“Qurbanovdan çox şey öyrənməliyik” Bekiri

23.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Misli Premyer Liqasının IX turunda səfərdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edən “Qəbələ”nin baş məşqçisi Yeton Bekiri oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, şimali makedoniyalı mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Şübhəsiz ki, həm bizim, həm də “Araz-Naxçıvan” üçün çox ağır bir oyun oldu. Çünki hər iki komanda turnir cədvəlində arzuolunmaz mövqelərdə yer alırdı.  Bu, olduqca kritik və vacib qələbədir, lakin sadəcə bir oyunun nəticəsidir. Arxayınlaşmaq olmaz, daha çox çalışmalı və işimizə 100 faiz konsentrasiya olmalıyıq. Zaman keçdikcə komandanın daha yaxşı səviyyəyə çatacağına əminəm.

– Əvvəlki turlarla müqayisədə bu gün daha çox müdafiəyə qapanan “Qəbələ” gördük. Gələcəkdə də buna üstünlük verəcəksiniz?

– Hər qarşılaşmanın özünəməxsus gedişatı və spesifik şərtləri olur. Matça erkən qolla başladıq. “Araz-Naxçıvan”ın heyətində keyfiyyətli futbolçular var və buraxılan qoldan sonra onlar böyük qüvvə ilə üzərimizə gələrək bizi öz meydançamıza sıxışdırdılar. Belə ağır təzyiq altında qalanda hesabını qoruyub qalib gəlmək çox vacib idi. Təbii ki, komandama müəyyən anlarda göstərdiyi oyundan tam razı qalmadım. Bəzi yaxşı epizodlarımız olsa da, çətin anlar da yaşadıq. Buraya gəlişimdən cəmi bir ay keçir. Məşqlərdə tələb etdiyim tapşırıqları futbolçuların tam mənimsəməsi və oyuna tətbiq etməsi üçün bir az da zaman lazımdır.

– Mövsümün gedişində gəldiniz və heyət sizin seçiminizlə qurulmayıb. Mövcud futbolçuların potensialı oyun fəlsəfənizi meydanda əks etdirməyə imkan verir?

– Komandamızda kifayət qədər keyfiyyətli futbolçular yer alıb. Bəli, heyəti mən formalaşdırmamışam, lakin klubun seçiminə və oyunçulara böyük hörmətlə yanaşıram. Əsas vəzifəm mövcud kadr potensialından maksimum faydalanmaqdır. “Oyunçuları mən seçməmişəm” deyib bəhanə gətirməyə vaxtımız yoxdur. Sadəcə hazırda komandanın oyun sistemində və üslubunda müəyyən dəyikliklər edirik. Futbol bir prosesdir və inanmaq lazımdır. Qısa müddətdə stabil nəticə verən komanda yaratmaq asan deyil.

– Heyəti gücləndirmək üçün yeni transferlərə ehtiyacınız var, yoxsa hazırkı heyət yetərlidir?

– Düşünürəm ki, hazırda yaxşı komandamız var. Yeganə problemimiz bəzi futbolçuların komandaya gec qoşulması və tam formada olmamasıdır. Onların fiziki baxımdan 100 faiz hazır olması üçün intensiv məşq prosesinə ehtiyacı var. Qəbələdə işləmək üçün mükəmməl infrastruktur mövcuddur. Ətrafımda peşəkar insanlar var və bu da üzərimə məsuliyyət qoyur.

– Vaxtilə “Şkendiya”nı çalışdırarkən avrokuboklarda “Qarabağ”a qarşı oynamışdınız. Növbəti turda yenidən həmin rəqiblə qarşılaşacaqsınız. Qarşıdakı matçdan gözləntiləriniz nədir?

– Azərbaycanı və buradakı futbol mühitini çox sevirəm. Çempionatınız həqiqətən çox rəqabətli və güclüdür. “Qarabağ” isə böyük klubdur. Vaxtilə Makedoniyadakı matçda yaxşı təsir bağışlasaq da, Bakıdakı cavab qarşılaşmasında “Qarabağ” bizi tamamilə üstələmişdi. Onlar ölkə futbolu tarixinin ən yaxşı baş məşqçilərindən birinə, Qurban Qurbanova sahibdirlər. Bu cür nəhəng klublardan və təcrübəli məşqçilərdən çox şey öyrənməliyik. “Qarabağ”ın hazırda da çox güclü heyəti var, amma keçən ilki heyətləri daha xüsusi idi. Azərbaycan liqasında və bu insanlarla işləməkdən böyük məmnunluq duyuram.

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью