Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Premyer Liqasında “Liverpul”un ardıcıl üçüncü qələbəsi (31 xal), “Mançester Siti”nin də ard-arda üçüncü məğlubiyyətindən (23) sonra liderlə onun ən yaxın izləyicisi arasında xal fərqi 8-ə yüksəlib.
İdman.biz xəbər verir ki, “Liverpul” autsayder “Southempton” səfərində hesabda geri düşsə də, Mohamed Salahın dublu sayəsində əzmkar qələbə qazanıb – 3:2.
Misirli futbolçu əbəs yerə növbəti “Qızıl top”a əsas namizədlərdən biri sayılmır.
“Mançester Siti”nin öz meydanında “Tottenhem”ə 0:4 hesablı gözlənilməz məğlubiyyəti ilə Pep Qvardiola məşqçi karyerasında dördüncü dəfə dörd top fərqilə uduzmuş olub.
Liderlər qrupunda yer alan komandalardan “Çelsi”nin səfərdə “Lester”ə (2:1), “Arsenal”ın evdə “Nottingem”ə (3:0) qalib gəlmələrini, həmçinin yeni baş məşqçisi Ruben Amorimlə ilk oyununa çıxan “Mançester Yunayted”in isə artıq 2-ci dəqiqədə hesabı açmasına baxmayaraq, “İpsviç” səfərində qələbə qazana bilməməsini (1:1) qeyd etmək olar.
İspaniya La Liqasında “Barselona”nın son iki oyunda qələbəyə həsrət qalması (34 xal), “Real Madrid”in isə ardıcıl iki turda “üzünün gülməsi” (30) nəticəsində liderlə ən yaxın izləyicisi arasında xal fərqi 4-ə enib.
“Barsa” “Selta” səfərində oyunun sonlarında iki dəqiqəyə qapısından iki top buraxaraq qələbəni əldən verib – 2:2.