Qusarda sel təhlükəsi yaranan ərazilər nəzarətə götürülüb

05.04.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qusar, 5 aprel, AZƏRTAC

Qusar rayonunda sel təhlükəsi yaranan ərazilər nəzarətə götürülüb.

Qusar Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, iki gün davam edən yağıntılı hava şəraiti ilə əlaqədar rayon ərazisində bir sıra fəsadlar qeydə alınıb. Bununla əlaqədar Rayon Fövqəladə Hallar Komissiyasının və müvafiq dövlət qurumlarının nümayəndələri ərazilərə cəlb olunub.

Hil, Yasab, Mucuq, Gündüzqala və digər kəndlərində təhlükəli ərazilərə baxış keçirilib, fəsadlar yerində qiymətləndirilib. Sel Yasab kəndinə gedən avtomobil yoluna, Mucuq kəndində körpüyə ziyan vurub, Hil kəndində çay kənarlarında torpaq yuyulması müşahidə olunur.

“Yaranmış problemlərin operativ şəkildə aradan qaldırılması məqsədilə hazırda aidiyyəti qurumlar tərəfindən təxirəsalınmaz işlər görülür, ərazilərə ağır texnika cəlb olunub. Ümumilikdə vəziyyət nəzarət altındadır və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir”, - deyə məlumatda qeyd olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью