Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Payızın gəlişi ilə havaların tədricən soyuması evlərdə qışa hazırlıq işlərini də sürətləndirir. Vətəndaşlar bu dövrdə kombi və istilik sistemlərinin texniki vəziyyətini yoxlatdırır, radiatorların təmizlənməsi, qaz xətlərinin və bacaların nəzarətdən keçirilməsi kimi xidmətlərə müraciət edirlər. Xüsusilə istilik mövsümünün başlamasına az qalmış bu xidmətlərə tələbat artır.
Bu sahədə xidmət göstərən bəzi ustalar isə radiatorların hər il mütləq yuyulmalı olduğunu bildirərək vətəndaşlara bu xidməti təklif edirlər. Halbuki radiatorların təmizlənməsi üçün hər il pul xərcləməyin həqiqətən zəruri olub-olmaması sual doğurur. Üstəlik, qiymətlərin 80 manatdan başladığı nəzərə alınarsa, bu xidmətin hansı hallarda vacib olduğu istehlakçılar üçün daha da önəmli məsələyə çevrilir.
Bəs radiatorların hər il yuyulması həqiqətən zəruridirmi? Bu proses istilik sisteminin daha səmərəli işləməsinə nə dərəcədə təsir edir? Radiatorun gec isinməsi və ya əvvəlki kimi istilik verməməsi həmişə yuyulmaya ehtiyac olduğunu göstərir, yoxsa problemin başqa səbəbləri də ola bilər? Pepperoni pizza
Məsələ ilə bağlı “Yeni Sabah”a danışan isitmə və soyutma sistemlərinə xidmət üzrə mütəxəssis Rəsul Allahverdiyev radiator və kombilərin texniki baxışı ilə bağlı mühüm məqamlara aydınlıq gətirib. Mütəxəssis bildirib ki, ilk növbədə kombinin yayda işlədilib-işlədilmədiyinə baxılmalıdır:
“Əgər kombi yayda işlədilibsə, elektrik sisteminə, yəni stabilizatora və tənzimləyiciyə də baxılır. Daha sonra qaz xətti mütləq şəkildə ölçülür. Bacaya da baxılır. Çünki orada arı və ya digər həşəratlar yuva qura bilər. Bunların olub-olmaması yoxlanılır”.
R.Allahverdiyev qeyd edib ki, ümumi texniki baxış zamanı kombinin fanı, yanma kamerası və çubuğu mütləq yoxlanılmalıdır:
“Filtrlərə də baxılmalıdır. Sistem 2-3 ildən bir, 4 ildən bir yuyulur. Amma su yumşaldıcı qoyulubsa və xətlərdə filtr varsa, sistemin təmizlənməsinə ehtiyac olmur. Əgər bunlar yoxdursa, sistem mütləq təmizlənməlidir. Adətən 4-5 ildən bir təmizlənməsi məsləhət görülür.
Bu iş üçün usta çağırılır və kombiyə baxış keçirilir. Usta kombini açıb yoxlayır və nəyə ehtiyac olduğunu müəyyənləşdirir.
Amma əsas olaraq fan, baca, qaz xətti və filtrlər – bunların hamısı yoxlanılmalıdır”.