Radiotezliklərə dair YENİ QƏRAR

23.10.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan Respublikası telekommunikasiya sahəsində milli maraqlarının və suveren hüquqlarının qorunması üçün zəruri hesab etdiyi tədbirləri görmək hüququnu özündə saxlayır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Zaur Şükürov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat Beynəlxalq Telekommunikasiya İttifaqının Radio Rabitə Reqlamentinə dair dəyişikliklərin təsdiqini nəzərdə tutan qanun layihəsini şərh edib. O bildirib ki, Azərbaycan 1992-ci ildən Beynəlxalq Telekommunikasiya İttifaqının üzvüdür və təşkilatın fəaliyyətində fəal iştirak edir.    

Radio Rabitə Reqlamenti mobil rabitə, televiziya və radio yayımı, aviasiya, dəniz və digər radio xidmətlərində radiotezlik spektrindən istifadənin beynəlxalq qaydalarını müəyyənləşdirir. Sənəd, həmçinin tezliklərin dövlətlər arasında bölüşdürülməsini, zərərli müdaxilələrin qarşısının alınmasını və peyk şəbəkələrinin koordinasiyasını tənzimləyir.

Zaur Şükürovun sözlərinə görə, Azərbaycan beynəlxalq sənədlərə qoşularkən milli maraqlarını və suveren hüquqlarını əsas götürür. Təqdim olunan bəyanatda da digər dövlətlərin beynəlxalq öhdəlikləri pozması və ya onların fəaliyyəti nəticəsində Azərbaycanın telekommunikasiya xidmətlərinin işinə təhlükə yaranması hallarında ölkəmizin zəruri tədbirlər görmək hüququnu saxladığı əksini tapıb.

Deputat əlavə edib ki, bu hüquq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində milli qanunvericiliyə zidd telekommunikasiya xidmətlərinin göstərilməsi və radio rabitə avadanlıqlarından istifadə edilməsi hallarına da şamil olunur.

O qeyd edib ki, Radio Rabitə Konfransı zamanı Azərbaycanla yanaşı, daha 128 iştirakçı dövlət də müvafiq bəyanat və qeyd-şərtlər qəbul edib.

Zeynəb Rzayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью