Icma.az, 525.az saytına istinadən bildirir.
Tanınmış telejurnalist, Əməkdar incəsənət xadimi Şəfəq Əlixanlı ilə Azərbaycan Radiosunun bir əsrlik yubileyi və radio sənətinin dünəni, bu günü barədə söhbət
- Şəfəq xanım, uzun illər Azərbaycan Televiziya və Radiosunda çalışmısınız. Bu günlərdə Azərbaycan Radiosunun 100 yaşı tamam olur. Ona görə də söhbətə elə bu mövzudan başlayaq: Sizin üçün radio nə deməkdir?
- Radio həyatımın mənasıdır. İlk gənclik çağlarımdan mən də radiomuzun ən sədaqətli dinləyicilərindən biri olmuşam. Evimizdə kiçik əl radiosu vardı. Dərslərimi çox vaxt radionu dinləyə-dinləyə hazırlayardım. Onda heç düşünmürdüm ki, tale nə vaxtsa mənə də bu sevimli səslərdən biri olmaq imkanı verəcək. Azərbaycan Radiosu böyük bir akademiyadır, elm və bilik mənbəyidir. Onun verilişlərini dinləyən insan sanki yeni biliklər əldə edir, dünyagörüşünü zənginləşdirir. O üzdən də burada çalışmaq insana qürur verir. Mən radio ilə nəfəs alıram.
- Necə oldu ki, radioda işləmək qərarına gəldiniz?
- Oxuduğum 132 saylı orta məktəb Teleradioya yaxın olduğundan, müxbirlərin yolu bura tez-tez düşərdi. Son sinifdə bizdən müsahibə almağa gələn müxbirin “Kim olmaq istəyirsən?” sualına “Jurnalist, sözün əsl mənasında ədəbiyyatçı” olacağımı söylədim. Müxbir mikrofonu mənə uzadaraq sinif yoldaşlarımdan müsahibə almağı təklif etdi. Məktəbdə ədəbi tədbirlər aparmaq təcrübəm olduğundan, bu mənə çətin gəlmədi. O müsahibədən sonra, yəni 1973-cü ildən Radionun “Ədəbi-dram” verilişləri redaksiyası ilə əməkdaşlıq etməyə başladım. Sonradan ADU-nun filologiya fakültəsini bitirib Azərbaycan Radiosunda çalışmağa başladım. Bu ocaqda kiçik redaktorluqdan baş redaktorluğa qədər yaradıcılıq yolu keçdim. İlk dəfə efirə “Sabahınız xeyir” verilişində kiçik müsahibələrlə çıxdım. “Sabahınız xeyir”in 40-dan çox yaşı olanda da hər bazar günü onu ilk gündəki sevgiylə, həyəcanla efirə hazırlayırdım. Rəhbərlik tərəfindən dəfələrlə televiziyaya dəvət almağıma baxmayaraq, radio mənim üçün dəyişməz ünvan olaraq qaldı.
- Ötən əsrin 70-ci illərində televiziya daha artıq populyar idi. Nə əcəb radioya üstünlük verdiniz?
- Radioya sevgim heç vaxt əskilməyib. Radiodan ayrılmadan arada, dəqiq desəm, 2013–2015-ci illərdə televiziyada çox baxılan “Ovqat” verilişinin müəllifi və aparıcısı oldum. Deyim ki, hər bazar günü respublikanın tanınmış ziyalıları ilə görüşdüyüm bu proqram reytinq cədvəllərində yüksək yerlərdə qərarlaşsa da, televiziya məni radiodan uzaqlaşdıra bilmədi. TV-də çalışan həmkarlarımın əməyini yüksək qiymətləndirirəm. Orada iş böyük zəhmət tələb edir. Amma radio insandan daha çox ürək istəyir. Efirdən deyilən söz qulaqdan birbaşa ürəyə yol alır. Radio dinləyicinin təsəvvürünü zənginləşdirir.
Mən efirdəki sözü bütün çalarları, boyaları ilə görür və dinləyicimə də elə ünvanlayıram ki, o məni təkcə eşitməklə kifayətlənməsin, “görə” bilsin...
