“Ramiz Mehdiyev işi” göründüyündən daha mürəkkəb və daha həssasdır, çünki...

11.06.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi,Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev, AXCP sədri Əli Kərimli, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimlə bağlı qətimkan tədbirlərinin müddətlərinin uzadılması barədə qərarlar verib.

Məhkəmə Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin 5 ay müddətinə uzadılması barədə qərar qəbul edib. Əli Kərimli ilə birgə həbs olunan AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də həbs müddəti 5 ay uzadılıb.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilən ev dustaqlığı qətimkan tədbirinin müddəti isə 5 ay uzadılıb.

Səbail rayon məhkəməsinin istintaq orqanı tərəfindən daxil olan təqdimatlarla bağlı məlum qərarları “Ramiz Mehdiyev işi”nin mürəkkbəliyindən, araşdırılması gərəkən materialların hədsiz çoxluğundan xəbər verir. Baş verənlər onu söyləməyə əsas verir ki, prosesdə aydınlaşdırılması gərəkən kifayət qədər çox detal var. Məhz buna görə də Ramiz Mehdiyevin ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 5 ay uzadılmasına qərar verilib.

Prosesin uzanmasına təsir göstərə biləcək digər bir məqam Ramiz Mehdiyev işində adı keçən şəxslərin çoxluğu ilə bağlı ola bilər. Ramiz Mehdiyevin uzun müddət hakimiyyətin ən ali pillələrindən birində təmsil olunduğu məlumdur. O da məlumdur ki, Ramiz Mehdiyev vəzifədə olduğu dönəmdə dövlət qurumlarına kadrların təyinində mühüm rol oynayıb. Bu isə o deməkdir ki, sabiq Administrasiya rəhbəri öz bəd əməllərinə kifayət qədər çox şəxsi cəlb edə bilərdi. Bu ehtimalın da araşdırılması istintaqdan xeyli vaxt tələb edir. Yəqin ki, həm istintaq, həm də məhkəmə ə bütün bu ehtimallara tam şəkildə aydınlıq gətirəcək, adı “Ramiz Mehdiyev işi”ndə keçən hər kəsin hüquqi məsuliyyətini müəyyən edəcək.

Xatırladaq ki, DTX-nın məlumatına görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı DTX tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan vətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu, Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib.

Onu da qeyd edək ki, DTX-nın “Ramiz Mehdiyev işi”ndə sərgilədiyi peşəkarlıq, göstərdiyi sayıqlıq peşəkar hüquqşünaslar, ictimai-siyasi xadimlər, ölkə ziyalıları tərəfindən yüksək qiymətləndirilib. Ekspertlər hesab edir ki, bu cür hallara qarşı DTX-nın sərgilədiyi çeviklik dövlət təhlükəsizliyimizin qorunması baxımından mühüm əhəmiyyətə malikdir.

Seymur ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью