Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ" bu mövsüm Çempionlar Liqasına kifayət qədər sürətli start verdi və 7-ci turda "Ayntraxt" üzərində qazanılan qələbədən sonra pley-off mərhələsinə yüksəlmək faktiki olaraq təmin olundu.
BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun komandası son turda "Enfild"də "Liverpul"la üz-üzə gəldi. 0:6 hesablı məğlubiyyət tarixi nailiyyətin yaratdığı emosiyaları bir qədər kölgədə qoysa da, "Qarabağ" həm özü, həm də Azərbaycan futbolu üçün tarixi uğura imza atdı.
Ağdam təmsilçisinin Dağıstan əsilli qapıçısı Şahruddin Maqomedəliyev ÇL-nin bu mövsümünün əsas sensasiyalarından biri ilə bağlı ilk təəssüratlarını "Çempionat"la bölüşüb.
- "Enfild"də 0:6 uduzdunuz, amma pley-offa yüksəldiniz. Paltardəyişmə otağında hansı emosiyalar üstünlük təşkil edirdi?
- Açığı, sevinc demək olar ki, yox idi. Bu cür böyük hesabla uduzmaq istəmirdik. Dünya futbolunun nəhəngi ilə sonadək mübarizə aparmaq niyyətində idik. Hamımız məyus idik, amma futboldur - belə alındı.
- Pley-offa çıxmağı qeyd etmisiniz?
-Əsl sevinc "Ayntraxt"la oyundan sonra olmuşdu. Çünki artıq 99 faiz pley-offda olduğumuzu anlayırdıq. Tam rahatlaşa bilməsək də, Liverpuldakı oyundan sonra yox, məhz o vaxt daha çox sevinmişdik.
- Siz artıq bir neçə ildir "Qarabağ"dasınız. Bu uğur sizin üçün nə ifadə edir?
- Bu, bütün klubun və əlbəttə ki, baş məşqçinin uzunmüddətli və sistemli əməyinin nəticəsidir. Qurban Qurbanovun qurduğu sistem, onun səbr və baxışı olmasaydı, bu mümkün olmazdı. Açığı, postsovet məkanından olan, böyük büdcəsi olmayan bir klubun hər il avrokuboklarda çıxış etməsi belə böyük nailiyyətdir. "Qarabağ" isə Avropanın ən güclü klubları ilə bərabər səviyyədə mübarizə apardı. Yalnız "Liverpul"la son oyunumuz uğursuz alındı.
Bu, Azərbaycan futbolu üçün həqiqətən də böyük tarixdir. Ola bilsin ki, indi hamı bunun miqyasını tam dərk etmir, amma illər keçdikcə bu komandanın nə etdiyini daha yaxşı anlayacaqlar.
- Bu nəticə ölkədə futbolun populyarlığını artıra bilərmi?
- Dövlət başçısı tərəfindən futbola hər zaman böyük diqqət olub. Bu məqamdan düzgün istifadə etmək lazımdır. Ölkədə futbol bumu yaşanır, uşaqlar futbol oynamaq istəyir. İndi əsas məsələ düzgün qərarlar verməkdir. Ümid edirəm ki, bu uğur təkcə "Qarabağ" üçün yox, ümumilikdə Azərbaycan futbolu üçün inkişaf nöqtəsi olacaq.
İnsanlar anlamalıdır ki, akademiyalara, gənclərə və uşaqlara yatırım etmək lazımdır. Bu, təməldir. İndi uşaqlar futbol ulduzlarının adını çəkərək meydana qaçır. Bu şansı qaçırmaq olmaz. Nəticəni bəlkə 10 ildən sonra görəcəyik, amma o vaxt heyətdə 2 yox, 11 yerli futbolçu olar.
- Pley-offda hansı rəqiblə qarşılaşmaq istərdiniz?
- Daha çox "PSJ" ilə oynamaq istərdim. Bu, Matvey Safonova görə yox, sadəcə daha ulduzlarla zəngin klub olduğu üçündür. Həmişə ən güclülərlə oynamaq maraqlıdır. Həm "Nyukasl", həm də "PSJ"lə çətin olacaq, amma seçim olsa, parisli ulduzlarla üz-üzə gəlmək istərdim.
- Komandanın hazırkı əhval-ruhiyyəsi necədir?
- Açığı, indi bizim üçün əsas məqsəd çempionatdır. Liderdən 3 xal geri qalırıq və toparlanmalıyıq. ÇL-ə çox fokuslanmışdıq, indi isə ölkə çempionatına qayıtmalıyıq. Onu mütləq qazanmaq lazımdır. Pley-offa hələ vaxt var, bayram etməyə zaman yoxdur.
- Qurban Qurbanov demək olar ki, 20 ilə yaxındır komandadadır. Onun fenomeni nədədir?
- "Qarabağ"a gələn hər kəs eyni fikirdədir. Qurbanov böyük hərflə İnsandır. Ona görə də Allah onun zəhmətini mükafatlandırır. O, çox ambisiyalıdır. "Liverpul"a qarşı da qalib gəlmək istəyirdik. Yəqin buna görə 0:6 uduzduq (gülür). Öz oyunumuza sadiq qaldıq.
- Deyirlər ki, o, "Barselona"nın oyun fəlsəfəsindən çox şey götürüb.
- Bəli, "Barselona"nın sisteminin fanatıdır. Bizə də topa nəzarət, kombinasiyalı oyun prinsiplərini aşılayır. Son vaxtlar fiziki hazırlığa da çox diqqət yetirilir. Avropada hər üç gündən bir oynayırlar, biz isə belə ritmi yalnız ÇL-də yaşayırıq. Buna uyğunlaşmaq üçün daha çox və daha ağır işləməliyik.
- Qurbanov növbəti karyera addımına hazırdırmı?
- O, heç vaxt özündən razı qalmır. "Liverpul"la oyundan sonra çox əsəbi idi, hamını tənqid etdi. Sonra dedi: "Biz tarix yazdıq, sevinin". Amma 0:6 hesabı hələ də onu buraxmırdı. Biz ora müdafiə olunmağa yox, qalib gəlməyə getmişdik.
- Pley-offda da yanaşma eyni olacaq?
- Əlbəttə. Biz realistiksə də, meydançaya "az buraxaq" düşüncəsi ilə çıxmırıq. Rəqib kim olursa-olsun, məqsədimiz qələbədir.