Rabitəbank Azərbaycanda İslam bankçılığı üzrə Mudaraba və Murabaha məhsullarının tətbiqinə BAŞLADI

04.02.2026

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Rabitəbank alternativ maliyyə ehtiyaclarının qarşılanması və bank sektorunda innovativ yanaşmaların təşviqi istiqamətində daha bir mühüm addım atdı. Bank 2 fevral 2026-cı il tarixindən etibarən İslam maliyyə prinsiplərinə əsaslanan Mudaraba və Murabaha məhsullarını təqdim etməyə başlayıb.

Yeni məhsullar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tətbiq edilən xüsusi tənzimləmə rejiminə uyğun olaraq həyata keçirilir və ölkədə alternativ maliyyə alətlərinin inkişafına, bank xidmətlərinin əlçatanlığının artırılmasına, eləcə də maliyyə inklüzivliyinin gücləndirilməsinə xidmət edir.

Mudaraba- İslam prinsiplərinə uyğun sərmayə modeli

Mudaraba məhsulu üzrə cəlb edilən vəsaitlərin minimum məbləği 500 AZN, maksimum məbləği isə 500.000 AZN və ya onun USD/EUR ekvivalenti təşkil edir. Depozitin müddəti 3, 6, 9, 12 ay olaraq müəyyən edilir. Məhsuldan həm fiziki şəxslər, həm də sahibkarlar yararlana bilərlər.

Mudaraba çərçivəsində sərmayələr İslam bankçılığı prinsiplərinə uyğun şəkildə idarə olunur və əldə edilən xalis gəlirin 80%-i müştərilərə, 20%-i isə bankın marjası kimi bölüşdürülür. Müqavilə üzrə bank öz kapitalı ilə məsuliyyət daşıyır və bu məsuliyyət şərtləri müqavilədə açıq şəkildə qeyd olunur.

Murabaha – Faizsiz və şəffaf maliyyələşdirmə imkanı

Murabaha məhsulu sahibkarların dövriyyə vəsaitlərinə olan ehtiyaclarının qarşılanması, eləcə də əsas vəsaitlərin alınmasının maliyyələşdirilməsi məqsədilə təqdim olunur. Bu məhsul üzrə maliyyələşmə məbləği 30.000 AZN-dən 500.000 AZN və ya onun USD/EUR ekvivalentində, müddət isə maksimum 12 ay təşkil edir.

Murabaha çərçivəsində maliyyələşmə malların, iş və xidmətlərin alışı əsasında  faizsiz şəkildə həyata keçirilir. Marja dərəcəsi müştəri maliyyələşdirilən zaman sabit məbləğ kimi hesablanır və komissiyasızdır. İslam bankçılığı prinsipləri ilə qadağan edilməyən bütün biznes sahələrinin maliyyələşdirilməsi mümkündür. Bu məhsuldan həm hüquqi şəxslər, həm də fərdi sahibkarlar yararlana bilərlər.

Rabitəbank bu təşəbbüslə müasir bankçılıq təcrübəsini alternativ maliyyə modelləri ilə birləşdirərək müştərilərin dəyişən maliyyə ehtiyaclarına uyğun yeni və etibarlı imkanlar yaradır.

Qeyd edək ki, hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet Bankçılıq platforması, “Rabita Business” tətbiqi, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью