Rahib Alpanlı Ömrün israfı...

17.10.2026

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bəzi elm adamları müasir dünyamızda əksər insanların həyatının mənasına çevrilmiş ekran aludəçiliyinin mənfi cəhətləri haqqında deyilənləri bir vaxtlar qlobal iqlim dəyişikliyi haqqında deyilənlərlə müqayisə edirlər. İqlim dəyişikliyinin indi törətdiyi fəlakətlər haqqında ötən əsrin 70-ci illərində az-çox yazılırdı. Dünyanı hədələyən bu qeyri-müəyyən gələcəyə o vaxt çoxları inanmırdı. İnsanlar utopik səslənən o həqiqətlərin acısını hal-hazırda dünyanın hər yerində yaşayırlar.
Hər bir yenilik kimi, elektron texnologiyanın möcüzələri olan ağıllı telefonlar, planşetlər və kompüterlər hər birimizin ən yaxın köməkçisi, dostu olmaqla yanaşı, həm də ömrümüzün potensial oğrusu və ən sadiq düşməninə çevrilə bilir.
Ağıllı insanlar bu gözəl vasitələrdən məqsədəuyğun formada istifadə edərək, bilik, bacarıq və dünyagörüşlərini inkişaf etdirir, müvafiq faydalı sosial çevrələrini yaradıb genişlədirirlər.
Elektron cihazların cazibəsi o qədər güclüdür ki, onlardan sui-istifadə zərərli vərdişlərin təsirinə bərabər olur. Yeriməyi belə bacarmayan uşağın əlindən telefonu almaq olmur. Yaş irəlilədikcə, ekran xəstəliyinə tutulma da sürətlə inkişaf edir.
Ailədən başlamış, həyatın bütün sahələrində vaxtlarını israf etməklə məşğul olan insanları görmək mümkündür. Bəzən bu vərdiş ölümlə nəticələnir. Nəqliyyatı nəzərə almadan telefonla danışaraq yolu keçən nə qədər insan faciəli qəzaların qurbanı olur. Hələ telefonunu əlindən aldığı üçün anasının canına qıyanlar da var. Lazımsız yerə ekranla oynayan və yaxud cinayətkar şəbəkələrə qoşulan yeniyetmələrin aqibəti bütün cəmiyyətin dərdinə çevrilir.
Ekran qarşısında məktəblilər və yeniyetmələr daha çox vaxt itirirlər. Dərsləri ilə əlaqədar olaraq material toplamaq, süni intellekt platformasından istifadə etmək bəhanəsi ilə nəzarətsiz şagirdlər mənalı vaxtlarını əbəs yerə sərf edirlər.
“İsraf” anlayışı geniş məzmunlu olub, çox sahələri əhatə edir. Müqəddəs kitabımız Quran israfçılıq haqqında ciddi xəbərdarlıq edir: “Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver. Lakin israfçılıq edərək (malını) lazımsız yerə sərf etmə. Həqiqətən, israfçılar şeytanların qardaşlarıdır”. (əl-İsra, 26, 27)
Qəribə burasıdır ki, elektron texnologiyanın möcüzələrini yaradanlar öz uşaqlarına onlardan gen-bol istifadə etməyi lazım bilməyib. Məsələn, “Apple” şirkətinin baş icraçı direktoru Stiv Cobs (1955-2011) şirkət “iPad” istehsalına başlayanda öz uşaqlarına onları almağa icazə verməyib. Bill Qeytsin özü də deyir ki, uşaqlarının yeni texnologiyaya əlçatanlığı məhduddur. 
Uzun müddət, fasiləsiz olaraq, heç bir gigiyenik qaydalara əməl etmədən ekran qarşısında olmaq ilk növbədə gözlərin sağlamlığına ciddi təhlükə yaradır.
Bir dəfə göz həkiminə yolum düşmüşdü. Qəbulda duranların əksəriyyəti gənclər idi desəm, bəlkə də qeyir-adi səslənə bilər.
Anam 90 yaşından sonra da iynəni özü saplayırdı. Onun yaşının dörddə birini yaşamaqda olanların əksəriyyəti iynə saplamaq bir yana qalsın, bu gözəl dünyanı görmək üçün gözlükdən istifadə edirlər.
Artıq elə ailələr var ki, birlikdə yemək yeməyi yadırğayıblar. Ümumi bir süfrə əhli kimi bir-birindən hal-əhval tutmaq, ibrətamiz söhbətlər, nəsihətlər eşitmək, ölkədə, dünyada baş verən mütərəqqi yenilikləri bölüşmək, qısası, bir ailə kimi vəhdətdə olmaq seyrəlir.
Oturaq həyat tərzi daha ağır fəsadlar yaradır. Əksər anaların qeyri-aktiv həyat tərzi və uşaqların da hərəkətsizliyi cəmiyyətin genefonduna mənfi təsir göstərir. Oğlan və qızların boylarında müşahidə etdiyimiz nəsil-nəsil azalmalar uca boylu oğlanların və qızların daha az-az görünməsinə səbəb olur. Əksinə, yaşa görə şişmanlıq, astagəllik, faydalı əməklə məşğul olmağa laqeyd münasibət daha iti addımlarla irəliləyir. Hamı bilir ki, passiv həyat bədənin vaxtından əvvəl qocalması ilə nəticələnir.
İnsanın öz potensial iş qabiliyyətinin bərpası üçün 7-8 saat yuxu lazımdır. Ekran aludəçiliyi bizlərini yuxu normasından da məhrum edir. Yol, istehsalat qəzaları, dərslərdə diqqət yayğınlığı və s. yuxu rejiminin pozulması ilə əlaqədardır. Alimlər çoxsaylı tədqiqatlar sayəsində müəyyən ediblər ki, həyat tərzinin dəyişməsi, xüsusilə də yuxu rejiminə əməl etməmək xərçəng, diabet, psixi və ürək xəstəliyinə səbəb olur. 
Ekran atmosferinə qapanma gənc insan psixologiyasında arzuolunmaz izlər buraxır. Yaşlılarda adi davranış qaydası olan qarşılıqlı ilıq münasibətlər, ruhları oxşayan təbəssümlər tarixin arxivində məskunlaşmağa başlayır. Baxışlardan baxışlara açıq-aydın sezilən küskün hisslər yağır. Elə bil ki, insanlar bir-birilərinin borcunu qaytarmaqdan boyun qaçırırlar və yaxud tərəflərdən biri yadplanetlidir. Ekrandan alınan müxtəlif yüklü təəssüratlar uzun müddət yaddaşda qalır və ətrafdakı gözəlliklərə marağı azaldır.
Ən azı yeddi saat gecə yuxusu üçün Amerikanın “Aetna” sığorta şirkətinin işçilərinin əmək haqlarına hər il əlavə $300 ödənilir. İnsan resursları rəsmilərinə görə yeddi saatdan artıq gecə yuxusu alan işçilər daha məhsuldar olur. Amerika Yuxu Tibbi Akademiyasının araşdırmasına görə yuxu normasına əməl etməyən işçi bir ildə 11,3 məhsuldar iş günü itirir. Bu, şirkətlərə bir işçi üçün təxminən $2,280 itki deməkdir. Hesablamalar göstərir ki, gecə yuxusunun natamam olması Amerika iqtisadiyyatına $63,2 milyarda başa gəlir. 
Ekrandan sui-istifadə səhhətimizi gəmirməklə birlikdə ömrümüzün də israfına səbəb olur. Ümumi rəy bundan ibarətdir ki, insanlar ekran qarşısında gərəksiz yerə orta hesabla beş saat  vaxt sərf edirlər. Bu, maşını yanacaqla doldurub yerindən tərpətmədən mühərriki boş-boşuna işlətməyə bərabərdir.
Qlobal təcrübə göstərir ki, uşaqlar da ekrana sərf olunan vaxtın ömrün israfı olduğuna inanır və ondan müəyyən qədər fasilələrlə istifadə etmək üçün yollar axtarırlar. Bu mənada, bir London məktəbində 6-cı sinif şagirdinin təşəbbüsü ilə başlanan “ekransız günlər” (screen-freedays)  valideyn və müəllimlər üçün gözlənilməz olsa da, indi hamı tərəfindən rəğbətlə qarşılanır.
Sofi Canaşiya uşaqlarını ekrandan ayıra bilməyən valideynlərə də kömək olur. Təşəbbüsə əsasən həmin gün hər kəs - şagirdlər, valideynlər və müəllimlər elektron cihazlarını söndürürlər. Hamı ənənəvi qaydada fəaliyyət göstərir. Müəllimlər də ağıllı lövhə və videolardan istifadə etmirlər. Dərslər ənənəvi üsullarla tədris olunur, öyrənmə daha çox çalışmalarla həyata keçirilir. Məktəbin direktor müavini deyir ki, “ekransız günlər” o qədər uğurlu olub ki, məktəbin aylıq tədbirlər planına daxil edilib.
Bəzi şagirdlər bu tədbirin dərsdən sonra axşam evdə də davam etməsinə çalışır, valideynlərinin ekrandan istifadəsinə nəzarət edirlər. Sonda hamı qazandıqları asudə vaxtın sevincini müxtəlif formada yaşasalar da, ekran qarşında israf olunan zamanın dəyərini eyni dərəcədə başa düşürlər. 
Göründüyü kimi, elektron möcüzələrdən səmərəli istifadə üçün yalnız qadağalar kifayət deyil. Bu mühüm işin uğuru üçün sistemli təbliğat işi də lazımdır. Yeniyetmə və gəncləri onsuz da az olan insan ömrünün dəyərinə, bərpa olunmayan zamanın qədrini bilməyə, onu mənalı, faydalı, dolu-dolu yaşamağa inandırmaq diqqət mərkəzində olmalıdır.
Təkcə bir səhəri sevincək salamlayıb, günü lazımi məqsədlərə sərf edib, hər saatın xeyir-bərəkətini qazanmağın, daha bir zaman diliminin fəzilətini yaşamaq fürsətinin feyzini duyaraq, sonsuz şövq və heyrətamiz ahəngdarlıqla bizi günün sonuna - gecəyə qovuşduracaq qüruba təşəkkür etməyin dadını ömrü boyu ekran qarşısında donub qalmaqla hiss etmək mümkün deyil.
Gənc gözlərin ekranlarda əriməsinə dözməmək, onları kitab oxumağa, aktiv həyat tərzi keçirməyə alışdırmaq hamımızın borcudur. Bu işdə öz nümunəmiz də böyük əhəmiyyətə malikdir.
Rahib (Alpanlı) Sədullayev,
ADPU-nun Quba filialı filologiya kafedrasının baş müəllimi,
qabaqcıl təhsil işçisi 
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью