Rafiq Həşimov 60

10.08.2026

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi insanların sadəcə səsi efirdə qalır, bəzi insanların isə səsi ilə birlikdə özü də yaddaşlara həkk olunur.

Bu gün Azərbaycanın əməkdar artisti, tanınmış diktor Rafiq Həşimov 60 yaşını tamamlayır.

Onu illərdir televiziya ekranından tanıyırıq. Səsini, intonasiyasını, sözə münasibətini... Amma Rafiq Həşimovu yalnız diktor kimi tanımaq, əslində, onu yarımçıq tanımaqdır. Çünki onun yaradıcılıq dünyası bir efirə sığmayacaq qədər genişdir.

O, söz deyən adamdır. Amma yalnız söz deyən yox, sözün arxasındakı mənanı axtaran adamdır. Diktor kimi sözə səs, rejissor kimi görüntü, ssenarist kimi süjet, yazar kimi düşüncə verib Rafiq Həşimov. Onun müəllif proqramlarında da, filmlərində də, yazılarında da eyni Rafiq görünür: müşahidə edən, düşünən, soruşan, bəzən də susaraq çox şey deyən bir insan.

Bəlkə də elə buna görə onun efir səsi bu qədər tanış və doğmadır. Çünki yaxşı diktorluq yalnız gözəl səs deyil. Sözə inanmaq və dinləyiciyə o inamı ötürməkdir. Rafiq Həşimov bunu bacarıb.

Onun həyat yolunda sevdiyi bir sənətə ömür verməyin hekayəsi dayanır.

Rafiq Həşimov maraqlı insandır. Onu insanlara sevdirən sənəti ilə paralel xarakteri, dünyagörüşü və içində daşıdığı işıqdır.

60 yaşınız mübarək, Rafiq müəllim! Sizə bu yeni yaşınızda sağlamlıq, yaradıcılıq enerjisi, sözünüzün və səsinizin uzun illər Azərbaycan efirində eşidilməsini arzulayıram. Qarşıda hələ yazılacaq çox söz, çəkiləcək çox film, danışılacaq çox hekayə, paylaşılacaq çox fikir var.

Yubileyiniz mübarək!!!

Səsiniz həmişə eşidilsin, sözünüz həmişə dəyər tapsın, yolunuz isə həmişə işıqlı olsun!

Billurə Aslanqızı 
Jurnalist, filologiya üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью