Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Bu mövsümdə 18 min hektarda bol məhsul yetişdirilir
İlin bütün fəsillərində uca zirvələri dümağ qarla örtülü olan Şahdağ! Bu möhtəşəm dağın ətəklərindəki torpaqlarda yerləşir Qusar rayonu. İnsanları sadə, mehriban və əməksevərdir bu yerlərin. Həm də çox qonaqpərvərdirlər.
Azərbaycanın bu gözəl bölgəsinin əhalisi bərəkətli torpaqlarda ilboyu taxıl, meyvə, tərəvəz və digər kənd təsərrüfatı məhsulları yetişdirir. Rəsmi statistik göstərcilərə nəzər yetirsək görərik ki, Qusarda aqrar sektorun bütün sahələri üzrə məhsul istehsalı davamlı olaraq yüksəlir. Yaxşı iş üz ağardır deyirlər. Buna necə sevinməmək olar?!
Bu uğurlar, əlbəttə, dövlətin kənd təsərrüfatına göstərdiyi hərtərəfli dəstəkdən, yerlərdə idarəetmənin səmərəli təşkilindən, fermerlərin işə can yandırmalarından qaynaqlanır. Rayonda məhsul istehsalı artdıqca, əhalinin rifahı da yüksəlir. Bu günlərdə Qusar bazarına yolu düşənlər burada hər çeşiddə keyfiyyətli meyvə və tərəvəz tapa bilərlər. Qiymətlər, təbii ki, şəhərlərdəki bazarlarla müqayisədə xeyli münasibdir.
Son illər rayonda sürətlə inkişaf edən sahələrdən biri meyvəçilikdir. Əslində, meyvəçilik rayonun ənənəvi sahələrdən sayılır. Qusarda bağbançılıq ənənələri bu gün də yaşayır və davam edir. Ədalət naminə demək lazımdır ki, bu rayonda becərilən meyvələrin dadı, tamı bir başqadır və onların müştəriləri hər yerdə günbəgün artır.
Əlamətdar haldır ki, son dövrdə rayonda intensiv bağçılığa meyl güclənir. Bunun əsas səbəbi budur ki, innovativ texnologiyalardan istifadə edilməklə salınan bağlarda məhsuldarlıq daha yüksək olur və məhsulun maya dəyəri isə kifayət qədər ucuz başa gəlir. Son illər rayonda bir neçə irihəcmli meyvə soyuducusu inşa edilərək istismara verilib ki, bu da yerli məhsulun keyfiyyətini uzun müddət qoruyub saxlamaqla, onu artıq qış aylarında hissə-hissə istehlakçılara çatdırmağa imkan yaradır.
Hazırda rayonda 18 min hektardan çox meyvə bağı var. Bunun 10 min hektarı intensiv və super intensiv meyvə bağlarıdır. Rayonda intensiv bağların sahəsi hər il 700-800 hektar artırılır. 2025-ci il rayon meyvəçiləri üçün uğurlu olub. Onlar bağlarda bol məhsul yetişdirərək vaxtında tədarükünü təşkil edə biliblər. Ötən il rayon üzrə 90 min tondan artıq meyvə toplanıb ki, bu göstərici əəvvəlki ildə olduğundan xeyli çoxdur.
Diqqətinizə aşağıdakı faktları da çatdırmaq istərdik. Bu ilin ilk yarısında Qusarda 736,2 hektar yeni meyvə bağı salınıb, bunun 298 hektarı nektarin və şaftalı, 174,7 hektarı alma, 157,5 hektarı gilas bağlarıdır. Ekspertlər hesab edirlər ki, bu, müsbət tendensiyadır, ona görə ki, rayonda alma ilə yanaşı, armud, şaftalı, nektarin, gilas, fındıq, qoz və digər meyvələrin istehsalının genişləndirilməsi fermerlərin bazar risklərini azaltmağa kömək edir.
Digər maraqlı cəhət isə budur ki, rayonda suvarma suyundan səmərəli istifadə etmək məqsədilə konkret addımlar atılır. Belə ki, bir çox iri fermer təsərrüfatlarında mütərəqqi sayılan damcı suvarma texnologiyasından bəhrələnməyə çalışırlar ki, bu da su itkisinin azalmasına və məhsuldarlığın yüksəlməsinə şərait yaradır. Yeri gəlmişkən, dövlətin intensiv bağçılığa dəstək mexanizmlərində damcı suvarma texnologiyasının tətbiqi mühüm şərtlərdəndir.
Qusarın meyvə bağlarında bu il məhsul boldur. Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacov bildirdi ki, rayonda yüksək məhsuldar intensiv bağların salınması aqrar sektorun ixrac potensialını artırır. İndi əsas məqsəd mümkün qədər çox xarici bazarlara çıxış imkanı əldə etməkdir. Qusarlılar təkcə Rusiya bazarları ilə kifayətlənmək istəmirlər, nəzərlərini Avropa bazarlarına da dikiblər. Bunun üçün əməli işlər görməyə çalışırlar.
Yeri gəlmişkən, bu il avqustun 14-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “İntensiv Meyvə Bağları Festivalı” keçirilib. Bu məsələ ilə bağlı Qusar DAİM-in direktoru Rauf Minhacov öz “feysbuk” səhifəsində yazıb ki, festivalın məhz Qusarda keçirilməsi təsadüfi deyil. Son illər rayonda modern meyvəçiliyin inkişafı, intensiv bağların salınması, müasir becərmə üsulları və innovativ texnologiyaların tətbiqi istiqamətində mühüm işlər görülüb.
Mərkəz rəhbəri daha sonra qeyd edib ki, Qusarda ənənəvi meyvəçilik təcrübəsini müasir yanaşmalarla birləşdirilərək, məhsuldarlığın və ixrac potensialının artırılması istiqamətində inamlı addımlar atılır. Festivalda çıxışlarda bu uğur təqdir olunub. Toplantıda çox sayda şirkətlərin nümayəndələri, alim və mütəxəssislər iştirak ediblər. Təqdim olunan yeniliklər yerli sahibkarlar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
İştirakçıların yekdil rəylərinə əsasən demək olar ki, festival aqrar sahədə müasir yanaşmaların təşviqi, fermerlərin yeni texnologiyalarla tanışlığı, təcrübə mübadiləsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
M.HACIXANLI
XQ