Qurbanovun gözyaşları, Elvinin şıltaqlığı, azarkeşlərin duası...

23.01.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Srağagün axşam saatlarına qədər “Qarabağ”ın mövcud durumuyla bağlı nəsə demək yetərincə çətin idi. Çünki qış fasiləsinə 2-ci sırada yollanan “köhlən atlar” Çempionlar Liqasında keçirdiyi son iki matçda qələbə qazana bilməmişdi. Xüsusən “Ayaks”a məğlubiyyət ağdamlıların günlərlə tənqid edilməsinə səbəb olmuşdu.

Bununla belə, komanda ilin ilk üç yoxlama oyununda qalib gəlməklə xeyli tərəfdarın ümidlərini çiçəkləndirmişdi. Əlbəttə, bunda “Ayntraxt”ın xaos yaşamasının da rolu az deyildi. Hər halda, “qartallar”a qarşı matçda tribunalar aşıb-daşmadı, dəqiq desək, üç minə yaxın oturacaq boş qaldı. Heç şübhəsiz, həm hava şəraitinə, həm də “Qarabağ”a inanmadığına görə stadiona gəlməyən azarkeşlər belə tarixi uğurun canlı şahidi olmadığına görə peşmandı. Bəs, gələnlər nə ilə yadda qaldı?
Həqiqətən də meydanda, tribunalarda, ümumiyyətlə, stadionun ətrafında yaşananları görməyə dəyərdi! Çünki həmin an nə temperaturun 0 dərəcəyə enməsi hiss olunurdu, nə də gəlməyənlərin yoxluğu. Matçın nə qədər əhəmiyyətli olduğu onsuz da bəlliydi. Ancaq metroda bir-biriylə müzakirə aparan gənclərin bəzilərinin “Qarabağ”ın, bəzilərinin isə “Ayntraxt”ın qələbə qazanacağına inanması, “Qarabağ” qalib gəlsə, qonaqlıq verəcəksən” kimi atmacalar, böyüklərlə yanaşı, azyaşlıların da stadiona tələsməsi bu matçın təkcə yaşıl meydanda yox, həm də azərbaycanlıların qəlbində yer tutduğunu açıq-aşkar göstərirdi.
Vacib məqamlardan biri də təxminən min azarkeşin oyunun başlamasından 10-15 dəqiqə sonra tribunalara keçə bilməsi oldu. Əvvəlki matçlarda daha acınacaqlı mənzərələrin şahidi olduğumuzdan bu dəfə anşlağın ciddi fəsadlarını görməmək sevindirici haldı. Yenə də daha bir neçə min tərəfdarın olacağı halda nələrin yaşanacağını təxmin etmək çətindi.
Start fitinə bir neçə dəqiqə qalmış bilet axtaran tərəfdarların da sayı az deyildi. Hər halda, stadionun qarşısındakı kassanın önündə təxminən 100 nəfəri əhatə edən növbə yaranmışdı.
Oyun başlayandan sonra yaşananlara gəlincə, “İmarət Tayfa”nın hazırladığı xoreoqrafiyada “Ayntraxt” üçün açıq mesaj var idi: “Bizin inamımız sizin büdcənizdən çoxdu!”
“İmarət”in rəhbərlərindən olan Elnur Quliyevin qəzetimizə verdiyi məlumata görə, fanklub öz hesabına hazırladığı xoreoqrafiya üçün 8 min manat xərcləyib. Sözün düzü, “Qarabağ Ordu” və “İmarət Tayfa”dan savayı fəallıq göstərənlərin sayı o qədər də çox olmadı. 30 minə yaxın azarkeşin varlığını hakimin məlum penalti qərarını verdiyi və qolların vurulduğu zaman hiss etdik. Amma “Qarabağ”ın qələbəsi üçün dua edən tərəfdarları da unutmamalıyıq. Hətta bu sırada “Ayətül-kürsi” oxuyan azyaşlı da var idi... Texniki zonalardakı durum da maraqlıydı. “Ayntraxt”ın məşqçilər korpusu yetərincə gərgin görünürdüsə, “Qarabağ”dan Qurban Qurbanovun ənənəvi zəhmi və sakitliyi diqqətdən kənarda qala bilməzdi. O başqa məsələ ki, mütəxəssis Bəhlulun qolundan sonra gözyaşlarını saxlaya bilmədi. Heç şübhəsiz, o da bilirdi ki, artıq pley-off mərhələsinin qapıları taybatay açıqdı!
Əlbəttə, belə qələbə ya ən dərin emosional hisslər, ya da ən şıltaq sevinc yaşada bilər. Odu ki, Elvinin gah “Kəhər”lə, gah da spiker Sənan Şəfizadə ilə zarafatlaşmasını qeyri-adi qarşılamadıq. Stadionun içində dövrə vuran “Qarabağ” futbolçularının və minlərlə azarkeşin xoşbəxt göründüyü anlar əminik ki, uzun müddət yaddaşlardan silinməyəcək. Həmin vaxt saatın əqrəbləri artıq gecəyarısını göstərsə də, heç kim evə tələsmir, “Qarabağ”la daha çox vaxt keçirmək, qələbənin dadını çıxarmaq istəyirdi.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Təhlüləsizlik Şurası katibinin müavini Mədət Quliyev də stadionda idi. Elə Prezident İlham Əliyev də bu qələbəyə biganə qalmadı. Almaniyanın Bakıdakı səfirliyi də həmçinin. Görün, pley-off mərhələsinə yüksəlsək, nələr yaşanacaq!
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью