futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasında “Tvente”yə qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Vacib səfərə çıxırıq. Bizə tanış olan rəqiblə qarşılaşacağıq. Bilirəm ki, yaxşı stadion və yaxşı atmosfer olacaq. Düzdür, hazırlaşmağa çox vaxtımız olmadı, gərgin qrafikdə çalışdıq. Ümumi proqram üzrə bu gün də istirahət idi. Sabah səhər Niderlandda məşqimiz olacaq. Problemləri nəzərə almayaraq, oyuna köklənmişik. İnanıram ki, futbolçuların təcrübəsi özlərini düzgün idarə etməyə imkan verəcək.
– Konfrans Liqası ilə paralel liqada oynamaq rahat olar, yoxsa tək çempionatda olmaq üstünlük yaradar?
– Çətin dönəmlərimiz əvvəl də olub. Əslində, buna çətin deməzdim, bu cür hallar futbolun bir parçasıdır. Avrokubokları çempionata qurban vermək fikrində deyilik. Konfrans Liqası olsa da, burda səviyyə başqadır. Bu yarışdan əl çəkməyi düşünmürük. Belə turnirin məsuliyyəti böyükdür. Futbolçuların da bu cür yarışlarda iştiraka ehtiyacı var. Avrokuboklarda hər oyun bir təcrübədir. Turnirə ciddi hazırlaşırıq. Geriyə baxsaq, o qədər çətin günlərimiz, söz-söhbətlər və titulsuz qaldığımız dövrlər olub. Bu cür hallara gələcək üçün faydalı təcrübə kimi baxıram.
– Son vaxtlarda komandanın üzərində təzyiq var. Sanki illərdir qazanılan nəticələri saymırlar.
– Necə cavab verəcəyimi bilmirəm. Uğurlarımıza göz yumarlarmı? Nə deyim? İnanmıram ki, kimsə bunu diqqətdən qaçırsın. Avrokuboklarda hansı komandanın oynamasından asılı olmayaraq, onu dəstəkləməliyik. Mümkün deyil ki, bir kollektiv hər il çempion olsun, kubok qazansın. İllərdir, futbolda belə halların şahidi oluruq. Mətbuatda yazılanları görürük. Rəqiblərə kiçik kimi yanaşa bilmərik. Razıyam, “Dinamo” əvvəlki gücündə deyil, amma bu komandanın adı var. Onlara qarşı oynamaq bizim üçün prestijdir. Kiyev təmsilçisinə qalib gəldik, bunlar hamısı statistikada olacaq. Rəqibi nə qədər kiçiltmək istəsən də, nəticələr qalacaq. Məsələn, ÇSKA (Bolqarıstan) məşqçilik karyeramdakı ən ağır komandalardan biri idi. Həddindən artıq istəkli, əzmkar kollektiv olduqlarını göstərdilər. Bizi məğlub etdilər, amma bu, o demək deyil ki, zəifik. Futbolda hər nəticə olur. Bu gün çatışmazlıqlarımız var, bəli, daha yaxşı ola bilərdik… Ancaq indi yarışdan qopmaq fikrində deyilik. Sanki “Qarabağ” yıxılıb, yoxdur… Heç nədən çəkinmirik, qorxmuruq. Fanatlarımızın haqqını verməyə çalışırıq. Bundan narahat olmasınlar. Uğursuzluq da futbolun bir parçasıdır.
– Əvvəl qarşılaşdığınız “Tvente” ilə indiki arasında hansı fərqlər var?
– Bəlkə də, biz həmin dövrdə indikindən daha yaxşı idik. Oyunçuların zədəli olduqlarına görə belə fikir deyirəm. “Tvente” hazırda dinamik, azarkeşlərin sevdiyi futbolu oynayırlar. Diqqətimi çox çəkiblər. Məncə, maraqlı oyun alınacaq. Hər dövrün öz tələbləri var. Kim dözür və möhkəm dayanırsa, o da qalib gəlir. Futbolçuların üzərinə böyük yük düşür.
– Zubir klubdan ayrıldı, Elvin zədələndi. Bu tandemi əvəzləyəcək kimsə transfer ediləcək?
– Nadir hallarda bir-birini belə tamamlayan oyunçular olur. Elvin və Zubir yaxşı anlaşırdılar. Mütləq onları əvəzləyəcəyik. Ola bilər, çətinliklər yaşayaq. Amma başqa kombinasiyalar da düşünə bilərik. Bizim özümüzə xas oyun üslubumuz var. Həmin mövqedə Sefası oynatmaq olar, ancaq onun da durumu bəlli deyil. Axtarışlarımız davam edir, o cinah üçün də oyunçu axtarırıq. İnanıram ki, bu problemi yoluna qoya biləcəyik.
– Zubirin gedişindən sonra 10 nömrəli formanı kim geyinəcək?
– İstəyən çoxdur. Bu oyunu bitirək, görək, necə olacaq.
– Komanda daxilində təzyiq var?
– Hər oyunöncəsi təzyiqlər olur. İstər məndə, istərsə də futbolçularda. İllər getdikcə bizdən daha çox şey tələb olunur. “Vestri” ilə ev oyunundan sonra da demişdim ki, sanki Çempionlar Liqası matçındayıq. Komandada gərginlik həmişə yaşanır. Yeni transferlər ikiqat təzyiq altındadırlar və həyəcan keçirirlər. Çünki onlar gələndə belə atmosferi hiss etmirdilər. Bütün futbolçular nəyin yaxşı və doğru olduğunu bilir, peşəkar şəkildə çalışırlar. İndiki məqamda yalnız pozitiv notlarımız var.
– İştirak ərizəsində dəyişiklik mümkündür?
– Dünən dəyişiklik ola bilərdi, amma son anda problem çıxdı.
– Jeremi Qnalinin klubdakı taleyi haqqında nə düşünürsünüz?
– Qnali ilə danışmışıq, gənc və perspektivli oyunçudur. Daha çox meydana çıxmağa ehtiyacı var. Bu gün onun mövqeyində çox futbolçu çıxış edir. Özünə bildirmişik, komanda tapa bilməzsə, bizimlə qalacaq.
Şahin Cəfərov