Icma.az bildirir, Unikal.az portalına istinadən.
Son dövrlərdə quru dondurma adı altında təqdim edilən və müasir emal texnologiyalarından, o cümlədən liyofilizasiya (freeze-drying) üsulundan istifadə edilməklə istehsal olunan qida məhsullarının satışı həyata keçirilir.
"Unikal" xəbər verir ki, bu proses məhsulun əvvəlcədən dondurulmasından sonra vakuum şəraitində tərkibindəki suyun maye fazaya keçmədən birbaşa buz halından qaz halına çevrilməsi (sublimasiya) prinsipi əsasında həyata keçirilir.
Bu texnoloji proses nəticəsində məhsulun maye miqdarı minimuma endirilir, fiziki forması və qida dəyəri isə əsasən qorunub saxlanılır. Sublimasiya prosesi mikrobioloji riskləri azaltsa da, tam aradan qaldırmadığından, bu cür məhsulların təhlükəsizliyinin təmin olunması xammaldan başlayaraq istehsalın bütün mərhələlərində müvafiq gigiyenik tələblərə ciddi riayət edilməsini zəruri edir.
Ölkə ərazisində istehsalı geniş şəkildə aparılmayan quru dondurma məhsulları, minimum keyfiyyət və təhlükəsizlik tələblərinə cavab verdikləri, xammalın təhlükəsizliyi təmin olunduğu, istehsal və emal prosesində gigiyenik normalara riayət edildiyi hallarda insan sağlamlığı üçün hər hansı bir təhlükə yaratmır.
Qida təhlükəsizliyi sahəsində nəzarət tədbirləri çərçivəsində bu məhsulların idxalı, istehsalı və dövriyyəsi zamanı mövcud qanunvericiliyin tələblərinə uyğunluq təmin edilir, normativ tələblərə cavab verməyən məhsulların dövriyyəsinə yol verilmir və aşkar edilmiş uyğunsuzluqlar üzrə qanunvericiliyə uyğun tədbirlər görülür.
AQTA istehlakçıları bu tip məhsulları alarkən etiket məlumatlarına, istehsalçı barədə informasiyaya, istehsal və son istifadə tarixinə, eləcə də saxlanma şəraitinə diqqət yetirməyə çağırır. Qida məhsulları ilə bağlı şübhə doğuran hallarla rastlaşdıqları təqdirdə isə Agentliyin “1003-Çağrı Mərkəzi”nə müraciət etmələri tövsiyə olunur. Daha ətraflı məlumatı videosüjetdən əldə edə bilərsiniz: