Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Prezident İlham Əliyevin uzaqgörənliyi və böhranlı duruma hazır Azərbaycan
IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevə ünvanlanmış suallardan biri də hazırkı dövrdə quru dəhlizlərinin dəniz marşrutları qədər strateji əhəmiyyətə malik olması ilə bağlıdır. Daha doğrusu, Hudzon İnstitutundan Ken Moriyasu bildirdi ki, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiyə və Avropanı birləşdirən nadir coğrafi mövqeyə malikdir.
Lakin Qırmızı dənizdə və Hörmüz boğazında son pozulmalar dünyaya dəniz ticarətinin zəifliyini xatırlatdı. Onun dövlətimizin başçısından soruşduğu isə bu idi: “Sizcə, quru dəhlizlərin dəniz marşrutları qədər strateji əhəmiyyətə malik olacağı dövrə qədəm qoyuruqmu?”
Prezident İlham Əliyev suala ətraflı cavab verərək, durumu təfsilatı ilə əsaslandırdı və onun konkret nələri bildirdiyinə sonda diqqət yetirəcəyik. Hələlik onu deyək ki, Hudzon İnstitutunun təmsilçisinin sualı maraqlı və aktualdır. O anlamda ki, həqiqətən son illərdə beynəlxalq münasibətlərdə və geoiqtisadiyyatda quru nəqliyyat dəhlizlərinin dəniz yollarını tədricən əvəzləyəcəyinə dair müzakirələr getməkdədir. Lakin bu tezisə ehtiyatla yanaşmaq lazımdır.
Nəzərə alaq ki, dəniz yolları hələ də qlobal ticarətin əsas dayağıdır. Hazırda dünya ticarətinin təxminən 80-90 faizi həcm baxımından dəniz nəqliyyatı ilə həyata keçirilir. Bunun əsas səbəbləri sırasında aşağı daşınma xərclərini, böyük həcmli yüklərin daşınması imkanlarını, inkişaf etmiş liman infrastrukturlarının mövcudluğunu, qlobal logistika şəbəkəsinin dəniz daşımaları üzərində formalaşdığını vurğulamaq mümkündür. Deməli, yaxın perspektivdə dəniz yollarının tamamilə quru dəhlizləri ilə əvəzlənməsi real görünmür. Amma...
Son illər quru dəhlizlərinin əhəmiyyəti sürətlə artır. Bunu şərtləndirən cəhətlərə gəlincə, pandemiya dövründə təchizat zəncirlərinin pozulmasının, Süveyş kanalında “Ever Given” hadisəsinin (2021-ci ilin mart ayında baş vermiş və son illərin ən böyük qlobal logistika böhranlarından biri hesab edilən hadisədir. Bu zaman dünyanın ən iri konteyner gəmilərindən biri olan “Ever Given” Süveyş kanalında ilişərək kanalın hər iki istiqamətdə hərəkətini tamamilə dayandırmışdı – red.), Qırmızı dənizdə təhlükəsizlik risklərinin, Rusiya-Ukrayna müharibəsinin logistika marşrutlarına təsirinin, dövlətlərin tədarük zəncirlərini diversifikasiya etmək istəklərinin üzərində dayanmaq olar. Nəticədə, ölkələr alternativ quru marşrutlarına daha çox sərmayə yatırırlar.
Sırf dəhlizlərdən söz düşmüşkən, Orta Dəhlizin üzərində xüsusi dayanmağa ehtiyac var. Məsələ ondadır ki, məhz Orta Dəhliz yeni geoiqtisadi xəritənin əsas elementlərindən biri olaraq çıxış edir, Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutu kimi tanınır, Avropa ilə Asiyanı birləşdirən alternativ bağlantı yaradır, bəzi yük növləri üçün çatdırılma müddətini əhəmiyyətli dərəcədə azalda bilir, ən başlıcası, geosiyasi riskləri bölüşməyə imkan verir.
Yeri gəlmişkən, əksər logistika ekspertləri hesab edirlər ki, gələcəyin nəqliyyat sistemi dəniz, dəmir, avtomobil və hava yolu nəqliyyatının inteqrasiyası üzərində qurulacaq. Sadə dildə desək, konteyner əvvəl gəmi ilə limana çatacaq, sonra dəmir yolu ilə qitənin daxilinə daşınacaq ki, bunun, belə demək mümkünsə, terminləşmiş adı da var. Söhbət multimodal logistikadan gedir. Yəqin, diqqətli oxucularımız bu baxımdan Azərbaycanın mühüm tranzit və logistika mərkəzinə çevrildiyinin fərqinə vardılar. Məsələyə qayıdacağıq...
Üzərində dayanmalı vacib məqamlardan biri də ümumən geosiyasətin nəqliyyat marşrutlarını strateji alətə çevirməsi ilə bağlıdır. Yəni hazırda nəqliyyat dəhlizləri artıq yalnız iqtisadi layihə deyil. Onlar özündə enerji təhlükəsizliyini, siyasi təsir imkanlarını, regional inteqrasiyanı və milli təhlükəsizlik vasitəsinə çevrilmə potensialını daşıyırlar. Böyük güclərin müxtəlif nəqliyyat marşrutlarına nəzarət uğrunda rəqabət aparmaları reallığı elə bundan qaynaqlanır.
Ümumiləşdirmə aparsaq, hazırda dəniz yollarının tam əvəzlənməsi deyil, quru dəhlizlərinin onların strateji tamamlayıcısına çevrilməsi tendensiyasının nəzərə çarpdığını deyə bilərik. Yəni XXI əsrdə məqsəd dəniz yollarını əvəzləmək yox, qlobal tədarük zəncirlərini daha dayanıqlı etmək üçün quru dəhlizləri ilə onları tamamlayan çoxşaxəli logistika sistemi qurmaqdır. Başqa sözlə desək, gələcəyin geoiqtisadi modeli dəniz yolları ilə quru dəhlizlərinin rəqabətinə deyil, onların qarşılıqlı tamamlanmasına əsaslanacaq. Bununla belə, geosiyasi risklərin artdığı dövrlərdə quru dəhlizlərinin strateji çəkisi əvvəlki dövrlərlə müqayisədə daha sürətlə yüksəlməkdə davam edəcək.
Sonda bütün bu bildirdiklərimiz fonunda Prezident İlham Əliyevin Hudzon İnstitutundan Ken Moriyasunun sualına cavabına diqqət yetirək: “Bəli, hazırda Orta Şərqdəki vəziyyət bu dəhlizi (quru dəhlizləri nəzərdə tutulur – red.) daha cəlbedici edir və əgər siz mübarizənin qaynar dövründə təkcə uçuşların xəritəsinə nəzər salsanız, görərsiniz ki, Azərbaycandan çox dar dəhliz keçir. Eyni vəziyyəti Xəzər dənizi ilə və quru ərazi ilə daşımalara da aid etmək olar. Bir sözlə, bütün həmin meyarlar Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır”.
Prezident İlham Əliyevin suala cavab xüsusunda səsləndirdiyi bir fikrin üzərində isə ayrıca dayanaq. Dövlətimizin başçısı vurğuladı ki, “xoşbəxtlikdən, biz yüklərin artan həcminin daşınmasını təmin etməyə hazır idik” və ölkəmiz bu istiqamətdə 10 ildir işləyirdi. Deməli, Prezident İlham Əliyev hələ 10 il əvvəldən vəziyyətin bugünkü şəkil alacağını proqnozlaşdırıbmış və Azərbaycanın imkanlarını da duruma adekvat şəkildə formalaşnmasına nail olub. Həqiqətən, heyrətlənməmək, eyni zamanda, qürur və fəxr hissi keçirməmək olmur.
Prezident İlham Əliyevin siyasi səriştəsini və uzaqgörənliyini bir daha vurğulayaraq deyək ki, belə bir-birinə çulğalaşmış qlobal siyasi və iqtisadi düzəndə Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Ancaq söhbət konkret olaraq hazırkı düzənə hazırlıqdan gedirsə, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməliyik. Bu liman vasitəsilə Xəzər üzərindən yüklərin daşınması təmin edilir. Əsas məsələ daşımanın dəmir yolu və avtomobil infrastrukturu vasitəsilə tamamlanmasıdır ki, bu, Azərbaycanı Orta Dəhlizin əsas iştirakçılarından birinə çevirir. Belə bir iştirakçılıq tranzit gəlirlərimizi artırır. Təbii ki, artan, eyni zamanda, Azərbaycanın geosiyasi əhəmiyyətidir. O geosiyasi əhəmiyyət ki, qərarlaşması Prezident İlham Əliyevin müdrik liderlik keyfiyyətinin təntənəsidir.
Ə.CAHANGİROĞLU
XQ