futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
Qusar şəhərində 16 yaşadək şahmatçılar arasında Respublika Olimpiadasına start verilib.
Futbolpress.az xəbər verir ki, turnirin iştirakçıları ilk növbədə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Açılış mərasimində çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov qonaqları və zəkaları ilə yarışacaq idmançıları salamlayaraq onlara müvəffəqiyyətlər arzulayıb. İcra başçısı diqqətə çatdırıb ki, növbəti 9 gün ərzində Qusar əsl idman həyəcanına ev sahibliyi edəcək.
Azərbaycan Şahmat Federasiyasının I vitse-prezidenti Faiq Həsənov vurğulayıb ki, tanınmış qrossmeysterlər məhz bu cür kütləvi turnirlərdən başlayaraq püxtələşir və böyük uğurlara imza atırlar. O, Qusardakı yarışın gənc şahmatçıların xatirəsində xüsusi yer tutacağına əminliyini ifadə edib.
Yarışın baş hakimi Azər İbrahimov isə turnirin reqlamenti haqqında ətraflı məlumat verib. Bildirilib ki, avqustun 11-dək davam edəcək olimpiada A və B divizionları üzrə 11 turdan ibarət olacaq. A qrupunda 2010–2015-ci il təvəllüdlü (11–16 yaş), B qrupunda isə 2016-cı il təvəllüdlü və daha kiçik yaşlı (10 yaşa qədər) şahmatçılar mübarizə aparacaqlar.