Ramil kimi olma

23.05.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Kimin hansı yeri tutduğu məlum olandan sonra “ehtiyat skamyadakılar” oynamağa başladı. Onlardan biri də Ramil Şeydayevdir.

Son turda “Sumqayıt”la gərgin, dinamik oyunda qələbə qazanan “Qarabağ” (4:3) Şeydayevi satsa, yaxşı olar.

Onun “Qarabağ”dakı ilk periodunu Qurbanovla sentimental sağollaşma səhnəsi ilə xatırlayırıq. Legioner həyatı seçdiyinə görə öydük, sevindik, alqışladıq.

Taylandda pis oynamırdı.

Oyunların birində dalaşdı. Sonra yaxşı oynaya bilmədi.

Eniş və qayıdış…

Demək olar, bütün azərbaycanlı futbolçuların legioner həyatının aqibəti.

Şeydayevin millidə də nataraz rəftarı haqda xəbərlər eşidilməyə başladı.

Getdikcə zəiflədi və milliyə çağırılmadı.

Bir neçə dəfə milli komandanın səfərlərində müşahidə etmişəm, Ramil təmkinli, ədəb-ərkanlı biridir. Ünsiyyət qurmağı yüksək səviyyədədir, mədəniyyət və mərifət keyfiyyətlərində hər şey yerində görünüb. Ən azı mənə…

Bəs bu növcavan niyə meydanda tez-tez özündən çıxır?

Dünənki oyunda da Danil Beskovoroynı ilə əlbəyaxa olacaqdı. Heç ona aid olmayan epizoda görə hücum edib əl-qol atdı, bir anda məhlənin pis oğlanı obrazına girdi.

Ümumiyyətlə, ciddi mövzudur. Bu cür vəziyyətlərə şərh verməkdə çətinlik çəkirəm. Fikirləşirəm, fikirləşirəm, real bir fikir icad edə bilmirəm.

Orta məktəb illərində peşəkar idmanla məşğul olmuşam, psixologiya sahəsinə həmişə maraq göstərmişəm, öyrənmişəm. Bütün bu təcrübələrim də kömək etmir, anlaya bilmirəm ki, adam niyə Ramil kimi etsin…

Bir sinif yoldaşım var idi, idmanla məşğul olurdu. Hər idmançıda rast gəlinməyən “ürəkli olmaq” məsələsində də ətrafımızda tayı-bərabəri yox idi. Fiziki gücü yetirdi ki, iki-üç nəfərlə birdən əlbəyaxa olsun. Ancaq öz gücündən kiməsə qarşı sui-istifadə etməzdi, dostcanlı, mədəniyyətli şəxsiyyəti var idi.

Di gəl, hərdən heç bir səbəb olmadan “gözünə yaxşı görünməyən” birini hədəfə alıb ondan əl çəkmirdi. Şil-küt edənədək həmin “hədəfə” qarşı qeyzi-qəzəbi davam edirdi. Sonra da “qurbanından” üzr istəyib normal halına dönürdü. Hətta əksər vaxt onlarla yaxın dost olurdu.

Nə orta məktəb illərində, nə sonrakı 4-5 ildə onun bu vəziyyətə düşməyinin səbəbini öyrənə bilmədik. Özü də məəttəl şəkildə, izah tapa bilmirdi. İstəməsə də onda “belə alınırdı”.

Müasir psixoloqlar bəlkə də orda qəşəng terminləri sıralayırlar, ancaq o deyil. Qəliz məsələdir.

Sonradan tam dəyişilsə də, xasiyyətindəki həmin mərəz itsə də, “niyə elə edirdin” sualına heç vaxt cavab verə bilmədi.

Şeydayev kimi potensiallı (şübhəm belə yox idi) futbolçunun yaxşı yerlərə gedib çata bilməməsinə görə məhz buna oxşar xasiyyəti mane oldu.

Əslində etdiyi nataraz hərəkətlərə oxşamır, amma edir. Bunun “koqnitiv dissonans” kimi terminlərlə əlaqəsi yoxdur.

Görünür, bu da bir sindromdur və təəssüf ki, Ramil kimi perspektivi olan idmançımızda peyda olmuşdu…

İndi isə nə desək də, karyerasının qürubundadır. Yaxşı şeylər olmalıykən… Olmadı.

Elçin Cəlilov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью