Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Ev şəraitində müalicələrimi davam etdirirəm. Konkret nəticə yoxdur”.
Moderator.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə səhhəti ilə bağlı danışarkən deyib.
O bildirib ki, səhhəti ilə bağlı ciddi problem yaşayır:
“İnamla demək olmur ki, yaxşılaşmışam. Bir az sağalan kimi yenə pisləşirəm. Xəstəxanaya gedib iynələrimi vurdururam. Hələ yaxşı bir şey yoxdur. Görək necə olacağam”.
Rais Rəsulzadə deyib ki, yüksək təzyiqdən, şəkər xəstəliyindən əziyyət çəkir:
“Həmçinin insult keçirmişəm, böyrək xəstəliyim də var. Bütün bu problemlər üst-üstə düşdüyündən səhhətimdə ciddi çətinliklər yaranıb”.
Qeyd edək ki, Rais Rəsulzadə 1946-cı ildə Qazaxıstanda anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin və həyat yoldaşı Ümbülbanu Rəsulzadənin nəvəsi, Azər Rəsulzadənin oğludur. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” adına layiq görülüb. O, həmçinin 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2009-cu ildən Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının rəhbəridir.