Radar başqa avtomobili səhv qeydə ala bilər? Açıqlama

31.07.2026

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Yollarda quraşdırılan sürət radarlarının nə dərəcədə dəqiq işlədiyi və eyni anda hərəkət edən bir neçə avtomobil arasında sürətin necə müəyyən edildiyi sürücüləri düşündürən əsas məsələlərdəndir. Bəzən sürücülər cərimənin öz avtomobillərinə deyil, yaxınlıqda hərəkət edən başqa nəqliyyat vasitəsinə aid olduğunu iddia edirlər.
Radarlar sürəti necə müəyyən edir? Başqa avtomobilin sürətini səhv qeydə ala bilərmi və belə halda sürücü nə etməlidir?
Nəqliyyat eksperti Raqif Raufoğlu Demokrat.az-a açıqlamasında söyləyib ki, radarların iş prinsipi illərdir dəyişməyib:

“Onlar Doppler qanunu əsasında fəaliyyət göstərir. Yəni radar radio dalğası göndərir, həmin dalğanın obyektə dəyib geri qayıtmasını analiz edir və nəqliyyat vasitəsinin sürətini müəyyənləşdirir. Radarın gördüyü əsas iş də məhz bundan ibarətdir.
Əslində, radarın yerləşdiyi məntəqələrdə paralel olaraq kamera da quraşdırılır. Vacib məqam odur ki, şəkli çəkən radar deyil, kameradır. Radar yalnız sürəti ölçür. Bəzən eyni anda paralel hərəkət edən iki avtomobil olduqda, kameranın görüntülərinin qiymətləndirilməsi zamanı yanlış seçim edilə bilər. Bu isə radarın deyil, görüntüyə baxan və ya cəriməni rəsmiləşdirən əməkdaşın diqqəti və peşəkarlığı ilə bağlı məsələdir. Belə hallar çox nadir baş verir. Keçmişdə buna bənzər maraqlı hadisələr yaşanıb. Məsələn, yüksək sürətlə hərəkət edən avtomobil traktoru ötərkən cərimənin traktora yazıldığı hallar olub. Hətta traktora 160 km/saat sürətlə hərəkət etdiyi barədə cərimə göndərilmişdi. Halbuki texniki baxımdan bu, mümkün deyildi. Sonradan həmin səhvlər şikayət əsasında aradan qaldırılıb”.
Ekspert hazırda şəhərdaxili yollarda istifadə olunan müasir sistemlərdə belə səhvlər olduqca nadir hallarda rast gəlindiyini deyib:
“Üstəlik, bu cür halların səbəbi radarın özü deyil. Radar sürəti dəqiq ölçür, çünki dar bucaq altında işləyərək hansı nəqliyyat vasitəsinin icazə verilən sürəti aşdığını müəyyən edə bilir. Məsələn, sürət həddi 70 km/saat olan yolda 85 km/saatla hərəkət edən avtomobili dərhal qeydə alır. Bir neçə avtomobil eyni vaxtda hərəkət etsə belə, sürətin müəyyənləşdirilməsində problem olmur. Yəni mümkün səhvlər, əgər baş verərsə, radarın sürəti ölçməsi ilə deyil, kameranın görüntüsünün düzgün qiymətləndirilməsi mərhələsi ilə bağlı ola bilər”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью