Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 12 noyabr, AZƏRTAC
Səfərdə çox ağır məğlubiyyət almışdıq. Fikrimcə, heç kim belə böyükhesablı yeniliyi gözləmirdi. Ümid edirəm ki, ev oyunlarında bu nəticə təkrarlanmayacaq və komanda daha inamlı çıxış göstərəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev yığmanın DÇ-2026-nın seçmə mərhələsində Bakıda İslandiya seçməsi ilə keçirəcəyi ikinci oyunla bağlı danışarkən deyib.
O, baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında millinin oyun üslubunda irəliləyiş gördüyünü vurğulayıb: “Son qarşılaşmalarda yığmamız heç də pis təsir bağışlamır. Komanda daha yüksək əhvali-ruhiyyə və intizamla oynayır. A.Abbasovun gəlişi ilə futbolçularda məsuliyyət hissi artıb. Futbolçular meydanda mübarizə aparırlar. İnanıram ki, millimiz bu dəfə xal götürə biləcək”.
Sabiq yarımmüdafiəçi İslandiya ilə oyunun çətin keçəcəyini, lakin revanş üçün real imkanların olduğunu qeyd edib: “Rəqib olduqca güclüdür və qələbə heç də asan olmayacaq. Amma komanda son dövrlər daha balanslı oyun nümayiş etdirir. Əgər eyni əzmkarlıqla oynasalar, səfərdəki məğlubiyyətin revanşını ala biləcəklər”.
Qeyd edək ki, noyabrın 13-də 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək Azərbaycan - İslandiya matçı saat 21:00-da başlayacaq. İlk görüş İslandiyanın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.