Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Tanınmış futbol məşqçisi Pep Qvardiola Dubayda basketbol üzrə Avroliqanın qarşılaşmasını izləyərkən xüsusi hədiyyə alıb.
İdman.Biz xəbər verir ki, ispaniyalı mütəxəssis Avroliqanın 12-ci turunda “Dubay” və “Anadolu Efes” komandaları arasında keçirilən matçın fəxri qonağı olub.
Görüşdən əvvəl “Dubay” klubunun baş meneceri Deyan Kamenyaşeviç Qvardiolaya üzərində soyadı və 4 nömrəsi yazılmış xüsusi forma təqdim edib. Bu nömrə ispaniyalı mütəxəssisin “Barselona”da futbolçu kimi çıxış etdiyi dövrdə daşıdığı nömrədir.
Noyabrın 17-də “Coca-Cola Arena”da keçirilən qarşılaşma meydan sahiblərinin 80:75 hesablı qələbəsi ilə yekunlaşıb.
“Dubay”ın heyətində Mfiondu Kabengele 18 xal və 18 ribaundla yadda qalıb. O, görüşün ən faydalı basketbolçusu seçilib.
Qeyd edək ki, Qvardiola basketbola böyük marağı ilə tanınır. O, 2024-cü ildə NBA finalında “Boston Seltiks” və “Dallas Maveriks” arasında keçirilən qarşılaşmalardan birini də tribunadan izləyib.