“Rahid Əmirquliyevə və “Şahdağ Qusar”a vəfa borcu hiss edəcəyəm” Ruslan “Səbail”ə keçməsinin səbəbini açıqladı

23.01.2026

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

1-ci liqada növbəti transfer həyata keçirib. “Səbail” “Şahdağ Qusar”ın futbolçusu Ruslan Voronsovu heyətinə qatıb. 30 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalanıb.

7 qolla bombardirlər siyahısında olan Ruslanla əlaqə saxladıq, bu keçid ətrafında qısa söhbət etdik.
- Yeni klubun xeyirli olsun. “Səbail”ə keçidinin əsas səbəbi nə oldu? Maliyyə şərtləri, komandanın hədəfi, yoxsa başqa amil?
- Təşəkkür edirəm. “Səbail”ə keçidimdə bir neçə amil rol oynadı. Klubun qarşısına qoyduğu hədəflər, rəhbərliyin mənə olan inamı məni cəlb etdi. Maddi məsələlər də hər futbolçu üçün önəmlidi, amma əsas səbəb meydanda özümü sübut edə biləcəyim, ambisiyalı kollektivdə oynamaq istəyi oldu.
- “Səbail”in premyer-liqaya yüksələcəyinə inanırsan? Komandanın hədəfi yanlız çempion kimi elitaya qayıtmaqdı?
- Bəli, komandanın potensialına inanıram. Burda keyfiyyətli futbolçular və yaxşı kollektiv formalaşıb. Təbii ki, məqsəd premyer-liqaya yüksəlməkdi və bunun ən ideal yolu çempion olmaqdı. Amma hər oyuna ayrıca yanaşırıq, addım-addım irəliləmək vacibdi.
- “Şahdağ Qusar”ın prezidenti Rahid Əmirquliyev klubun bu transferdən qazanc güdmədiyini dedi. “Səbail”də uğurlu olsan, Əmirquliyevə və “Şahdağ Qusar”a vəfa borcunun olduğunu hiss edəcəksən?
- Bu açıqlama mənim üçün çox dəyərlidi. “Şahdağ Qusar” mənə həmişə dəstək olub və bu transferdə də futbolçunun gələcəyini ön planda tutdular. “Səbail”də karyeram uğurlu alınarsa, təbii ki, Rahid Əmirquliyevə və “Şahdağ Qusar”a vəfa borcu hiss edəcəyəm. Onların bu münasibəti unudulmazdı. Onsuz da Rahid təkcə mənə yox, orda olan bütün futbolçulara həmişə dəstək verib, böyük qardaşlıq edib və edir.
- “Karvan-Yevlax”, “Qəbələ” kimi komandalarda oynamısan. Hazırda onların hücum xəttində bitiricilik problemi var. Səni heyətlərinə qatmaq üçün cəhd etdilər? Ümumiyyətlə, “Səbail”dən başqa komandadan təklif gəlmişdi?
- Bəzi klublardan maraq olmuşdu, amma yanlız 1-ci liqa klublarından. “Şəfa”, “Baku Sportinq”, “Mingəcevir” maraqlanırdı. Amma rəsmi və konkret təklif mərhələsinə gəlincə, ən ciddi variant “Səbail” idi. Mən də inkişafım baxımından bunun ən doğru qərar olduğunu düşündüm və seçimimi etdim.
- Müqavilənin müddəti mövsümün sonuna qədərdi. Bu da o deməkdi ki, “Səbail” elitaya yüksəlsə, yollarınız ayrıla da bilər. “Qəbələ”də yaşadığın taleyi burda da yaşamaqdan narahat deyilsən ki? “Səbail” rəhbərliyi ilə bu barədə danışıq olub?
- Heç kim bilmir ki, sabah başına nə gələcək. Ona görə bugünlə yaşamağı daha məntiqli hesab edirəm. Birinci növbədə elitaya qayıtmaq lazımdı. Qayıdandan sonra saxlayarlar, saxlamazlar - sonranın işidi.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью