Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Regionda baş verən gərgin proseslər fonunda Azərbaycanın quru sərhədlərinin yaxın zamanda açılacağı ilə bağlı ümidlər zəifləyir. İran ətrafında artan risklər, eləcə də Azərbaycanla Ermənistan arasında hələ də yekun sülh sazişinin imzalanmaması vəziyyəti daha da mürəkkəbləşdirir. Maraqlıdır, bu hadisələrin fonunda quru sərhədlərin açılması yaxın vaxtlarda mümkündürmü, yoxsa hələ uzun müddət sərhədləri bağlı görəcəyik?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, regionda vəziyyət hər zaman ziddiyyətli və kəskin olub:
“Regionda vəziyyət daim gərgin xarakter daşıyıb. Azərbaycan bu gün əvvəlkindən daha güclü dövlətdir, ərazi bütövlüyünü bərpa edib və Ermənistanla sülh prosesi davam edir. Bununla yanaşı, İranda baş verən hadisələr ciddi risklər yaradır. Biz bütün mümkün təhlükələrə hazır olmalıyıq”.
Deputat qeyd edib ki, bölgədə sülh mühitinin qorunması Azərbaycanın əsas maraqlarındandır:
“Regionumuzda sülh zolağının qorunması bizim üçün son dərəcə önəmlidir. İrana qarşı hərbi müdaxilə Azərbaycanın maraqlarına uyğun deyil. Ümid edirik ki, İran hakimiyyəti özü müəyyən islahatlara gedəcək”.
Fazil Mustafanın sözlərinə görə, mövcud geosiyasi vəziyyət fonunda təhlükəsizlik məsələləri prioritet olaraq qalır və bu da quru sərhədlərin açılması məsələsinin yaxın perspektivdə gündəmə gəlməsini çətinləşdirir.
Aynurə İsmayıl
KONKRET.az
