Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.
“Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə iki mühüm böhranla üz-üzə qalmışdı: dövlətçilik böhranı və lider böhranı”.
Bu sözləri millət vəkili Hikmət Babaoğlu “xalqcebhesi.az”a açıqlaması zamanı söyləyib.
Deputat qeyd edib ki, həmin dövrdə dövlətçilik böhranı ölkənin ərazi bütövlüyünə, milli təhlükəsizliyinə və sosial-iqtisadi vəziyyətinə ciddi təsir göstərmişdi:
“Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşılaşdığı əsas problemlərdən biri dövlətçilik böhranı idi. Bu böhran torpaqlarımızın işğalına, ölkə daxilində separatizm meyllərinin güclənməsinə, iqtisadi və sosial tənəzzülə gətirib çıxarmışdı. Digər mühüm məsələ isə lider böhranı idi. Siyasi idarəetmədə yaranmış boşluq dövlət institutlarının zəifləməsinə səbəb olmuşdu. Bu iki amilin bir-biri ilə bağlı olması nəticəsində Azərbaycanın milli təhlükəsizliyi ciddi təhlükə qarşısında qalmışdı. Belə ağır tarixi mərhələdə Azərbaycan xalqı öz dövlətçilik yaddaşına və siyasi təcrübəsinə əsaslanaraq çıxış yolunu Heydər Əliyevin liderliyində görürdü. Azərbaycan xalqı Heydər Əliyevin əvvəlki rəhbərlik dövründə gördüyü böyük işləri unutmamışdı. Sovet dövründə onun Azərbaycana rəhbərliyi ölkənin iqtisadi inkişafı, sənayeləşməsi, kənd təsərrüfatının və digər sahələrin tərəqqisi ilə yadda qalmışdı. Həmin illərdə həyata keçirilən layihələr, yaradılan müəssisələr, elm və təhsilin inkişafı xalqın rifahına və milli düşüncənin formalaşmasına mühüm təsir göstərmişdi. Bu tarixi xidmətlər xalqın yaddaşında yaşayırdı və yeni nəsillərə ötürülürdü. 1993-cü ildə ölkənin üzləşdiyi ağır vəziyyətdə xalqın Heydər Əliyevə müraciəti tarixi zərurət idi. Azərbaycan vətəndaş müharibəsi, dövlətçiliyin itirilməsi təhlükəsi ilə qarşılaşanda xalq yenidən Ulu Öndərə üz tutdu. 9 iyun 1993-cü ildə Heydər Əliyevin Bakıya qayıdışı, 15 iyunda isə Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməsi ölkəmizin tarixində dönüş nöqtəsinə çevrildi”.
Hikmət Babaoğlu qeyd edib ki, Milli Qurtuluş fəlsəfəsinin əsasını üç mühüm ideya təşkil edir:
“Bu fəlsəfənin əsas sütunları dövləti xilas etmək, milli həmrəyliyə nail olmaq və ictimai-siyasi sabitliyi təmin etmək idi. Məhz bu üç istiqamət Azərbaycanın gələcək inkişafının əsasını qoydu. 15 İyun – Milli Qurtuluş Günü həm də Qarabağın azadlığına gedən yolun başlanğıcıdır. Çünki dövlətçiliyimizin möhkəmlənməsi, ordumuzun güclənməsi və milli birliyin formalaşması son nəticədə ərazi bütövlüyümüzün bərpasına imkan verdi”.
Onun sözlərinə görə, Milli Qurtuluş Gününün mahiyyəti yalnız tarixi hadisə kimi deyil, həm də gələcək nəsillər üçün mühüm dövlətçilik dərsi kimi öyrənilməlidir:
“Bu gün Qurtuluş fəlsəfəsinin ideya əsasları – dövlətin qorunması, milli birliyin təmin edilməsi və sabitliyin saxlanılması prinsipləri öz aktuallığını qoruyur. Bu dəyərlər hər zaman cəmiyyətin əsas dayaqlarıdır. Ona görə də milli dəyərlərimizi qorumaq və gənc nəslə ötürmək mühüm vəzifələrimizdən biridir ki, Azərbaycan bir daha belə ağır böhranlarla üzləşməsin”.
Günel Elxan