- Bir zaman televiziyaların radionu, teatrı, qəzetləri sıxışdırıb meydandan çıxaracağı iddia olunurdu. Amma bu gün ölkəmizdə radioların da sayı artıb, teatr və qəzetlər də fəaliyyətdədir. İndi də deyirlər ki, internet hər şeyi sıxışdırıb kənara atacaq...
- Texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə dinləyicinin diqqətini cəlb etmək, onu öz efir tezliyində saxlamaq, əlbəttə, asan deyil. Hərdən təlaşlanırsan, görəsən, TV-də praym-taym zamanı radiodakı verilişimiz dinlənilirmi? Dinlənilir, canlı efirə, redaksiyaya çox sayda zəng gəlir. Buna görə bir daha əminliklə deyirəm ki, radio, televiziya, internet, eləcə də sənətin başqa növləri bir-birini istisna etmir, hərəsinin öz auditoriyası, öz yeri var. Tamaşaçı və dinləyici isə öz zövqünə, marağına uyğun olanı seçir.
- Əsasını Məmməd Səid Ordubadinin qoyduğu “Ədəbi-dram” redaksiyasının radio tamaşaları hələ də yaşlı nəslin xatirindədir. Sizcə, Azərbaycan Radiosu bu ənənəni qoruya bilibmi?
- Şübhəsiz, qorunub. Mən də çoxumuz kimi həmin “radio-teatr”ı dinləyə-dinləyə böyümüşəm. Bu gün çox şadam ki, Azərbaycan Radiosunun “Qızıl Fondu”ndakı radio tamaşaları arasında mənim də əməyim olan xeyli əsər var. Müəllifi olduğum, tərcümə etdiyim və radio üçün səhnələşdirdiyim 40-dan artıq tamaşa bu fonda daxil edilib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ağır illərdə cəmiyyətdə çaşqınlıq vardı, keçid dövrünün çətinlikləri hər bir insanın, xüsusən də gənclərin həyatına təsir edirdi. O vaxtlar jurnalistika fakültəsində dərs dediyim üçün bütün bunlara yaxından şahidlik edirdim.
Hiss edirdim ki, dövrün çətinlikləri gəncləri kitabdan, mütaliədən uzaqlaşdırıb. Radionun bu istiqamətdə maarifləndirici rolunu gücləndirməyə ehtiyac vardı. Belə bir vaxtda klassiklərimizin əsərlərini yenidən efirə gətirdik, dünya şöhrətli Nobel mükafatı laureatlarının əsərlərindən seçmələri tərcümə edib radio üçün səhnələşdirdik və silsilə tamaşalar hazırladıq. Düşünürdüm ki, qoy bədii əsəri oxumağa vaxtı və ya səbri çatmayan hər kəs qısa müddətdə həmin əsərlərlə tanış olmaq, mənəvi qida almaq imkanı qazansın.
Həmin dövrdə bir əsəri radioda səsləndirmək üçün aktyorları studiyaya dəvət etmək də bəzən problemə çevrilirdi. Maddi çətinliklər sənət adamlarından da yan keçməmişdi. Amma yenə də radionu sevən tanınmış aktyorlarımız (ruhları şad olsun) çox vaxt tamaşaların yazılışında qonorarsız iştirak etməyə razı olurdular. Düzdür, onların əməyini qarşılıqsız qoymaq bizə ağır gəlirdi. Ona görə də çalışırdıq əsərləri daha az personajla təqdim edək. Radio teatrının həmin çətin dövrdə fəaliyyətini davam etdirməsinə dəstək olan sənətkarlara, bütün həmkarlarıma minnətdaram.
Azərbaycan Radiosunun radio tamaşalarının bədii dəyər, efir təqdimatı, rejissor və aktyor işi baxımından beynəlxalq səviyyədə də təqdim oluna biləcəyinə inanıram. Biz o çətin günlərdə hər işi “bu gün üçün deyil, sabah üçün” görür, sabaha inamla çalışırdıq. Əsas məqsədimiz radio tamaşaları ənənəsini yaşatmaq və onu gələcək nəsillərə ötürmək idi.
- Azərbaycan Radiosu özəl radiolarla rəqabət şəraitində özünü necə hiss edir? Sizin onlardan üstünlüyünüz və ya zəifliyiniz nədədir?
- Düşünmürəm ki, Azərbaycan Radiosunu özəl radiolarla eyni müstəvidə müqayisə etmək olar. Hər birinin özünəməxsus auditoriyası və fəaliyyət istiqaməti var. Əslində, bu gün Azərbaycanda fəaliyyət göstərən özəl radioların çoxunda bizim yetirmələrimiz çalışır. Qaldı üstünlüyümüzə – ən böyük üstünlüyümüz Azərbaycan Radiosunun böyük ustad məktəbinə və misilsiz səs xəzinəsinə malik olmasıdır. Tarix öz sözünü deyir. Bu yüzillik ömür ərzində böyük sənətkarların, tarixləşən şəxsiyyətlərin çıxışları, səsləri Azərbaycan Radiosunda lentə alınıb və qorunub saxlanılıb. Bu, başqa heç bir radio qurumunun eyni həcmdə malik olmadığı qiymətli arxivdir. Bu gün də həmin arxivdən yeni radioların efirində istifadə olunur. Sadəcə, yetər ki, özəl radiolarımız və bugünkü gənclik minnətdarlıq hissi ilə həmin xəzinədən bəhrələnsin, onu qoruyub gələcək nəsillərə ötürsün.
- Bəs sizcə, bugünkü gənclik üçün 100 yaşlı radio maraqlıdırmı? Yoxsa onları yalnız şou-biznes qalmaqalları və ya hansısa qeybət xarakterli söhbətlər maraqlandırır?
- Mən gəncliyimizin böyük intellektə, zövqə sahib olduğuna inanıram. Gənclik haqlı olaraq, əsrin, zamanın sürətini bizim proqramlarımızda da görmək istəyir. Zamansa, hər zaman söylədiyim kimi, “bizdən sanki bir addım öndədir”. Dünyanın öz oxu ətrafında dönüşü belə indi bir göz qırpımıdır sanki. Elmin, texnikanın gücü ilə onun bir qütbündən digərinə yollar da çox qısalıb.
Bu sürət əsrində radiomuzun əvvəlki statusunu qoruyub saxlamaq o qədər də asan olmasa da, işə böyük sevgi və məsuliyyət, canlı yayımlanan proqramlar, dinləyici ilə efirdən birbaşa qurulan ünsiyyət auditoriya ilə əlaqəni qorumağa kömək edir. Əlbəttə ki, əsrin ritmini tutmaq vacibdir. Ancaq efirdə səmimiyyəti intellekt və mədəniyyətlə bir arada saxlamaq da çox önəmlidir. Bu gün radiomuz gəncləşib, yeniliyə qapı açıb. Efirdə yeni səslər, nəfəslər çoxalıb. Bunların arasında bəzən efirə uyğun olmadığını düşündüyüm səslər də var. Amma həmin səsin arxasında sanballı fikir, intellekt və dünyagörüşü dayanırsa, aparıcının danışıq tərzinə də başqa cür yanaşırsan.
Gənclərin şou-biznes qalmaqallarına marağına gəldikdə isə, görkəmli ədibimiz Nəriman Nərimanovun çox gözəl bir fikri var: əsl natiq çıxışını nə alimin, nə də çobanın səviyyəsinə kökləməz. Ən çətini də o “qızıl mərkəzi” tapmaqdır. Aparıcı dinləyicidən bir qədər yüksək intellektual səviyyədə dayanmalı, eyni zamanda onunla ünsiyyət qurmağı bacarmalıdır. Yüngül şou, bayağı söhbətlər, qeybət bir müddət öz ətrafına dinləyici toplaya bilər. Amma düşünün, bu insanlara, gəncliyə nə verir? Belə verilişlər dinləyicinin dünyagörüşünü zənginləşdirmir, ona yeni bilik qazandırmır. Ona görə də hərdən bu asan yolla “dinləyicini başımıza toplaya bilirik ki...” deməklə öyünən insanlara, xüsusilə gənclərə xatırlatmaq istərdim ki, efirin uğuru yalnız dinləyici sayıyla ölçülmür. Məzmun və keyfiyyət də az əhəmiyyət daşımır. Sözə qüvvət, son vaxtlar özəl kanallarda bu qəbildən olan xeyli bayağı veriliş bağlandı.
- Bəzən söz, qələm meydanındakı boşluqdan, ssenari qıtlığından gileylənənlər tapılır. Sizcə, radio mövcud vəziyyətdə özünü necə hiss edir?
- Düşünürəm ki, təbiət kimi, söz sənəti də zaman-zaman qabarma və çəkilmələr dövründən keçir. İndi bəlkə də Azərbaycan mədəniyyətində növbəti qabarmaya təkan veriləcək bir dövrdür. Deyim ki, bu gün də dəyərli əsərlərlə Azərbaycan Radiosuna üz tutanlar az deyil. Sadəcə, sürət əsrinin tələbləri və proqram formatındakı dəyişikliklər səbəbindən efirimizdə iri həcmli bədii əsərlərin səsləndirilməsi imkanları məhdudlaşıb. Sağlıq olsun!..
- Sizcə, 100 yaşlı Azərbaycan Radiosu xalqımıza nə verdi?
- Söhbətə başlayanda da dedim, Azərbaycan Radiosu bu illər ərzində bir çox hallarda maarifçilik vəzifəsini öz üzərinə götürərək mühüm işlər görüb. Dünyanın bir sıra ölkələrində milli-mənəvi dəyərləri, dilin saflığını qorumaq üçün böyük institutlar fəaliyyət göstərir.
Bizdə isə bu işdə Radio da mühüm rol oynayıb. Milli Radiomuz hətta imperiya “qılıncı”nın ən iti çağlarında belə xalqımızın dilinin, adət-ənənələrinin qorunmasına, milli şüurun yaşadılmasına, ziyalılarımızın formalaşmasına, dövlətçilik ənənələrimizin möhkəmlənməsinə töhfə verib. Radioda səslənən, tariximizi əks etdirən tamaşalar və verilişlər, bədii qiraət nümunələri, keçmişimizdən gələn qəhrəmanlıq dastanları xalqımızın yaddaşının qorunmasında mühüm yer tutub.
Müstəqilliyimizin bərpasında və möhkəmlənməsində də, bizi torpaqlarımıza, bütöv sərhədlərimizə qovuşduran 44 günlük Vətən müharibəsindəki qələbəmizdə də, düşünürəm ki, radio əməkdaşlarının uzun illər ərzində çəkdiyi zəhmətin payı var.
Azərbaycan Radiosuna nahaq yerə “Ana radio” demirlər. O, illər boyu müxtəlif nəsillərin həyatında, yaddaşında özünəməxsus yer tutub. Həyatımız ana laylasının dörd misralıq bayatısından, xeyir-duasından boy verir. O səs bizi igidliyə, dürüstlüyə, insanlığa, sevgiyə, sədaqətə və inama səsləyib.
Məncə, bu mənada səs qədər qədim, nəfəs qədər yaxın olan Azərbaycan Radiosu xalqımızın mədəni və mənəvi həyatında ana laylası kimi xüsusi yer tutub.
- Yubiley qarşısında həmkarlarınıza nə arzulayırsınız?
- Radioya məhəbbət! Onu Vətənin bir parçası, doğma Azərbaycanımızın səsi kimi sevməyi! Radio fədakarlıq tələb edir! Efirə çıxan hər kəs dinləyicinin etimadını qazanmaq üçün əlindən gələni etməlidir. Dinləyici bizim soyuqda, ya istidə əyləşdiyimizin, əhvalımızın yaxşı, ya da pis olduğunun fərqinə varmaz. O, səndən həmişə isti ürək, səmimiyyət dolu söz gözləyir.
Azərbaycan Radiosu bu Vətənin səsli salnaməsidir. Bir əsrlik fəaliyyəti ərzində ana dilimizin qorunmasına, tariximizin və milli dəyərlərimizin təbliğinə xidmət edib. Ona ləyaqətlə xidmət etmək, bu böyük irsi qorumaq və gələcək nəsillərə ötürmək – həmkarlarımdan tək diləyim budur! Radio həqiqətən bu böyük sevgiyə layiqdir.
Dilşad Mirzəyeva