Quru sərhədlərin payızda açılma ehtimalı nə qədərdir? Açıqlama

13.08.2026

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Quru sərhədlərinin uzun müddətdir bağlı qalması və bu məsələdə qərarların xüsusi qiymətləndirmələr əsasında verilməsi sərhədlərin nə vaxt açılacağı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Hazırda quru sərhədlərin payız aylarında və ya ilin sonunadək mərhələli şəkildə açılması ehtimalı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.
Sərhədlərin açılması ilə bağlı mümkün qərarın təhlükəsizlik və regional vəziyyət, eləcə də iqtisadi və sosial amillərlə əlaqəli olacağı gözlənilir. Belə bir addımın vətəndaşların quru yolla xaricə səfərlərinə, qonşu ölkələrlə gediş-gəlişə, turizm sektoruna və ticarət-iqtisadi əlaqələrə təsir göstərə biləcəyi diqqət çəkir.
Bəs quru sərhədlərin payızda və ya ilin sonuna qədər mərhələli şəkildə açılması mümkündürmü? Qərarın qəbuluna hansı amillər təsir edə bilər və sərhədlərin açılması vətəndaşların gediş-gəlişinə, turizmə və ölkənin iqtisadi əlaqələrinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, quru sərhədlərlə bağlı qərar Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən xüsusi qərargah tərəfindən aparılan qiymətləndirmələr əsasında verilir.

Onun sözlərinə görə, hazırda Naxçıvanda yaşayan və qeydiyyatda olan vətəndaşlarımız üçün Türkiyəyə gediş-gəlişdə məhdudiyyət yoxdur:
“Növbəti mərhələdə xüsusi qərargah tərəfindən həm aparılan qiymətləndirmələr, həm də regiondakı mövcud vəziyyət nəzərə alınmaqla qərarların veriləcəyi gözlənilir.
Biz quru sərhədlərin mərhələli şəkildə açılmasını məqsədəuyğun hesab edirik. Bu zaman qiymətləndirmənin aparılması və xüsusi qərargahın gəldiyi qənaətə uyğun olaraq qərarın verilməsi vacibdir.
Xüsusən nəzərə alsaq ki, Azərbaycanla Gürcüstan arasında qatar nəqliyyatı bərpa olunub, quru sərhədlərin də mərhələli şəkildə açılması və xüsusən Gürcüstan və Türkiyə ilə bağlı quru sərhədlərin açılması məsələsinə baxılması məqsədəuyğun olardı.
Lakin həm mövcud vəziyyət, həm regiondakı geosiyasi vəziyyət, həm də digər amillər nəzərə alınmaqla xüsusi qərargah tərəfindən qərarlar verilə bilər.
Burada qiymətləndirmə Nazirlər Kabineti tərəfindən aparılır. Nazirlər Kabineti də hər bir vətəndaşın təhlükəsizliyini nəzərə alaraq bu istiqamətdə qərarlar qəbul edir”, - deyə deputat fikrini tamamlayıb.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью