keyfiyyətə malik deyillər. Amma əlimdə olan bütün futbolçular inkişaf edir, artırırlar. Bu da mənim üçün vacib amildir. Bu cür oyunçularla dünyanın sonuna da gedə bilərəm. İnanın ki, məşqin hər saniyəsində düzgün işləməyə çalışırlar, inkişaf etmək istəyirlər. Məşq prosesində də səhvlər olur, bunun üzərində çalışırıq, düzəlişlər edirik. Mənim futbola öz baxış bucağım var. İstəyərəm ki, buradan gedəndə oyunçular daha da inkişaf etmiş olsunlar".
Baş məşqçi Lorenzo Mezzettore ilə bağlı suala da münasibət bildirib: "Deməzdim ki, mənim oyunçum olub. U-20 yığmasında mənimlə birlikdə olmayıb. Sözsüz ki, onu tanıyıram, necə oyunçu olduğunu bilirəm".
Ruy Jorje Əli Bəşirovun əvəzlənməsinin səbəbini də açıqlayıb: "Hər bir futbolçudan istifadə etmək istəyirəm. Dəyişiklik hansısa yorğunluqla bağlı deyildi. Əli Bəşirov çox yaxşı oyunçudur. Daim inkişaf edir. Bunlar onun inkişafına kömək edəcək".
Mütəxəssis dünya çempionatında komandanın hansı oyun üslubuna üstünlük verəcəyi ilə bağlı isə bunları deyib: "Bir matç iki komandanın oyunundan ibarətdir. Azərbaycan millisi bu dünya çempionatında təşkilatçı ölkə kimi iştirak edəcək. Rəqiblərin hamısı seçmə mərhələləri adlayaraq gələcəklər. Necə oynayacağımızı indidən demək məntiqsiz olardı. Əlbəttə ki, işimizi görəcəyik. Oyunumuz yaxşı alınsa, bu, məni daha çox sevindirəcək. Ən çox istədiyim odur ki, Azərbaycan xalqı qürur hissi keçirsin. Ali məqsədim odur ki, bunu dünyaya göstərə bilək: azərbaycanlılar da futbol oynaya bilirlər, yaxşı çıxış edirlər".
Yığmanın Qəbələdə Yaponiya ilə matçdan sonrakı vəziyyətinə də toxunan baş məşqçi kollektivin hazırlığından tam razı qalmadığını vurğulayıb: "Çox yaxşı hazırlıqlı kollektivimiz var. Amma yenə də bilirəm ki, bu, hələ kifayət deyil. Oyunçuların səviyyəsini bilirəm. Ona görə də hələ qane olmuram".
Jorje növbəti təlim-məşq toplanışlarının ölkə xaricində keçirilməsi ehtimalı barədə də danışıb: "Çox istəyirəm ki, toplanışlarımızın hamısını burada keçirək. Bəzən bizdən asılı olmayan səbəblərdən, şəraitlə əlaqədar olaraq, ölkə xaricində də toplanış keçirə bilərik. Yanvarda burada şərait o qədər də uyğun olmur, hava soyuq olur. Bunu nəzərə alaraq, ölkə xaricində toplanış keçirə bilərik".
Baş məşqçi toplanışları Azərbaycanda keçirməyə üstünlük verməsinin səbəbini də açıqlayıb: "Çünki Azərbaycanda çox yaxşı şərait var. Hazırda buradayıq, dünya çempionatı da burada olacaq. Şərait məni qane edir. Fürsətdən istifadə edib bütün klublara təşəkkür edirəm. Hazırda FIFA təqvimindən kənar təşkil olunmuş toplanışdır. Məsələn, "Sumqayıt" bu gün oyuna çıxacaq, amma dörd futbolçusu bizimlə toplanışdadır. Bu toplanış bizim üçün çox vacib idi. Klublardan üzr istəyirəm ki, bəlkə də hansısa planlarını pozmuşuq".