Quruculuqla başlanıb hərblə tamamlanan dövlət suverenliyi

21.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

İkinci minilliyin sonlarında dünyada gedən ictimai-siyasi, sosial-iqtisadi proseslər ölkəmizin bir neçə keçid prosesini eyni vaxtda yaşamasına səbəb oldu: Bir iqtisadi-siyasi formasiyadan digərinə, yəni totalitar cəmiyyətdən demokratik cəmiyyətə; dövlət mülkiyyətindən xüsusi mülkiyyətə – sosial-iqtisadi münasibətlərdən bazar iqtisadiyyatına; kosmopolit mənəviyyatdan milli mənəviyyata və ən nəhayətində, imperiya buxovlarından azad olmuş tam müstəqil dövlətçiliyə keçid dövrü. Cəmiyyət bu keçid dövründə baş verə biləcək proseslərin heç birinə hazır deyildi. Müstəqil dövlətçiliyin yolu isə milli və ümumbəşəri dəyərlərin vəhdətində olan demokratikləşmədən keçirdi.

Yeni iqtisadi-siyasi sistemə adekvat düşüncə tərzinin formalaşmaması, ictimai şüur səviyyəsinin çoxpartiyalılıq və plüralizm bazisi səviyyəsindən çox aşağı olması ciddi çətinliklər yaratdı. Yaranmış situasiyadan sui-istifadə, anarxiya meyilləri geniş miqyas aldı. Müasir dövlətçilik tələblərinə uyğun demokratik, çoxpartiyalı vətəndaş cəmiyyəti əvəzinə bir-birinə əks qütblərdə dayananların çoxhakimiyyətliliyi formalaşdı. Bu qütbləşməni təmsil edən qüvvələrin hakimiyyət iddiaları müstəqilliyin ilk illərində ölkəmizin spesifik inkişaf modeli formalaşdırıb reallaşdırmasına, iqtisadiyyatın və mədəni-mənəvi həyatın vaxtında məcrasına düşməsinə mane olmaqla ciddi zərbələr vurdu.

Həmin illərdə bir qismində dövlətçilik təcrübəsi, digərində isə vətəndaşlıq mövqeyi çatışmayan qüvvələr dövlətçiliyi möhkəmləndirmək, iqtisadiyyatı dirçəltmək, milli-mənəvi dəyərləri qorumaq və inkişaf etdirmək əzmində olan yeganə sinkretik qüvvəni yaxına buraxmırdılar. Bir tərəfdə imperiyadan ikiəlli yapışıb ondan nicat gözləyən biganə, aciz, bəzən də komiklər, digər tərəfdə isə siyasətdən xəbərsiz diletantlar və hər şeyi sıfırdan qurmaq iddiasında olan debütantlar sayəsində həyatımızın bütün sahələrində deqradasiya prosesləri getdi.

Ötən əsrin 90-cı illərinin əvvəlində respublikamızdakı siyasi, iqtisadi və mədəni-mənəvi tənəzzül “Qarabağ kartı” ideyasının addım-addım həyata keçirilməsinə əlverişli mühit yaratdı. Lakin əvvəlki inkişaf səviyyəsinin xəfif xiffətini yaşayan xalqımız şəxsiyyətin əvəzolunmazlığını bir daha yəqin edərək taleyüklü yolayrıcında öz sözünü dedi. Hakimiyyət sükanını Azərbaycanın milli, regional və qlobal spesifikasını, iqtisadi imkanlarının reallaşdırılması yollarını, milli-mənəvi dəyərlərini incəliklərinə qədər bilən tarixi şəxsiyyətə etibar etdi.

Dini təəssübkeşliyin proyeksiyası

Müstəqilliyin əsas dayaqları olan dövlətçilik, iqtisadiyyat və mədəni-mənəvi dəyərlər məqsəd, vasitə və təməl baxımından asılı olmayan prinsiplərdir. Ulu öndər Heydər Əliyev iqtisadiyyatın inkişaf etdirilməsini son məqsəd kimi deyil, vasitə və təməl kimi nəzərdə tutaraq demişdir: “Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq”.

Ümummilli lider Qarabağ münaqişəsinin tez həlli ilə müsbət həlli arasında bərabərlik qoymağın çox böyük xəta olduğunu aydın hiss edirdi. Real beynəlxalq münasibətlər sistemini, iqtisadi-siyasi meyarları düzgün qiymətləndirə bildiyindən ölkənin maraqları ilə qlobal güclərin maraqları arasında sıx əlaqə və tarazlıq yaranana qədər daxildə ictimai-siyasi sabitliyin yaradılmasının vacib olduğunu nəzərə alan görkəmli tarixi şəxsiyyət deyirdi: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Bu baxımdan 1994-cü ildə atəşkəs haqqında sənədin imzalanması zərurət idi. Bu əldə olunduqdan sonra görkəmli dövlət başçısı konfliktin həllini iqtisadi müstəviyə proyeksiyalamaq sahəsində məqsədyönlü işlər apardı. Digər dövlətlərlə iqtisadiyyat sahəsində əməkdaşlıq üçün ölkəmizin coğrafi mövqeyi daha əlverişli şərait yaratdığından Cənubi Qafqaz beynəlxalq güclərin iqtisadi maraqlarının yönəldiyi əsas bölgələrdən birinə çevrildi. Belə bir şəraitdə regionun geosiyasi xəritəsini yenidən çəkmək və buraya çox güclü iqtisadi amil əlavə etmək uğrunda mübarizə başlandı.

Fenomenal lider Heydər Əliyevin əvəzsiz xidmətləri sayəsində ölkəmiz supergüclərin iqtisadi maraq dairəsinə daxil olduğundan onlar Azərbaycanda stabilliyin təmin olmasında maraqlı oldular. Nəticədə, qlobal siyasətdə ən mühüm uğurlardan biri əldə olundu: Böyük güc dövlətlərinin kor-koranə ermənipərəstlik və dini təəssübkeşlik hissləri iqtisadi maraqlar müstəvisinə proyeksiyalanmaqla kompensasiya edildi. Titanik müqəddəs məramlara xidmət edən “Əsrin müqaviləsi” ilə başlayan, uzaqgörənliklə düşünülmüş vahid strateji plan bu gün də ayrı-ayrı neft-qaz müqavilələri ilə uğurla davam etdirilir.

Diplomatiya, yoxsa müharibələr tarixi?

Bəşəriyyət tarixinə nəzər yetirib salnamələrlə tanış olanda elə təsəvvür yaranır ki, tarix ancaq müharibələr tarixindən ibarətdir. Müharibələrsiz dövrlər isə sanki arxa planda qalır. Lakin zaman ötdükcə, mövcud forma və məzmunlar da, dövlətə və dövlət başçılarının üstünlüyünə, məharətinə olan kriteriyalar da dəyişir. Filosofların təbirincə desək, bu məsələdə tarix iki mövqedən yanaşır – təsvirçi və təhlilçi tarix. Birinci qrupa aid olanlar əsasən böyük komandanlar və sərkərdələr haqqında yazılan salnamələrdir. İkinci qrupa isə dövlətçiliyin və onun maddi-texniki təməlinin möhkəmləndirilməsi üçün böyük ictimai islahatlar, sosial-iqtisadi quruculuq işlərini mütəşəkkil qaydada apara bilən liderlər haqqında yazılanlar aiddir. Çoxəsrlik tariximizdə və bəşər tarixində bu sahədə məlum faktlar kifayət qədərdir. Tarixdən nümunə: Osmanlının süqutundan sonra Atatürk istilaçı militaristlərə qarşı hərblə başlatdığı işi quruculuqla davam etdirərək yeni bir dünyəvi dövləti – çağdaş Türkiyə Cümhuriyyətini reallaşdırdı.

XX əsrdə Azərbaycanın dövlət müstəqilliyinə ikinci dəfə qovuşmasından ötən tarixə diqqət etsək, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətlərinin uyğun olaraq təhlilçi və təsvirçi tarixə yazıldığını görərik. Ölkəmizin müstəqilliyini möhkəmləndirən, dönməzliyini təmin edən müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndərin başlatdığı quruculuq işlərini dövlət başçısı İlham Əliyev müntəzəm davam etdirməklə qlobal təzyiqlərə baxmayaraq, hərblə tamamladı və müasir, müstəqil Azərbaycanın dövlət suverenliyini tam təmin etdi.

Bakıda keçirilən AQEM-in 7-ci Zirvə Görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər də bunu təsdiq edir: “Müharibə bizim seçimimiz olmayıb. Bizi müharibəyə Ermənistan məcbur edib. Onun arxasında dayanan havadarlar isə, görünür ki, Azərbaycanın öz suverenliyini və beynəlxalq hüququ güc yolu ilə bərpa edəcəyini düşünmədilər”.

30 il davam edən səmərəsiz danışıqlar, dəyişməyən status-kvo, beynəlxalq təşkilatların və bəzi dövlətlərin aşkar və ya gizli dini təəssübkeşliyi Ermənistanı yeni ərazilərin işğalı iddialarına həvəsləndirdiyindən ərazilərimizə aramsız hücumlar edir, “yeni ərazilər uğrunda yeni müharibələr”lə təhdidlər edirdilər. Bu baxımdan da diplomatiyanın çox vaxt səmərəsiz olduğunu qeyd edən məşhur siyasətçilər “soyuq müharibə” terminini leksikonumuza gətirməklə haqlı bildirirlər ki, siyasət tarixi diplomatiya tarixindən daha çox müharibələr tarixi olmuşdur. Ermənistanın hücum təhdidlərinin möhtəşəm əks-hücumla cavablandırılması da bunun bir təsdiqidir.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsinə səbəb yalnız həmin gün baş vermiş hərbi hadisələr deyil, həmçinin otuz ildə formalaşmış siyasi, hərbi və diplomatik ziddiyyətlərin nəticəsi idi. Münaqişənin siyasi həlli baş tutmur və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi isə onun faktiki nəzarətindən kənarda qalmaqda davam edirdi.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və 30 il ərzində kağız üzərində qalmış dörd qətnamədə də vəziyyətin hüquqi-siyasi mahiyyəti əks olunmuşdu:

822 – Kəlbəcər rayonundan və Azərbaycanın digər yeni işğal edilmiş ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını,

853 – Ağdam rayonunun və Azərbaycanın digər yeni işğal edilmiş ərazilərinin ələ keçirilməsini pisləyərək işğalçı qüvvələrin dərhal və tam çıxarılmasını,

874 – qüvvələrin yeni işğal olunmuş ərazilərdən çıxarılmasını nəzərdə tutan Minsk prosesi çərçivəsində razılaşdırılmış tədbirlərin həyata keçirilməsini,

884 – Zəngilan rayonundan, Horadiz şəhərindən və Azərbaycanın digər yeni işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edirdi.

Bu qətnamələr sadəcə ərazi bütövlüyü prinsipini xatırlatmırdı, eyni zamanda, atəşkəsin təmin edilməsini, danışıqların davam etdirilməsini və qüvvələrin işğal olunmuş ərazilərdən çıxarılmasını siyasi həll prosesinin tərkib hissəsi kimi nəzərdə tuturdu. Sonrakı 27 il ərzində hərbi əməliyyatların miqyası azalsa da, münaqişənin əsas səbəbləri aradan qalxmır, siyasi razılaşma əldə edilmir və münaqişənin dondurulmasına cəhd edilirdi.

Azərbaycanın milli maraqları və beynəlxalq hüquq prinsipləri baxımından problemin getdikcə daha təhlükəli hal alan tərəfi məhz bu idi. Zaman keçdikcə, status-kvo müvəqqəti vəziyyətdən faktiki reallığa çevrilirdi. Məcburi köçkünlərin öz yaşayış yerlərinə qayıtması təmin olunmur, ərazi məsələsi həll edilmir, beynəlxalq vasitəçilik isə hüquqi prinsipləri konkret icra mexanizminə çevirə bilmirdi. AŞPA-nın sənədlərində də Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməməsinin davam etdiyi qeyd olunurdu.

Məhz bu prizmadan yanaşanda etnik münaqişələrin yaratdığı gərginlik, böhran yalnız “dondurulmuş münaqişə” deyil, həll olunmayan ərazi məsələsi, uzunmüddətli məcburi köçkün problemi və nəticəsiz diplomatik proseslərin illərlə üst-üstə yığdığı strateji gərginlik idi.

Sülh üçün kompromis

Müharibədən əvvəlki dövrdə tərəflər arasında real kompromis formulu ümumiyyətlə mövcud olmasa da, illərlə müzakirə olunan baza prinsipləri kifayət qədər konkret idi.

Azərbaycan danışıqlarda ərazilərin mərhələli şəkildə qaytarılması variantını qəbul etməyə hazır olduğunu açıq bəyan etmişdi. Hələ 2009-cu ildə Azərbaycan həmsədrlərin təkliflərini müəyyən şərtlərlə qəbul etdiyini, ilk mərhələdə beş rayonun, daha sonra Kəlbəcər və Laçının Azərbaycanın nəzarətinə qaytarılmasının nəzərdə tutulduğunu bildirmişdi.

Məcburi köçkünlərin – azərbaycanlıların Şuşaya və keçmiş Dağlıq Qarabağa qayıtmasına, daha sonra iki icmanın yanaşı yaşamasına əsaslanan mərhələli həll Azərbaycanın rəsmi mövqeyi idi. Uzun illər ərzində tərəflər bəzi prinsiplər üzrə yaxınlaşsalar da, bütün paket yekun şəkildə razılaşdırıla bilməmişdi. 2009-cu ildə həmsədrlər hələ də “qalan mühüm fikir ayrılıqlarından”, 2019-cu ildə isə balanslaşdırılmış həllin bütün elementlərinin birlikdə qəbul edilməsinin vacibliyindən danışırdılar.

Problem kompromis formulunun tamamilə olmamasında deyildi. Əsas problem ondan ibarət idi ki, illərlə müzakirə edilən prinsip və elementləri tərəflərin qəbul etdiyi, konkret vaxt cədvəli və icra mexanizmi olan yekun siyasi sazişə çevirmək mümkün olmadı. Minsk qrupu özü isə getdikcə funksionallığını itirən, danışıqlar naminə danışıqlar aparmağa üstünlük verən, status-kvonu saxlamağa cəhd edən, vasitəçi görüntüsünü yaradan, faktiki olaraq, turist diplomatiyasına çevrilmiş mənasız struktur halına gəlmişdi, bir sözlə, fəaliyyəti imitasiya xarakteri daşıyırdı.

Azərbaycan üçün bu prosesin ən ağrılı tərəfi zaman amili idi. Hər yeni danışıqlar mərhələsi ərazilərin faktiki vəziyyətini dəyişmirdi. Diplomatik proses uğursuzluq dalanına dirənmişdi.

Sərtləşən siyasi ritorika və qapanan kompromis məkanı

Artıq tərəflərin gələcək razılaşma üçün saxlamalı olduqları siyasi məkan getdikcə sərtləşən açıq bəyanatlarla daralırdı. Danışıqlarda konkret nəticə əldə olunmadığından 2019-cu il Azərbaycan-Ermənistan münaqişəsinin diplomatik tarixində mühüm psixoloji dönüş nöqtələrindən biri oldu.

Danışıqların davam etdiyi bir vaxtda Ermənistanın baş naziri Nikol Paşinyanın 5 avqust 2019-cu ildə Xankəndidə etdiyi çıxışında “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirməsi mümkün olan bütün diplomatik, mənəvi və dövlətçilik qırmızı cizgilərinin tapdalanması idi. Bu, sadəcə, emosional mitinq şüarı deyildi.

Bizim üçün bu bəyanatın əsas təhlükəsi ondan ibarət idi ki, qarşı tərəf yekun siyasi həll əldə olunmamışdan öncə mübahisəli status məsələsini birtərəfli şəkildə bağlanmış hesab edir. Danışıqlar prosesinin ən mürəkkəb predmetlərindən birinin nəticəsi, faktiki olaraq, əvvəlcədən elan edildiyindən kompromis üçün nəzərdə tutulan diplomatik məkan obyektiv olaraq qapanır. Buna görə də Paşinyanın sözləri yalnız ritorik sərtləşmə deyil, danışıqların məntiqinə zidd mövqe kimi qəbul edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 oktyabr 2019-cu ildə Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda Paşinyanın ağılsız bəyanatına cavab olaraq “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsini səsləndirməsi Azərbaycanın ərazi bütövlüyü mövqeyini qəti surətdə ortaya qoydu.

Ermənistanın siyasi rəhbərliyinin heç bir məntiqə sığmayan və sağlam düşüncəyə əsaslanmayan təhlükəli bəyanatları bununla məhdudlaşmırdı. 2019-cu il martın 29-da Ermənistanın ozamankı müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüşdə əvvəlki “ərazilər müqabilində sülh” formulunun onun üçün artıq mövcud olmadığını bildirərək bunu “yeni ərazilər uğrunda yeni müharibələr” yanaşması ilə əvəz etdiyini bildirmişdi.

Təhdid xarakterli bu bəyanatın siyasi-psixoloji təsiri onun arxasında hərbi baxımdan konkret əməliyyat planının olmasından qat-qat üstündür. Milli maraqlar və təhükəsizlik nöqteyi-nəzərindən belə sözlər müdafiə naziri səviyyəsində səsləndiriləndə, Ermənistanın yalnız mövcud status-kvonu qorumaq deyil, həm də yeni hərbi eskalasiya şəraitində əlavə ərazi əldə etmək imkanını da siyasi ritorikaya daxil etdiyi təsəvvürünü gücləndirirdi.

Formal olaraq diplomatik proses davam etsə də, erməni rəsmilərinin ritorikası kompromisi deyil, daha sərt mövqeləri legitimləşdirdiyindən münaqişənin həllində təhlükəli paradoks yaranmışdı. Paşinyanın, Tonoyanın iddiaları və təhdidləri göstərirdi ki, danışıqlar masasındakı diplomatik dil ilə ictimai-siyasi məkandakı dil arasında təzadlı fərq böyüyür. Və bunun məsuliyyəti də məhz Ermənistanın üzərinə düşür.

Uzun illər nəticə verməyən danışıqların fonunda bu cür ritorikalar qarşı tərəfin niyyətləri barədə ən mənfi ssenarilərin daha inandırıcı görünməsinə səbəb olurdu. 2020-ci ilin yayında sərhəddə baş verən hadisələr artıq bu siyasi atmosfer daxilində qəbul edilir.

Münaqişənin coğrafiyasını, təhlükə dərəcəsini dəyişən eskalasiya

Müharibə yalnız bəyanatlarla izah edilə bilməz. 12 iyul 2020-ci ildə başlayan Tovuz döyüşləri əvvəlki silahlı toqquşmalardan bir mühüm xüsusiyyətinə görə fərqlənirdi: hadisələr Qarabağdakı keçmiş təmas xəttində deyil, bölgədən yüzlərlə kilometr uzaqda Azərbaycan-Ermənistan dövlət sərhədində baş verirdi.

Ermənistan silahlı qüvvələri iyulun 12-də Tovuz istiqamətində artilleriyadan istifadə etməklə mövqelərimizi ələ keçirməyə cəhd etmiş, Azərbaycan Ordusu da cavab tədbirləri görmüşdü. ATƏT həmişəki kimi süni neytrallıq nümayiş etdirməklə atəşin hansı mövqedən açıldığını bildirmədi. Döyüşlərin miqyası isə çox ciddi idi. Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev də daxil olmaqla yüksək rütbəli hərbçilər qəhrəmancasına həlak oldular.

Tovuz döyüşlərinin strateji əhəmiyyəti itkilərlə yanaşı, baş verdiyi zonanın Azərbaycanın qərbə uzanan əsas enerji və nəqliyyat arteriyalarının yerləşdiyi geniş dəhlizə yaxın olması idi. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu həmin tranzit sisteminin tərkib hissələridir. “Reuters” agentliyi həmin günlərdə Xəzər neft və qazını dünya bazarlarına daşıyan boru kəmərlərinin yerləşdiyi regionda sabitliyə yaranan təhlükənin məhz beynəlxalq narahatlığın səbəblərindən biri olduğunu yazırdı. Beləliklə, Tovuz istiqamətində hərbi gərginlik Azərbaycanın təhlükə məfhumuna yalnız sərhəd mövqelərinə təhlükə deyil, ölkəmizin regional və qlobal enerji, nəqliyyat roluna toxuna biləcək daha böyük risk idi.

Tovuz döyüşləri cəmiyyətdə elə rezonans yaratdı ki, hadisədən sonra Bakıda və digər yerlərdə minlərlə insan orduya dəstək nümayişlərinə çıxdı, həmin aksiyalarda səfərbərlik və daha sərt hərbi cavab tələbləri səsləndirilirdi.

Uzun illər beynəlxalq qurumlardan, vasitəçi dövlətlərdən müşahidə edilən qeyri-obyektivlik, bundan qaynaqlanan haqlı narazılıq, danışıqların nəticə verməməsi və yeni baş vermiş ciddi hərbi təhlükə artıq cəmiyyətdə daha geniş ictimai səfərbərlik yaratdı. Mənəvi səfərbərlik çox böyük qüvvə olduğundan onu asanlıqla məğlub etmək də mümkün deyil. Erməni hücumlarına, qəsbkarlığına qarşı vaxtında lazımi müqavimət göstərə bilməməyimizin bir səbəbi də mənəvi səfərbərliyin kifayət qədər olmaması idi. Çünki mənəvi səfərbərlik birdən-birə yaranmır. Cənab Prezidentin təbirincə desək, ötən illər ərzində gənclərin yüksək vətəndaşlıq, vətənpərvərlik, humanizm ruhunda ləyaqətlə yetişməsi onlarda Vətən üçün iftixar hissi yaratdı. Bu səfərbərlik ruhunun formalaşmasına və saxlanmasına xidmət etməklə dolayısı ilə düşmənə qarşı mübarizə tərbiyəsi idi, düşmənçilik hissi deyildi.

Bəşəriyyət tarixində baş vermiş müharibələrdən də məlumdur ki, mənəvi cəhətdən yaxşı səfərbər olmayan cəmiyyət və ordu qarşı tərəflə müqayisədə nə qədər təkmil və daha modern-müasir silahlarla təchiz edilsə də, yenə məğlubiyyətə məhkumdur.

2020-ci ilin iyulunda baş vermiş hərbi qarşıdurma torpaqlarımızı işğaldan azad etmək üçün başlayacaq haqq işimizin, Vətən müharibəsinin avtomatik və birbaşa başlanğıcı olmasa da, münaqişənin risk coğrafiyasını dəyişib, təhlükəlilik dərəcəsində ciddi sıçrayış yaratdığından bir daha təsdiq etdi ki, həll olunmamış münaqişlərin təhlükəsi yalnız əvvəlki təmas xətti ilə məhdudlaşmır. İki aydan bir qədər artıq müddət sonra baş verəcək hadisələrin hərbi-siyasi fonu məhz bu şəraitdə formalaşırdı.

(davamı növbəti saylarımızda)

Hümbət MUSAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью