Qurumların “CV oyunu”...

23.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da vətəndaşlar işə düzəlmək üçün müxtəlif müraciət formalarından istifadə edirlər. 

Əgər bir vaxtlar insanlar əsasən təyinat, birbaşa əyani müraciət və kiminsə vasitəçiyi ilə işə düzəlirdilərsə, son vaxtlar bu sahədə yeni variantlar tətbiq edilir. Belə ki, işə düzəlmək istəyən vətəndaşlar əsasən iş elanlarının yayıldığı saytları, kadr agentlikləri, əmək yarmarkalarına müraciət edirlər. 

Vakansiya ilə bağlı elan təqdim edən qurumlar isə ancaq iş axtaran şəxsin təhsili, iş təcrübəsi, bacarıqları, sertifikatları və peşəkar nailiyyətlərini əks etdirən qısa, strukturlaşdırılmış sənəd olan CV göndərilməsini tələb edir. Həmin işə yararlı olduğunu düşünən vətəndaşlar isə göstərilən ünvana öz CV-lərini göndərirlər. 

Ancaq bu da bir faktdır ki, işaxtaran CV göndərdikdən sonra aylarla gözləsə də,  geridönüş olmur. Sonda isə məlum olur ki, həmin vakansiya elan edilən sahəyə işçi artıq götürülüb. Onu da qeyd edək ki, bu gün də tanışlıq, tapşırıqla işə düzəlmə “ənənəsi” davam edir. 

Şirkətlər, qurumlar isə vakansiyanı elan etməklə həmin idarənin “şəffaf” olduğunu, seçim yolu ilə vətəndaşları işə götürdüyünü göstərməyə çalışırlar. Əslində isə onlar həmin vakansiya üçün lazım olan namizədi başqa “yollarla” işə götürürlər. 

Bu gün ölkədə işə düzəlmə ilə bağlı CV amili o qədər aktuallaşıb ki, hətta “CV biznesi” də yaranıb. Belə ki, onlayn olaraq istənilən qiymətə və müxtəlif dillərdə CV hazırlayan şirkətlər, fiziki şəxslər fəaliyyət göstərirlər. Qiymətlər isə CV-nin hazırlanma qaydası, dilinə uyğun olaraq 15 manatdan başlayır.

Əgər vətəndaşların CV vasitəsilə işə düzəlməsi mümkün deyilsə, “CV oyunu”na nə ehtiyac var? Məsələ ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquqşünas Sahib Məmmədov “Cebheinfo.az”-a bildirib ki, bu gün insanları aldadıb CV tələb edən fiziki şəxslərlə yanaşı, ciddi qurumlar da var: 

“Onların həmin CV-ləri qəbul etməsi o demək deyil ki, həmin şəxsləri işə götürəcəklər. CV-lərlə bağlı ilkin təəssürat yaranır. Sonra çağırıb söhbət etməlidirlər. Xaricdə işə qəbulla bağlı ilkin məlumat olaraq CV göndərilir. Uyğunluq olduğu təqdirdə müsahibəyə dəvət edirlər. Sonra digər keyfiyyətlərini üzə çıxarırlar. 

Bəzi işədüzəltmə büroları var ki, hətta peşəyönümü istiqamətində şəxsləri hazırlaşdırırlar. Sonra onu işəgötürənə “satırlar”. Yəni işəgötürəndən müəyyən məbləğ müqabilində həmin şəxsi ona təhvil verirlər. Bundan başqa, bu sahədə fırıldaqçılar da var ki, onlar CV-dən əlavə, pul da tələb edirlər. 

Əgər pul tələbi ilə başlayırsa, demək, şübhələnməyə əsas var. Ancaq ümumilikdə CV tələb olunması normaldır. Vakansiya elan olunduqda, vətəndaş məqsədəuyğun məlumatlarını CV-yə yerləşdirir. Həmin iş elanını verən qurum isə CV-yə baxır və uyğunsuzluq olduqda heç çağırmır. 

Ancaq uyğun hesab etdikləri şəxsi çağırıb söhbət edir və müsbət nəticə əldə etdikdə digər mərhələyə keçirirlər. Yaxud da nəzakətlə deyirlər ki, lazım olsa, sizi dəvət edəcəyik”. 

O bildirib ki, işədüzəltmədə vasitəçi olan vicdanlıların məqsədi odur ki, daha çox adamı işə düzəldib, daha çox pul qazansınlar: 

“İndi bizdə dəbdir ki, hər iki tərəfdən pul alırlar. Ancaq fırıldaqçılıqla məşğul olanlar var ki, əvvəlcədən onlardan 10-50 manat pul alıb, telefonunu saxlayırlar və bu, artıq dələduzluqdur. Bəzən iş üçün müraciət edən şəxsləri “başından etmək” üçün deyirlər ki,“CV göndərin, baxarıq. Yəni bu kimi hallar da var”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: “CV oyunu” Sahib Məmmədov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью