Radio nəyə lazımdır? Mirmehdi Ağaoğlu

06.11.2026

Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Mirmehdi Ağaoğlunun "Radio nəyə lazımdır?" yazısını təqdim edir.

Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür.

Radio mənim üçün həmişə əsrarəngiz olub. Başqa qurğular (televiziya da, kompüter də, telefon da, mahnı dinləmək üçün pleyerlər vardı, onlar da) zaman keçdikcə öz sehrlərini, heyrətamizliklərini itirsələr də, radio qoruyub saxlayıb. Hələ də radioya qulaq asanda elə bilirəm ki, səs hansısa qurğudan yox, qeybdən gəlir. Naməlumluq radionun ən böyük silahıdır. Başqa cihazlar insanı reallığa çəkdiyi, gerçəkliklə üzləşdirdiyi halda, radio onu metafizik dünyaya, keçmişə dartıb aparır.

Yadımdadır... Bizim evdə də dördayaqlı, yekə bir radio vardı. Evin bir üzvü kimi həmişə eyni guşədə dayanardı. Üstünə krujevalı örtük atardıq. Həmən radioda nəyə qulaq asdığımız yadımda qalmayıb, çox balaca idim.

Amma babamın şokolad qutusu kimi qara, enli radiosunda nəyi dinlədiyi yadımdadır. Qutunu məhəccərin üstünə qoyub əsasən Təbriz radiosuna kökləyər, dini məzmunlara, yaxud mahnılara qulaq asardı. Bəzən hamını unudub fikrə dalmasını, bəzən də çal saqqalının üstündə gilələnən göz yaşlarını unutmamışam.

Sonralar özümün də radiom oldu.

Universitetə hazırlaşdığım illərdə dərslərin gərginliyindən bir az uzaqlaşmaq üçün gecələr Aynur Talıbovanın ANS ÇM-dəki «Gecəyarı kanalı» (adını səhv demədim?) verilişini dinləyərdim. Aynur xanımın cəsarətli mövzuları, xüsusən qadın-kişi münasibətləri barədə söhbətləri yeniyetmə düşüncələrimizin sərhəd tellərini az silkələməmişdi.

Gündüzlərsə “Burç FM”də Çiçəyin sentimental verilişləri ilə kövrələr, lirik türk mahnılarının müşayəti ilə hələ də “hə” cavabı ala bilmədiyimiz sevgilimizin qəhrini çəkərdik.

Bir sınıq-salxaq maqnitofonum da vardı – “Svetamuzıkalı”. Atsan, atardın. Ancaq əlləri qızıl əmim oğlu onun içalatını çıxarıb yalnız radio hissəsinin yerləşdiyi lövhəni saxlamışdı. O lövhəni otağımda, kitabların arxasında yerləşdirmiş, dinamikləri naqillə uzadaraq onları da ayrı-ayrı künclərdə gizlətmişdi. Otağa girəndə sanki səs dənizinə düşürdün. Gözlərin axtarırdı, bilmirdin, musiqi haradan gəlir...

Artıq gənclik dövrü idi. Saatlarla «Europe +» dinləyib, xam xəyallara dalardım.

Əsgərlikdə isə ovuca yerləşən balaca radiolarımız vardı. Gecə naryadına çıxanda özümüzlə götürərdik. Hardansa ucuz və keyfiyyətsiz qulaqlıqlar da almışdıq. Həmişə cızıldayardı, mahnını düz-əməlli eşidə bilməzdik. Bununla belə onun komandirin gözlərindən gizlədiyimiz naqilləri bizi yeknəsəkliyin içində itməyə qoymayan, dünya ilə bağlayan yeganə tellər olduğu üçün əvəzsiz idi. Mahnı dinləyə-dinləyə hərbi hissənin ətrafındakı ucsuz-bucaqsız qaranlığa zillənib Bakını, evimizi düşünərdik.

İndi də imkan tapdıqca radio dinləyirəm. Əsasən maşında. Gündüzlər, DJ Fatehlə Rəvanı dinləyərəm. Axşamlar DJ Yusifə qulaq asmaq xoşuma gəlir. Onun dünya şou-biznesinin tanınmış simaları haqqında hazırladığı maarifləndirici məlumatlar, seçdiyi repertuar peşəkarlıq etalonudur.

Özüm də həmişə radio aparıcısı olmaq istəmişəm. Gecə verilişi... Ədəbiyyat, mədəniyyət barədə... Heç bir reqlament olmaya. Könlünə yatan bir qonaq çağırasan... Nədən istəsən, nə qədər istəsən danışasan. Dinləyicilərin də çox olmaya... Gecəyarı sənin kimi yuxusu qaçmış beş-on sərsəri oldu, bəsdir.

Sonra da verilişdən çıxıb qəlbində radiodan pay götürdüyün bir parça sehrlə yatmış şəhərin içi ilə asta-asta evinə doğru gedəsən...

Bayramınız mübarək, əziz radio və televiziya əməkdaşları!

Sehriniz itməsin!

Miray Kerinin məhkəməsi bitdi “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiya keçirildi "Beləsinə qələm verməsin Allah" - Gülxani Pənahın şeirləri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью