Qusarın Urva və Çiləgir kəndlərinin problemləri dinlənildi FOTO

10.02.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Urva və Çiləgir kəndlərində sakinlərlə görüşüb. 
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, səyyar qəbullarda Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, RİH başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, müvafiq idarə, müəssisə rəhbərləri və kəndlərin sakinləri iştirak ediblər.
Səyyar qəbullardan əvvəl rayon rəhbərliyi tərəfindən Urva və Çiləgir kəndlərində şəhidlərin xatirə guşələri ziyarət edilib.
Səyyar qəbulların başlanğıcında Ümumilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Urva kəndində keçirilən səyyar qəbulda sakinlər kəndin əsas yolunun təmiri, istismara yararsız elektrik xətlərinin yenilənməsi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Həmçinin elektrik enerjisinin verilişində fasilələrin yaranması, yay aylarında içməli suyun azlığı, örüş sahələrinin zəbt olunması, yeni salınmış məhəlləyə ana qaz xəttinin çəkilməməsi kimi məsələlər müraciətlər sırasında yer alıb.
 

Çiləgir kənd sakinlərinin müraciətləri sırasında yay aylarında içməli suyun azlığı, istismar müddətini başa vurmuş köhnə elektrik dirəklərinin yenilənməsi, Qusar-Şahdağ avtomobil yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində yol hərəkəti nişanlarının quraşdırılması, qəbiristanlıq üçün əlavə torpaq sahəsinin ayrılması kimi məsələlər yer alıb.


Həmçinin kənd stadionunun yerləşdiyi torpaq sahəsinin örüş sahəsi kimi qeydiyyata alınması səbəbindən sənədləşmə prosesində çətinliklərin yarandığı qeyd edilib. 
Səyyar qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilib, aidiyyəti üzrə idarə, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib. 






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью