futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində sabah “Tvente”yə qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:
– “Sabah”ı təbrik edirəm, böyük nailiyyət əldə etdilər. Çempionlar Liqası yenidən Bakıda olacaq, bu, çox xoş oldu. Özümüzə gəlincə, yaxşı komandaya qarşı oynayacağıq. Onların futbolunu bəyənirəm. İki komandanın da gedişləri olacaq. Son şansımızdır, maksimum istifadə etməyə çalışacağıq. Hazırıq, sabahı gözləyirik.
– “Qarabağ” səfərdə qalib gəldiyi avrokubok oyunların yalnız birində – APOEL-ə qarşı büdrəyib. “Tvente” də onlar qədər təhlükəlidir?
– Cavab vermək asan deyil. Çünki fərqli komandalardır. O vaxt bizim də kollektivimiz fərqli idi. Belə matçlarda rəqibdən çox özümüzün hazırlığını dəyərləndirmişik. Əsas məqam bütün komanda ilə matçda olmaqdır. Məni narahat edən məqam budur. Heyətdə zədəlilərimiz var, amma digər tərəfdən, bir oyundur və istənilən nəticə ola bilər. Statistikaya önəm vermirəm, bunun haqqında düşünmürəm. Hamımız sabahkı görüşə fokuslanmışıq. Çox diqqətli olmalıyıq. Rəqibin hücum xəttində potensiallı futbolçular var. İstənilən hücumun qarşısını almağa çalışacağıq.
– Müasir dövrdə kritik oyunlarda öz oyunçularımız qol vurub, komandasına mərhələ adladıb. Biri Bəhlul, digəri Nəriman, dünən isə Tellur. Legionerlərin çox olduğu vaxtda azərbaycanlıların belə qolları təsadüfdür, yoxaa onların xarakterinin göstəricisidir?
– Buna ancaq sevinə bilərik. Təsadüf deməzdim, bəlkə də, onların alın yazısıdır. Uzun illər uğurların sırasında onların da adı olacaq. Buna dəyər verməliyik. Hər futbolçunu təbrik edirəm. Əfsuslar olsun ki, bəzən belə oyunçuların uğurları davamlı olmur, zamanla unudulurlar. Halbuki, onlar artıq öz izlərini qoymağı bacarıblar.
– Səfərdə qələbə qazanmısınız. Belə matçlarda sizi narahat edən oyunçuların rahatlığı, yoxsa rəqibin erkən qol axtarışına çıxmalı olmasıdır?
– Təhlükə hesabda öndə olmağımızdır. Rəqib daha ciddi hazırlaşıb və potensialını maksimum göstərməyə çalışacaq. Hər halda, 1:0 xeyrimizədir və bu, üstünlükdür. Niderland çempionatında belə qərar qəbul edilib ki, pley-off vaxtında tur olmasın. Qruplara qalmasalar belə reytinq xalı qazanmağı hədəfləyirlər. Sabahkı matçda əsas məsələ bizim hansı durumda olacağımızdır. “Tvente” maraqlı, baxımlı futbol oynayır. Sistematik, düşünülmüş hücumlar edirlər.
– Hikmət Cəbrayılzadə və Əli Bəşirov şans qazansa, belə oyunun məsuliyyətindən çıxa bilərlər?
– Hikmət üçün problem olmaz. O, uzun müddətdir, artıq bizimlədir. Amma Əlidə həyəcan hiss oluna bilər. Məcbur qalsaq, çəkinmədən hər iki oyunçunu da meydana buraxmağa hazırıq. Özümüz də futbolçu kimi belə mərhələlərdən keçərək bu səviyyəyə çatmışıq.
– Heyətdə hansısa dəyişiklik olacaq?
– Tapşırıqlarımız var. Bəzi səhvlərimizi aradan qaldırmalıyıq. Rəqibin çox dəyişiklik edəcəyinə inanmıram. Optimal heyətləri var, təhlillər aparmışıq.
– Musa ilk matçda startda oynadı. Sabah da onu “11-lik”də görəcəyik?
– Hələ son məşqimiz var, baxacağıq. Musa son vaxtlarda çox çalışır. Getdikcə daha yaxşı olmaq istəyir. Rəqiblər artıq Azərbaycan klublarını və oyunçularını diqqətdə saxlayır. “Sabah”ın da dünənki uğurundan sonra bizə elə-belə yanaşmayacaqlar. Belə nəticələrin bizə də böyük faydası olur.
– APOEL-in futbolçusu Dieqo Rosanın adı klubla hallanır. Bu barədə nə deyə bilərsiniz?
– Ola da bilər, olmaya da. Çoxlu oyunçular var, hər şey mümkündür.
– Sizin üçün əvvəlki “Tvente” güclüdür, ya indiki?
– Nəsə deməyim, səhv başa düşürlər. Desəm ki, bugünkü “Tvente”, deyəcəklər ki, özünü siğortalayır. Belə deyim, bu mərhələlərdə zəif komandalar olmur. Bir şeyi əminliklə qeyd edə bilərəm ki, indiki futbolla 3-5 il əvvəlki futbol arasında böyük fərq var. İndi futbol daha güclüdür.
– Marko Pyatsa “Dinamo”nun heyətində sizə iki qol vurmuşdu. Bu gün isə “Tvente”də çıxış edir…
– “Tvente”nin güclü futbolçuları var. Oyunçularıma hər birini göstərir, ona qarşı hazırlıq aparırıq. Niderland klubu topla yaxşı davranan futbolçulara sahibdir. Mütləq diqqətli olmalıyıq. Hücum potensialları böyükdür. “Tvente” belə davam etsə, gələcəkdə daha böyük uğurlar əldə edə bilər.
Şahin Cəfərov