Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 14 il müddətinə azadlıqdan məhrum edilməsi, əmlaklarının dövlət nəfinə müsadirə olunması və dövlət təltiflərindən məhrum edilməsi üçün təqdimat göndərilməsi qərarı diqqət çəkib. Uzun illər Azərbaycanın siyasi idarəetmə sistemində yüksək vəzifə tutmuş Mehdiyevin hansı dövlət təltiflərinə layiq görüldüyü, onun əmlaklarının siyahısında nələrin yer aldığı və daha əvvəl hansı yüksək vəzifəli şəxslərin oxşar cəzalar aldığı maraq doğurur.
Turkustan.az xəbər verir ki, Globalinfo.az Ramiz Mehdiyevin dövlət təltiflərini və əvvəlki yüksək vəzifəli şəxslərlə bağlı məhkəmə qərarlarını araşdırıb.
Ramiz Mehdiyevin hansı ordenləri var?
Ramiz Mehdiyev müxtəlif illərdə Azərbaycanın bir sıra yüksək dövlət təltiflərinə layiq görülüb. Onların arasında “İstiqlal”, “Şərəf”, “Şöhrət” və “Heydər Əliyev” ordenləri var.
Mehdiyev 2008-ci il aprelin 17-də “İstiqlal” ordeni, 2013-cü il aprelin 17-də “Şərəf” ordeni, 2018-ci il aprelin 16-da “Şöhrət” ordeni ilə təltif olunub. 2019-cu il oktyabrın 23-də isə ona Azərbaycanın ən yüksək dövlət təltiflərindən olan “Heydər Əliyev” ordeni təqdim edilib.
Bundan başqa, Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif təltiflərinə də layiq görülüb. 2021-ci ildə ona Nizami Gəncəvi adına Azərbaycan Respublikasının Qızıl medalı və AMEA-nın Fəxri fərmanı verilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi nəzərdə tutulub. Məsələnin yekun hüquqi həlli müvafiq prosedur çərçivəsində müəyyənləşdirilməlidir.
Bu məsələdə əmlakların növü, dəyəri, mülkiyyət hüququnun kimə məxsus olması və müsadirə qərarının konkret hansı aktivlərə şamil edilməsi ayrı-ayrılıqda nəzərdən keçirilməlidir.
R.Mehdiyevlə bağlı digər diqqətçəkən məqam isə onun özündən əvvəlki məmurlardan daha çox həbs cəzası alması və bunun şərti həbslə əvəzlənməsidir.
Azərbaycanda yüksək vəzifələr tutmuş şəxslərin cinayət işləri üzrə məhkum edilməsi və əmlaklarının müsadirə olunması ilə bağlı əvvəlki nümunələr də var. Onlardan biri sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovdur.
2024-cü il yanvarın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsi Səlim Müslümova 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Cəza beşillik sınaq müddəti ilə şərti tətbiq olunub. İş üzrə təxminən 8 milyon manat dəyərində əmlakın müsadirəsi də nəzərdə tutulub.
Digər nümunə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun işidir. O, 2017-ci ildə 13 il müddətinə azadlıqdan məhrum edilib. Həmin iş çərçivəsində digər şəxslərə də müxtəlif cəzalar təyin olunub.